22 iyul - Milli Mətbuat günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib.
MilliYol.Az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid jurnalistlərin ailələrini ziyarət edərək, mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və onlara təyin olunmuş sosial ödənişlərin kartlarını təqdim edib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə hər iki şəhid jurnalistimiz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib. Bu gün isə dövlət başçısının tapşırığına əsasən, şəhidlərimizin yaşadıqları əraziyə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış komplekslərindən mənzillərin sənədləri təqdim edilir. Eyni zamanda, M.İbrahimov və S.Abışova şəhid statusu verilib və onların ailə üzvlərinə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlər təyin olunub.
Görüşdə vurğulanıb ki, bütün bunlar cənab Prezidentin şəhid ailələrinə xüsusi qayğısının, eyni zamanda vəzifə borcunu ləyaqətlə yerinə yetirən mətbuat nümayəndələrinin əməyini, onların fədakarlığını daim yüksək qiymətləndirməsinin növbəti əyani təzahürüdür.
Şəhid jurnalistlərin ailə üzvləri göstərilən yüksək qayğıya, yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən M.İbrahimov və S.Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni təxribatı nəticəsində tank əleyhinə minaya düşərək şəhid olublar.