Prokurorluq və polis orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq olunaraq açılmasını təmin etməklə təqsirkar şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmasıdır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 13 il əvvəl, yəni 2008-ci ildə Gəncə şəhər sakini, 1940-cı il təvəllüdlü Nəzərli Nadejda Dmitriyevnanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı istintaq olunan cinayət işinin üstünün açılması təmin edilib.
MilliYol.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.
Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, Gəncə şəhər sakinləri, 1986-cı il təvəllüdlü Salayev Seymur Mehman oğlu və dostu Qirin Şəhriyat Usaməddin oğlu Nadejda Nəzərlinin evinə daxil olub külli miqdarda pul və qızıl-zinət əşyalarını talamaqla bağlı razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, 13 may 2008-ci il tarixdə, saat təxminən 21 radələrində sonuncunun yaşadığı evin qarşısına gəlib mərhumu aldadaraq evinə daxil olub, qarşılıqlı söhbət edən zamanı planlaşdırdıqları özgənin əmlakını talama cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə Şəhriyat Qirin iki əli ilə Nadejda Nəzərlinin ağzından tutub özünə doğru çəkib, Seymur Salayev isə üzərində olan bıçaqla onun boğaz nahiyəsinə çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürüb.
Cinayət işi üzrə Seymur Salayev və Şəhriyat Qirin cari il avqustun 23-də Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.