"Fatma özünü uşaqlarının yürüyünü asdığı dəmir halqadan asıb".
Bunu Qaynarinfo-ya açıqlamasında Yuxarı Şilyan kəndnin icra nümayəndəsi Sabir Hacıyev Fatma Mikayılovanın intiharından danışarkən deyib. Sabir Hacıyev faciəli hadisənin detallarını açıqlayıb:
"Qadın evdə tək olub. 15 il əvvəl həyat yoldaşı dünyasını dəyişib. İki oğlu, bir qızı var. Ondan sonra Fatma uşaqlarnı da götürüb Bakıya köçdü. İki gün əvvəl rayona gəlib - qaynı toy edirdi, ora dəvət olunmuşdu. Amma kəndə gəldiyini yaxın qohumlarının heç birinə deməyib. Dünən Bakıdan qızı zəng edib, telefonu götürməyib. Qızı narahat olub, əmisi arvadına zəng edib ki, "anam telefonu götürmür, narahatam". Əmisi arvadı gəlib görüb ki, Fatma özünü eyvandan asıb. Uşaqların yürüyünü asmaq üçün dəmir halqa varmış, baş dəsmalını keçirdib həmin halqaya, özünü asıb. Ayağının altına balaca stol qoyub, görüb ki, əli çatmır stolun üstünə balaca bir qazan da qoyub. Bir də məktub yazıb. Məktubda "əziz və hörmətli polis işçiləri, mənim ölümümlə bağlı yaxınlarımı narahat etməyin. Öz əməlimdir. Səhhətimdəki problemlə bağlı bu işi törətdim, mənim də böyük arzularım vardı, təəssüf ki, belə oldu", - deyə yazıb. Məktubun da üstünə daş qoyub ki, külək aparmasın".
Sabir Hacıyev Fatma Mikayılovanın səhhətində hər hansı bir problemin olmadığını da vurğulayıb: "Onun heç vaxt xəstəliyi olmayıb".
Qeyd edək ki, ötən gün Ucarda intihar hadisəsi qeydə alınıb. Bakı şəhərində oğlanları ilə birgə yaşayan Ucar rayonunun Yuxarı Şilyan kənd sakini, 1960-cı il təvəllüdlü Fatma Qasım qızı Mikayılova Ucarda ona məxsus evdə özünü asıb.