Rusiyanın TVC (ТВ Центр) federal televiziya kanalında Azərbaycana qarşı təxribat törədilib.
APA-nın xəbərinə görə, telekanalın efirində yayımlanan xəbərlər proqramında Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsindən "Zaqafqazskiy uzel" adlı reportaj efirə verilib.
Jurnalist Vera Kuzminanın müəllifi olduğu reportajda Dağlıq Qarabağ ayrıca ölkə kimi təqdim olunub. Azərbaycana qarşı təxribatçı fikirlərin yer aldığı reportajda Xankəndidəki erməni sakinlərlə müsahibələr də yer alıb.
V. Kuzmina reportajda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb, Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirakını təxribat adlandırıb.
Daha sonra jurnalist Dağlıq Qarabağda ermənilərin çoxunun Ermənistan deyil, Rusiya pasportu almalarını arzuladığını bildirib. Reportajda yer alan Xankəndinin erməni sakinləri müsahibələrində təhlükəsizlik üçün Rusiya vətəndaşı olmalarının və Qarabağın Rusiyanın tərkibində yer almasını istədiklərini vurğulayıblar. Beləliklə, Rusiyada erməni lobbisinin sifarişi ilə hazırlanan bu təxribatçı süjetdə üç məqam diqqəti çəkir: Jurnalist tərəfindən Dağlıq Qarabağın ayrı “dövlət” kimi təqdim olunması, erməni sakinlərin Rusiya vətəndaşlığı almaq istədiklərini qabartması və Azərbaycanın 44 günlük Vətən müharibəsini təxribat kimi qiymətləndirməsi.
Qeyd edək ki, TVC Moskva hökumətinin (meriya) kanalıdır.