Yaxın Şərqdə geosiyasi vəziyyətin kökündən dəyişdiyi bir vaxtda dünya ictimaiyyətinin əsas diqqəti ABŞ – Səudiyyə Ərəbistanı münasibətlərinə cəmlənib.
Barack Obamanın Ağ Evdəki son ayları bu ölkənin 70 illik müttəfiqi Ər–Riyadla münasibətlərin soyuması ilə yadda qalıb. Obama administrasiyasının keçən il Vyanada İranla nüvə məsələsinə dair razılıq əldə etməsi rəsmi Riyad başda olmaqla, bir çox körfəz monarxiyalarını da narahat etmişdi.
Rəsmi Vaşinqtonu bununla bağlı dəfələrlə xəbərdar edən Səudiyyə Ərəbistanı isə heç bir nəticə əldə edə bilməmişdi.
Bunun əvəzində isə Kral Salman müsəlman ölkələrindən ibarət bir koalisiya yaratmaq məqsədilə Yaxın Şərq ölkələrinə səfər edib. Bu yaxınlarda Kralın Misir və Türkiyə səfərləri də bu cəhdlərin bariz nümunəsidir.
Lakin Səudiyyə və ABŞ münasibətlərini daha da korlayan yeni bir məqam üzə çıxıb. ABŞ Konqresi 2001–ci ilin 11 sentyabrında baş verən terror aktına dair yeni gizli sənədlərin ictimaiyyətə açıqlanması ilə bağlı qanun layihəsi tərtib etmiş və Prezident Obama bu qanun layihəsinə dəstək verib.
Gözlənildiyi kimi bu gizli arxiv sənədlərinin üzə çıxması ilə terror qurbanlarının ailələri və həmçinin digər hüquqi şəxslər Səudiyyə Ərəbistanına qarşı məhkəmə iddiası qaldıra biləcəklər.
Rəsmi Riyad isə bu qanun layihəsinin Konqresdə təsdiq olunduğu təqdirdə ABŞ banklarında dövriyyədə olan 750 milyard ABŞ dolları dəyərindəki səhmlərini geri çəkməklə hədələyir.
1930-cu illərdən bəri Səudiyyə Ərəbistanı ABŞ-ın əsas neft ixracatçısı rolunu oynamış, ABŞ isə əvəzində Səudiyyə Ərəbstanının əsas silah-sursat ixracatçısı olmuşdur.
Lakin daha sonradan enerji resurslarının diversifikasiya strategiyasını tətbiq edən ABŞ, özünün Riyaddan enerji asılılığını minimuma endirə bilmişdir. Buna baxmayaraq, hələ də hər iki ölkə sıx iqtisadi və hərbi əməkdaşlığı davam etdirir.
Məlumdur ki, 11 sentyabr hadisələri zamanı sərnişin təyyarələrini qaçıran 19 terrorçudan 15-i Səudiyyə Ərəbistan vətəndaşı olublar.
Daha sonradan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi terror aktı ilə bağlı yeni məqamlar aşkar etdiyini bildirsə belə, Səudiyyə Ərəbistanının təzyiqi ilə bu məsələ gündəmdən çıxarılmışdı. Səbəb rəsmi Vaşinqtonun iqtisadi maraqlarıdır.
Regionun əsas aparıcı ölkəsinə çevrilmək niyyəti Səudiyyə Ərəbistanını ABŞ silah sənayesindən asılı hala salıb. Rəsmi Vaşinqton isə öz növbəsində Ər-Riyadla olan hərbi müqavilələrin qüvvədə qalmasında maraqlıdır çünki bu müqavilələr illik olaraq ABŞ-a böyük gəlir gətirir.
ABŞ-ın yerli mətbuatında bu xəbərlərin dolaşdığı bir vaxtda daha bir maraqlı məqam dünya gündəminin nəzərindən qaçmadı. Səudiyyə Ərəbistana rəsmi səfərə gələn ABŞ dövlət başçısı Barack Obamanın hava limanında olduqca soyuq tərzdə qarşılanması iki ölkə arasındakı uçurumun daha da dərinləşdiyinin bir sübutudur.
Kral Salmanın eyni gün və eyni saatda hava limanında olmasına baxmayaraq prezident Obamanı sadəcə Ər–Riyadın qubernatoru şahzadə Feysəl qarşıladı. Hər iki dövlət başçısı Kral sarayında qapalı qapılar arxasnda görüş keçirsələr də bir çoxlarının fikrincə bu “dostluq” səfəri ikitərəfli münasibətlərin müsbət yöndə inkişafına heç bir təsir göstərmədi.
Böyük ehtimal prezident Obama ABŞ-a qayıtdıqdan dərhal sonra Konqresdə qanun layihəsi ilə bağlı gedən müzakirələri müvəqqəti də olsa dayandırmağa cəhd edəcək.
Regionun belə həssas dövründə ABŞ özünün əsas müttəfiqi olan Səudiyyə Ərəbistanla münasibətlərin korlanmasında qətiyyən maraqlı deyil. Səbəb Ər–Riyadın 750 milyard ABŞ dolları dəyərindəki səhmlərini geri çəkmək haqqında hədə qorxusunda deyil.
Maliyyə ekspertlərinin fikrincə, məbləğ kifayət qədər yüksək olsa belə ümumi maliyyə aktivlərinin cəmi 1 faizini təşkil edir. Yəni məbləğin geri götürülməsi halında belə bunun ABŞ üçün heç bir faciəvi nəticəsi olmayacaq. Məbləğin geri çəkilməsi sadəcə qiymətli kağızlar bazarında öz təsirini göstərə bilər.
Həmçinin Ər–Riyadın ABŞ-a qarşı belə qəfil aqressiv hərəkət edəcəyi ciddi sual altındadır. Unutmamaq lazımdır ki, Səudiyyə Ərəbistan hələ də həm müdafiə sənayesi sahəsində həm də milli təhlükəsizliyi məsələsində ABŞ-dan çox ciddi asılı vəziyyətdədir.
Buna görə də Səudiyyə Ərəbistanın ABŞ-a qarşı apardığı bu avantüradan çox böyük qazanc əldə edəcəyini demək qeyri – mümkündür.
Hər halda iki ölkənin əməkdaşlığının gələcək perspektivi Ağ Evin yeni sahibindən asılı olacaq. Yeni dövlət başçısının kim olmasından asılı olmayaraq onun yeni rəsmi səfəri zamanı hava limanında Kral tərəfindən şəxsən qarşılanacağı şübhəsizdir.(BBC)
Digər xəbərlər
loading...