Bakı Turizm İnformasiya Mərkəzi “Mir Group Holding” MMC ilə satınalma müqaviləsi imzalayıb.
MilliYol.Az xəbər verir ki, maliyyə dəyəri 128.865 manat olan satınalma müqaviləsində “Baku City Tour" ikimərtəbəli avtobus turu üçün yeni xəttin yaradılması - mətnin yazılması, köhnə xətlər üzrəmətnin yenilənməsi və yeni xətlər üzrə mətnlərin əlavə olunması, 12 dilə tərcümə olunması və səsləndirilməsi nəzərdə tutulur.
“Mir Group Holding” MMC 13 yanvar 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, ev 16, mənzil 30-da yerləşir. Şirkətin qanuni təmsilçisi İsmayılov İlmir İmamverdi oğludur.
Açıq mənbələrdə şirkət barədə hər hansı məlumat yoxdur. İlmir İsmayılova gəlincə, o, deputat İmamverdi İsmayılovun oğludur. İlmir İsmayılov həm də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında Respublika Turizm və Ekskursiyalar üzrə Şurasının sədridir.
Bir neçə il əvvəl İlmir İsmayılov Bakıdakı uşaq tədris mərkəzlərinin birində yaratdığı qalmaqalla gündəmə gəlmişdi. Həmin vaxt yayılan və təkzib olunmayan məlumatlarda qeyd edilirdi ki, mərkəzə gələn İlmir İsmayılov oranın direktoru olan həyat yoldaşını hamının gözü qarşısında döyüb. Başından ağır zərbələ alan qadın dərhal Təcili Tibbi Yardımın vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Bu azmış kimi Mərkəzin işçilərini də hədələyib.
MilliYol.Az