Avropa Şurası Parlament Assambleyasında Ermənistanı təmsil edən Naira Zohrabyan deyir ki, orada Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidovla 40 dəqiqə söhbət edib.
"Azərbaycanda saxlanılan erməni əsirlərin geri qaytarılmasının vacibliyini bildirdim. Səməd Seyidov dedi ki, Azərbaycan erməni əsirləri qaytarıb. Yerdə qalanlar terrorçudur. Ancaq xoş mərama sahib olan Azərbaycan bütün əsirləri rəsmi İrəvana təhvil verə bilər. Bunun üçün Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.
Zohrabyan həmçinin bildirib ki, Ağdamın minalanmış əraziləri ilə bağlı Ermənistanın təqdim etdiyi xəritənin 50 faizi saxtadır.
Naira Zohrabyan qeyd edir ki, Ermənistanın əlində azərbaycanlı əsir yoxdur. Xanım deputat Avropa Şurası Parlament Assambleyasındakı deputat həmkarlarına müraciət edərək Avropanı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Bu məqamda yada salaq ki, Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib.
A.Eyvazov deyib: "İlk növbədə qeyd edim ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır. Eyni zamanda bu iş praktiki olaraq ərazidə də həyata keçirilir. Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir.
Və bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir.
Bir daha təkrar edim ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək”.
Mənbə: Musavat.com