Astarada 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova APA-ya bildirib ki, kəndin icra nümayəndəsi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri və Rayon Polis Şöbəsinin əməkdaşları nişan mərasiminin keçirilməsinin planlaşdırıldığı rayonun Rudəkənar kəndində Azad Məmmədova məxsus evə gediblər.
Nəticədə mərasimin qarşısı alınıb. S. Məmmədova və onun valideyni ilə profilaktik söhbət aparılıb, təlimatlar verilib.
Faktla bağlı sənədlər hazırlanaraq Astara Rayon Prokurorluğuna göndərilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu də bildirib ki, faktla bağlı lazımi tədbirlər görülüb, nişan mərasiminin qarşısı alınıb.
T. Mərdanoğlu qeyd edib ki, Dövlət Komitəsi tərəfindən erkən nikah faktlarının qarşının alınması üçün daima tədbirlər həyata keçirilir.
10.00
Astara rayonunda 16 yaşlı qızı 30 yaşlı oğlanla nişanlayırlar.
MilliYol.Az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində yazıb.
O bildirib ki, nişan bu gün saat 14:00-da Astara rayonunun Rüdəkənar kəndində baş tutacaq: “Məndə olan məlumata görə, saat 2-də nişandır. 16 yaşı hələ tamam olmayan (olsa nə olacaq ki...) Astara rayonunun Rüdəkənar kəndinin sakini, 30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayyənin 30 yaşlı Lənkəran sakini İsmayıl adlı şəxslə nişanı olacaq. Deyilənə görə, sabah qız toyudur. Kəndin icra nümayəndəsi isə deyəsən məclisə çağırılmayıb, heç nədən xəbəri yoxdur. Qurban bayramında 16 yaşlı azyaşlını qurban deməzlər. İndi məsələ ictimailəşdikdən sonra açıqlama verəcəklər ki, “vallah ad edirik, toyunu yaşı tamam olanda edəcəyik”.