İyulun 31-də Milli Məclisinin sədri Sahibə Qafarova Milli Məclisin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Milli Məclisin İctimaiyyətlə əlaqələr şöbəsindən MilliYol.Az-a verilən məlumata görə, növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.
Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.