ANS bağlanandan bir çox söz və təhlillər əşitdim. Amma ən yadımda qalan iki fikir oldu... Biri “Azərbaycan mediyası yetim qaldı” və xətri əziz olan bir insanın dediyi “ANS-lə xalqın hakimiyyəti də tənəzzülə uğradı” ifadəsi oldu.
Artıq aylar ayları, fəsili fəsili əvəz edib. Məhsul fəsilində bağlanan ANS, Payız xəzanını da yaşadı. İllərlə səsi bir ekrandan, bir dalğadan gələn ANS-çilər, indi müxtəlif media orqanlarında çalışır. Heç kimi qınamaq da olmur. Çünki hamının məişət qayğıları və problemləri var.Elə ANS rəhbərliyi də onları qınamadı... Amma diqqətimi çəkən keçmiş ANS-çilərin üzləri və səsləri oldu. Solğun sima, titrək səs. Peşələrini sevən bu insanlar, indi məcburiyyət qarşısında digər kanallarda, radio və xəbər portallarında çalışır. Amma əminəm ki, onların ürəyi hələ də ANS-in koridorunda, sevdikləri iş otaqlarında, onun həyətində qalıb.
ANS-çilərin böyük əksəriyyətinin sosial şəbəkərlərdəki profillərinə diqqət yetirəndə heyərtlənməmək mümkün deyil...Böyük əksəriyyəti peşəsini , iş yerini dəyişsə də, şəxsi hesablarındakı iş yeri bölümündə hələ də ANS yazılıb. Əlbəttə bu ümidlərin hələ bitməməsi və sədaqətin əlamətidir.
ANS, indi dağılan tifağı xatırladır. Qapısı bağlı, həyəti boş, sakinləri pərəmpərəm.
Müstəqilliyimizlə həmyaşıd olan ANS, indi 25 yaşını qeyd edir. Bu illər ərzində çox şey dəyişdi. İnkifaş etdi, təkminləşdi. Amma indi !?
25 ildə bir neçə nəsil dəyişən ANS-də, dəyişməyən iki şey var. Öz konsepsiyası və 3 insan. ANS-lə birləşən, Vahid Mustafayev, Mirşahin Ağayev və Seyfulla Mustafayev... ANS bağlansa da, yenə bir yerdədir. Fikrimcə bu kanalı fərqli, doğma və əziz edən məhz bu inam, dostluq və səmimiyyətdir.
Döyüşü alnına yazan, silahı kamerası olan və indiyə kimi Ermənistanla informasiya müharibəsi aparan ANS, özü məğlub oldu. Amma niyə, kimə bu hələ də müzakirə olunur. Bildiyim tək gerçək var. ANS heç vaxt millətinə, xalqına, dövlətinə xəyanət etməyib. O, kimlərinsə hiyləsinin qurbanı oldu.Hiyləgərlər isə bağışlanmır. Bir tək Allahdan savayı... Allah isə rəhimli və bağışlayandır.
Ruslan Eldaroğlu
Digər xəbərlər
loading...