Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak edib.
MilliYol.Az-ın xəbərinə görə, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir.
Dövlət başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ silsiləsindən sonra 2830 və 460 metr uzunluqlara malik daha 2 avtomobil tunelinin inşası da nəzərdə tutulur. Beləliklə, yol boyu ümumi uzunluğu 15 kilometrə yaxın olan 3 tunel tikiləcək. Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.
Dövlət başçısı tunelin təməlini qoyub.
Prezident Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin də təməlini qoyub. İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir.
Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq