SOCAR-ın yaydığı məlumata görə, görülən tədbirlər nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 95,7 faizə çatdırılıb.
Cari ilin ilk 6 ayında Azərbaycandan xaricə təbii qaz satışı təxminən 9,1 milyard kubmetr təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 faiz çoxdur. Ötən ilin sonuna Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2,5 trilyon kubmetr təşkil edib. Bildirilir ki, keçən il ölkəmizdə qaz hasilatı 25,8 milyard kubmetr, qaz istehlakı isə 11,9 milyard kubmetr olub.
“Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib ki, son 3 il ərzində ümumilikdə 260-dan çox kənd ilk dəfə qazlaşdırılıb. Bununla yanaşı, Bakı şəhərində və regionlarda son 3 il ərzində 90-dan çox yeni yaşayış massivinə “mavi yanacaq” verilib. Qazlaşdırma nəticəsində təbii qazla yeni təmin olunmuş əhali abonentlərinin sayı 207 min artaraq hazırda 2 milyon 300 mini ötüb. Yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərçivəsində 6 min kilometrdən çox müxtəlif diametrli qaz xətləri çəkilib.
Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötüb. Onun sözlərinə görə, Azərbaycanda qazlaşdırma səviyyəsi və qazlaşdırma surəti qonşu ölkələrdəki və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək olub.
Bu gün SOCAR ölkədə qazlaşma səviyyəsinin 95,7 faiz, “Azəriqaz”İB isə 96 faizi ötdüyünü deməsinə baxmayaraq, fakt odur ki, hələ də ölkənin bir sıra kəndləri “mavi yanacağa” həsrət qalıb. Belə ki, sovet rejimi dağıldıqda bir sıra bölgələrə qaz verilməsi dayandırıldı, infrastruktur məhv edildi. Müstəqillik əldə edildikdən sonra bu istiqamətdə yenidən bərpa işlərinə başlandı.
Lakin uzun illər keçməsinə baxmayaraq, hələ də bir sıra kəndlər meşələrdən yanacaq məqsədilə istifadə etmək məcburiyyətində qalır. Hətta kəndlərdə bəzi ailələr var ki, qış aylarında odun almaq üçün maddi imkanı olmur. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatına görə, bu gün Azərbaycanda 988 kənd qazlaşmayıb, bu il üçün isə yalnız 6 kəndin qazlaşması nəzərdə tutulub.
Əgər ölkədə ilin sonunadək yalnız 6 kənd qazlaşdırlacaqsa, bəs digər kəndlər yanacağa olan ehtiyacını nə ilə təmin edəcək?
Neft -qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya bildirib ki, ölkədə qazlaşdırma, regionların qaz təminatının aşağı səviyyədə olması ilə bağlı “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı” qəbul edilib. Həmin proqramın əsas müddəalarından birini də ölkədə yeni infrastruktur layihələrinin gerçəkləşdirilməsi təşkil edirdi. Bu, eyni zamanda regionların qaz, su, elektrik enerjisini hədəfləyən bir layihə idi:
“Təbii ki, ölkənin bütün regionlarının qaz təminatının yaxşılaşdırlması ilə bağlı layihələrin böyük əksəriyyəti dövlət investisiya proqramı çərçivəsində həyata keçirilmişdi. Yəni dövlət büdcəsindən vəsait ayrılmışdı, vəsait əsasında “Azəriqaz” İB ölkənin ayrı-ayrı regionlarının qaz təminatının yaxşılaşdırılması ilə bağlı qazlaşdırma prosesini həyata keçirmişdi. Lakin ölkə başçısı da “Azəriqaz”ın fəaliyyətində boşluqların olduğunu dilə gətirdi. Həm ölkədə qaz təminatının yaxşılaşdırılması, həm də bütün regionların qazlaşdırılmasının səviyyəsi ilə bağlı tənqidi fikirlər səsləndirdi.
Təbii ki, bunlar hamısı haqlı iradlar idi. 2003-cü ildən bu yana ölkənin qaz təminatınıın yaxşılaşdırılması, yeni infrastruktur layihələrinin icrası, bütövlükdə ölkənin qaz təsərrüfatının yenidən qurulması ilə bağlı kifayət qədər maliyyə imkanları da var idi və bundan səmərəli istifadə etmək lazımdır. Hesab edirəm ki, ilk növbədə ölkənin Şimal bölgəsi- burada kifayət qədər meşə zolağı mövcuddur, Qərb bölgəsi və Cənub bölgəsində qazlaşdırmanın tempini artırmaq lazımdır. Şimal bölgəsində qazlaşdırma nə qədər sürətlə gedərsə meşə zolağının qorunması da bir o qədər yüksək səviyyədə təmin olunar. İnsanlar nə etməlidir? Sərt qış aylarında yanacaq kimi odundan istifadə etməlidir, təbii qaza onların çıxış imkanları yoxdur”.
Ekspertin fikrincə, “Azəriqaz” gəlirlərin yüksək olduğu dövrdə bundan istifadə etməli idi:
“Qonşu ölkələrdə, məsələn, Gürcüstanda qazlaşdırmanın səviyyəsi yüksək templə davam edir. Halbuki bu ölkənin təbii qaz qaynaqları yoxdur və qaz təminatının 97 faizi Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilir. Tbilisi şəhəri istisna olmaqla regionların qazpaylayıcı şəbəkələrinin idarə edilməsi “SOCAR Georgia Gas”ın tabeliyindədir. Qonşu İranda qaz təminatı yüksək səviyyədə təşkil olunub. Rusiyada qazlaşmanın səviyyəsi 80 faizdir. Bütün bunlara baxmayaraq, Azərbaycanda qazlaşdırmanın yüksək sürətlə davam etdirilməsində həm maliyyə imikanları mövcuddur, həm də bunun reallaşdırılması ciddi problem deyil. Mən bu yaxınlarda Qusar rayonunun Rusiya ilə həmsərhəd olan Düz Tahirli kəndindəydim.
Bu kənddə kifayət qədər infrastruktur layihələri həyata keçirilib. Müasir tələblərə cavab verən orta məktəb binası var, asfalt yol çəkilib, ancaq qaz təminatı ilə bağlı heç bir iş görməyiblər. Kəndin ətrafı meşə zolağı ilə əhatə olunub. Eləcə də Qusar rayonunun Ukur, Böyük Muruk, Əcəxur, Sudur, Qican kəndləri də qazlaşdırılmayıb. Kənd əhalisi yanacaq kimi odundan istifadə edir. Niyə bu kəndlərə qaz çəkilmir? Mərkəzi Aran, Muğan bölgəsində sənayenin inkişafı üçün münbit zəmin var. Nə üçün bu bölgələrdə qaz təminatı ləng aparılır? Demək bütün problemlər SOCAR və eləcədə də “Azəriqaz”dadır. Mövcud qaz təminatı ilə bağlı statistik rəqəmlər SOCAR-ın hesabatlarından götürülüb. Azərbaycan dünya miqyasında neft-qaz ölkəsi kimi tanınır. Ölkənin qaz təminatında da elə ciddi problem yoxdur. Hazırda həm əhalinin, həm sənaye sektorunun birlikdə qaza olan illik tələbatı 11, 5 milyard kubmetrdir.
Bu həcmləri təmin etməkdə hökumətin ciddi problemi yoxdur. Mövcud problemlər görünür SOCAR-ın daxilindədir və “Azəriqaz”dadır. Uzun illərdir bu sistemdə problemlər aradan qaldırılmır. Orada müxtəlif rəhbərliklər fəaliyyət göstərib. Ancaq aazla bağlı bu sistemdə problemlər illərdir ki, davam edir. Ona görə də “Azəriqaz”İB bu boşluqları aradan qaldırmalıdır. Bu qurum müstəqil qurum olmalıdır, onu ARDNŞ-in tabeliyindən çıxartmaq lazımdır. Baxmayaraq ki, son vaxtlar “Azəriqaz”İB-də şəffaflığa doğru müəyyən addımlar atılır, ancaq azdır. Bundan da yüksək nəticələrə nail olmaq olar”.