Türkiyədə eyni vaxtda fərqli bölgələrdə baş verən yanğınlar təxribat ehtimalını ortaya qoyub.
6 gün ərzində 35 rayonu əhatə edən meşə yanğınları hazırda 7 məntəqədə davam edir.
Bu günə kimi 8 nəfərin həyatına son qoyan yanğınlar Manavqat, Kayseri, Osmaniyə, Mersin, Kilis, Marmaris, Bodrum, Didim, Milas və Antalyada bir-birinin ardınca qeydə alınıb. Türkiyənin iqtisadiyyatına böyük ziyan vuran yanğınların terrorçular tərəfindən törədildiyi üzə çıxıb. Ölkədə terror təşkilat kimi tanınan “Atəşin uşaqları” qruplaşması Türkiyə meşələrində baş verən yanğınlara görə məsuliyyəti öz üzərinə götürüb.
“Yeni şəfəq” qəzetinin yazdığına əsasən, müvafiq bəyanat PKK terror təşkilatının sosial media hesablarında yer alıb. Bəyanatda bildirilib ki, təşkilat üzvlərini bu addımları atmağa ölkə hökumətinin “başqa dildən anlamaması” vadar edib.
Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi yanğınların səbəbi və təxribat ehtimalının olub-olmaması ilə əlaqədar geniş araşdırmalara başlayıb. 2019-cu ildə baş verən bir çox yanğına görə məsuliyyəti üzərinə götürən PKK-nın bu qruplaşması "Atəşin uşaqları" adı ilə tanınır. Məlumata görə, bu qruplaşma Türkiyənin müxtəlif bölgələrində fərqli vaxtlarda meşələri yandırıb və təxribatlar törədib.
1990-cı ildən etibarən meşə yanğınlarını törətməyə başlayan PKK terror təşkilatı bu illər ərzində bir çox yanğın hadisələrini həyata keçirməyə müvəffəq olub. Türkiyədə meşələrin yandırılması barədə təlimatı terror təşkilatının lideri Murat Karayılan 2020-ci ildə verib.
Ötən il Hatayda baş verən və böyük ziyan vuran yanğınları da PKK-nın "Atəş uşaqları" adlı qruplaşması törətmişdi.//Baku.ws