Hər dəfə Hacı Zeynalabdin Tağıyevin bu fotosunu görəndə sadəcə bir məlumat bütün mənbələrdə yazılır” Hacı Zeynalabdin Tağıyev işlər müdiri Uiliymas ilə birgə”
Kimdir axı bu Uliyams? Necə oldu ki, Rusiya imperiyasının ən varlı adamlarından biri olan, haqqında Fransa, Almaniya, İngiltərə və digər ölkələrdə hörmətlə çəkilən, Şərqdə mesenat addımları ilə sevilən azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyevin yanında ikinci adama, işlər müdiri vəzifəsinə gəldi çıxdı? XIX əsrin 80-ci illərində H.Z.Tağıyev firması ildə 163800 ton neft çıxarırdı, 1893-cü ildə hasilat 327600 tona, 1896-cı ildə isə 524160 tona çatmışdı. Neft sektorunda rəqabət olduqca güclü idi. Bu rəqabətə baxmayaraq neft sənayesində liderlərdən olan Hacı Zeynalabdin Tağıyevin bütün biznesi niyə ingilis Uliyams tərəfindən idarə edilirdi?
Bibiheybətdə və Balaxanıda 32 hektar 76 sot neftli torpaq, iki neft daşıyan gəmi Saritsın, Nijni Novqorod və Moskva şəhərlərində anbarlar, ağ neft və sürtkü yağları istehsal edən zavodlar Hacı Zeynalabdin Tağıyevin məxsus idi. Bunların idarisini əlinə alan Uliyams haqqında demək olar ki, heç bir məlumat yoxdur. Bütün mənbələrdə haqqında informasiya olmayan Uliyams ilk dəfə Şimali Qafqazda İngilis ordusunun kapitanı (bəzi mənbələrdə mayor) kimi peyda olur. Bura Xəlil əfəndi adlı tərcüməçi ilə gələn Uliyams Şimali Qafqazda neft axtarışlarında iştirak edir. Burada danışıqlar aparan Uliyams Şimali Qafqazın mədən, zavod, dəmir yolları, poçt-teleqran xəttlərini 50 illik müddətə İngiltərəyə satılmasını təklif edir. Bu müqavilə alınsa idi Uliyamsın illik gəliri 10000 funt sterlinq olmalı idi. Lakin burada Rusiya imperiyasının yüksək çinli məmurları ona imtina edirlər. O, geri qayıtmayaraq dünyanın neft mərkəzi sayılan Bakıya gəlir. İngiltərənin Bakıdakı konsulu Mak Donnelin vasitəsilə Hacı Zeynalabdin Tağıyevlə tanış olur və qısa zamanda onun etibarını qazanır. Uliyams Tağıyev imperiyasının əsas simalarından biri olur. Və bu vəzifədə olaraq Bakı nefti və burda olanlarla barədə İngiltərə hökumətini tez tez məlumatlandırır. Onun birbaşa əlaqədə olduğu ingilis bankiri E.Qubbardla Tağıyev arasında vasitəçi olan Uliyams üzərinə düşən işin öhdəsindən gəlir. Hacı Tağıyevi aldadaraq, saxta sənədlər düzəldərək Hacı Zeynalabdin Tağıyev mədənləri, neft kəmərləri, neft daşıyan donanması, dəmir yolu çənləri, Rusiyanın müxtəlif şəhərlərində ağ neft, mazut anbarları olan firmasını 5 milyon rubla ingilis bankiri E.Qubbardın başçılıq etdiyi qrupa satmışdır. Onun müəssisələri əsasında 1897-ci ildə ingilislər tərəfindən "Rusiyada neft və duru yanacaq çıxaran cəmiyyət” ("Oleum”) yaradıldı. Amma o, "Oleum”un direktorlarından biri kimi qalmışdı. İngilis kapitalistləri Tağıyevin 20 milyon manat dəyəri olan mədənləri, ağ neft, yağ və kükürd turşusu zavodlarını, neft kəmərini, neftdaşıyan donanmanı, dəmir yolu çənləri parkını, Rusiyanın bir çox şəhərlərindəki ağ neft-mazut anbarlarını 5 milyon yarıma almağa müyəssər oldular. İngilis kapitalistləri H.Z.Tağıyevin satın alınmış müəssisələrindən çoxlu gəlir götürdülər. Tağıyevin başa çatdırmadığı quyular tezliklə güclü fantan vurdu. Təkcə 4 ay ərzində (1897-ci ilin noyabrından 1898-ci ilin martınadək) "Oleum” 40 milyon pud neft çıxartdı ki, bu da cəmiyyətə 300 min funt sterlinqdən çox və ya 30 milyon manat xalis gəlir gətirdi. Sövdələşmənin bağlanmasından sonrakı 2 il 4 ay ərzində isə ingilislər 7,25 milyon manat xalis gəlir götürdülər. "H.Z.Tağıyev” firmasının satın alınması İngilis kapitalının Azərbaycan neft sənayesinə coşğun müdaxiləsi üçün mühüm təkan oldu. İngilis kapitalı fəaliyyət sərbəstliyi aldı və XX əsrin əvvəllərində, tədqiqatçıların ifadəli təbirincə desək, "Neft Bakısında kök saldı. Müəyyən dövr ərzində ingilis kapitalistləri çar qanunvericiliyinin hətta son dərəcə yumşaq məhdudiyyətlərindən yan keçərək, Bakı neft mədənlərini almaq üçün H.Z.Tağıyevin adından pərdə kimi istifadə edirdilər.
Uliyamsın Hacı Tağıyev və Musa Nağıyev barəsində Bakıda şayələr yayaraq onları ingilis agenti kimi qələmə verdirir. Hətta Bakıda neftxudaların iclasında bunu onun üzünə deyəndə Tağıyev qəzəblə "Mən şərəfimi və Vətənimi heç nəyə və heç kimə satmaram” cavabını verir.
Daha sonra Uliyams barədə heç bir məlumata rast gəlinmir. Tağıyev və onun yeni biznesində onun adı çəkilmir. Hacının işlər müdiri isə Konstantin Aleksandroviç İretski olur. O, Bakı şəhər dumasının üzvü və müxtəlif illərdə onun sədri, daha sonra isə H.Z.Tağıyevin işlər müdiri olmuşdur. Beləliklə İngilis kəşfiyyatının zabiti Uliyams sayəsində ingilislər Bakıda neft sektoruna qoşulurlar.
Zaur Aliyev