Fərqanə vadisi – Çin və İran arasındakı dağ suyu və insan qanı ilə sulanmış bərəkətli torpaq.
Bura hələ eramızdan əvvəl Makedoniyalı İsgəndərin ordusunun hücumuna məruz qalıb. Sonra ərəblər, monqollar və rus çarları zaman-zaman bu bərəkətli torpaq uğrunda qılınclarını sıyırdılar. 1990-cı və 2000-ci illərdə Oş qətliamı, 2005-ci ildə Əndincanda qanlı döyüşlər: Tarixdən başlayaraq, günümüzə qədər Fərqanə vadisi qar suları ilə yanaşı, qanla da suvarılır.
Vadi qarlı dağlar, Tyan-Şan buzlaqları və dağ silsilələri ilə əhatə olunur. Bu buzlaqlar və qarlar ən çox Sırdərya çayınının su mənbəyidir. Bu çay Özbəkistanın altı, Qırğızıstanın üç, Qazaxıstanın iki, Tacikistanın isə bir əkin sahəsini suvarır. Lakin vəziyyət əvvəlki kimi deyil.
Publika.az xəbər verir ki, Almaniyanın Geoloji Tədqiqatlar Mərkəzinin araşdırmalarına görə, 1961-2012-ci illər arasında Tyan-Şan buzlaqlarının 27 faizi öz kütləsini itirdi, həmçinin, ümumdünya göstəricilərinə görə, dörd dəfə sürətlə əriyir.
Tədqiqata rəhbərlik edən isveçrəli professor Daniel Farrinotti deyir ki, Fərqanə vadisində suyun itkisi ildə 5,4 kubkilometrdir.
“Bu o deməkdir ki, bir il ərzində Tyan-Şan buzlaqlarının itirdiyi suyun miqdarı İsveçrə sənayesinin altı il ərzində sərf etdiyi su qədərdir”, - deyə tədqiqatçı bildirir.
Buzlaqların əriməsində qorxunc paradoks ondan ibarətdir ki, bu, vadi sakinlərinin nəzərindən yayınır. Çünki buz kütlələrinin itməsi çayların daşmasına, hətta sellərə səbəb olub. Bu isə belə illüziyalar yaradır ki, su boldur və tükənməzdir. Halbuki, bu, tədricən tükənərək yox olmağa doğru irəliləyir. Tədqiqatçılar proqnozlaşdırır ki, 2050-ci ildə Tyan-Şan buzlaqlarının yarısı əriyib yox ola bilər.
Artıq qar olmayan illərdə Fərqanə vadisinin əkin sahələrinin bir çoxunda su çatışmazlığı yaranır. Suvarma işlərinə rəhbərlik edən mirob (vəzifə adı-red) deyir ki, hətta yerli fermerlər su üstündə bir-birini öldürməyə belə hazırdırlar.
Onun sözlərinə görə, problem ildən-ilə xronikləşir: “Fermelər su üstündə dalaşır, bir-birini yaralayır, hətta şikəst belə edirlər”.
Kəndli Rəsul Azamatov isə deyir: “Bu il də su az oldu və biz Allaha dua etməkdən başqa heç nə edə bilmirik”.
Su anbarları köhnəlib, daşlar və pambıq tullantıları ilə tıxanıb.
Fəlakətin başlanğıcı
Aral dənizinin “ölümü” haqda xəbərlər adi hala çevrilib. Karakalpakda, Xarəzmdə, yaxud Daşoquzedə quraqlıq haqda xəbərlər gündəlik həyatın bir hissəsinə çevrilib. Lakin özbəklər üçün Fərqanə vadisində suyun çatışmazlığı sıradan bir hadisə deyil, bu, fəlakətin başlanğıcıdır. Çünki vadi həmişə bərəkətli və bol sulu olub. Bura Mərkəzi Asiya çöllərində açmış çiçək kimidir.
Sırdəryada su azlığı paytaxt Daşkənd üçün də problemlərə yol açır. Paytaxtın suyu Sırdəryanın qolu olan Çirçik çayından asılıdır. XIX əsrdə rus səyyahları Çirçikdə suyun uzaqdan eşidilən uğultusu haqda yazırdılar. Lakin indi hər şey əvvəlki kimi deyil və çayın quruyan yatağında yalnız bir neçə zəif axıntılar qalıb.
Amudərya çayı üçün də vəziyyət yaxşı deyil. Pamir buzlaqları da eynilə Tyan-Şan buzlaqları kimi əriyir. “Oxfam” beynəlxalq xeyriyyə cəmiyyəti hələ 2010-cu ildə xəbərdarlıq etdi ki, Tacikistanda daşqın və sellərin mənbəyi kimi göstərilən Pamir buzlaqlarının 20 faizi əriyib. 2050-ci ilə qədər qalan buzlaqların 30 faizi də əriyəcək.
“Su müharibəsi”
Tyan-Şan və Pamir buzlaqlarının əriməsi SSRİ-dən qalma və ittifaqın dağılmasından sonra ortaya çıxan bir çox problemləri daha da alovlandırır. Mərkəzi Asiya respublikaları – Özbəkistan, Qazaxıstan və Türkmənistan neft və qazla zəngindir, lakin çayların və regiondakı kanallarının aşağı axınında yerləşən bu ölkələr üçün su böyük dərddir. Sırdrəya və Amudəryanın yuxarı hissəsində yerləşən Qırğızıstan və Tacikistan isə karbohidrogen ehtiyatlara malik deyil.
Beynəlxalq Böhran Qrupu Mərkəzi Asiyada münaqişələrin mənbəyi kimi suyu göstərir.
“Problemin kökü SSRİ-nin dağılmasından sonra resursların düzgün bölünməməsidir”, - deyə qrupun 2014-cü ildə hazırladığı hesabatında deyilir.
Çayların yuxarı hissəsində yaşayan qırğızlar və taciklər yayda suyu anbarlara yığır və qışda bundan elektrik istehsalında istifadə edirlər. Bu, aşağı hissədə yerləşən Qazaxıstan, Özbəkistan və Türkmənistan üçün problem yaradır. Qışda isə, yəni suvarmaya ehtiyac olmadığı vaxtda su faydasız yerə axaraq, daşqınlara səbəb olur. Beləliklə, adıçəkilən üç ölkənin əkin sahələri zərər görür. “Su müharibəsi” adını alan bölgədəki münaqişənin əsasını məhz bu təşkil edir.
“Biz meksikalılarıq”
Mərkəzi Asiyanın uçurumun ağzına qədər gəlməsinin səbəblərindən biri isə sənayenin məhvidir. Çünki istehsal əvəzinə, Çindən ucuz sənaye malları idxalıdır. Bu ucuz idxal region ölkələrindəki zavodları, fabrikləri, emalatxanaları tarixin arxivinə göndərib. Və burada qazanan Çindir, gömrük rüsumlarının aşağı olması və qaçaqmalçılıq üçün münbit şərait də Pekinə sərf edir.
Müşahidələr də olduqca maraqlıdır: Misal üçün, Çindən Qazaxıstanın Almatı şəhərinə doğru gələn yük maşınları dolu olur, gedənlər isə boşboşdur.
Qazaxıstan gömrük xidmətinin kapitanı Talipjan Suleymenov deyir ki, bura Meksika ilə ABŞ sərhədini xatırladır.
“Biz meksikalılarıq” – deyə o, bənzərlikləri belə izah edir.
Belə vəziyyət iqtisadi problemlərin artmasına, əhalinin sosial təminatının zəifləməsinə gətirib çıxarır. Və bütün bunlara su problemi də əlavə olunarsa, vəziyyət acınacaqlıdır.
Qlobal istiləşmə: miflər dağılır
Qlobal istiləşmə elmi və siyasi dairələrdən tutmuş, məişət səviyyəsinə qədər müzakirə mövzusudur. Bir çoxları bunu beynəlxalq təşkilatların uydurması hesab edir. Lakin qlobal istiləşmənin gündəlik həyata təsiri faktdır. Artıq buna görə müharibələr baş verir, kütləvi miqrasiya yaşanır, onlarla ölkədə həyat səviyyəsi pisləşir.
NASA iddia edir ki, Suriyada vətəndaş müharibəsinin başlanmasına və miqrantların Avropaya axın etməsinə səbəb 1998-2012-ci illərdə son 900 il ərzində Yaxın Şərqdə görünməyən quraqlığın baş verməsi olub. Məhz buna görə təxminən bir milyon yarım Suriya kəndlisi kənd təsərüfatından və yaşadıqları yerlərdən uzaqlaşdı. İranda 7 illik quraqlıq meyvə bağlarını məhv etdi. Son on min ilin quraqlığının olacağı proqnozları Aralıq dənizinin ətrafındakı bütün torpaqları hədələyir. Fransız iqlimşünaslar iddia edirlər ki, Cənubi Avropa bu yüzilliyin sonunda səhraya çevrilə bilər.
Şimali Hindistanda 330 milyon insan susuzluqdan əziyyət çəkir. Son 40 il ərzində hər gün orta hesabla 9 fermer məhsul ümidini itirdiyi üçün intihar edir. Yaxın onilliklərdə Hindistanı, Çini, ABŞ-ı, Latın Amerikasının çox hissəsini, Yaxın Şərqi, Şimali Afrikanı, Cənub-Şərqi Asiyanı və Avstraliyanı böyük quraqlıq gözləyir.
Su uğrunda müharibə başlayır
Mərkəzi Asiya da bu apokalipsisin bir hissəsidir. Regionda 60 milyondan çox insan yaşayır və onların çoxu 2000-ci ildən sonra dünyaya gələnlərdir. Bir neçə milyon özbək, qırğız, tacik Rusiyada və Qazaxıstanda işləyirlər. Lakin su problemi region iqtisadiyyatının lokomativi hesab olunan Qazaxıstana da çatmaqdadır.
Bütün bunlar regionda su uğrunda silahlı münaqişənin başlayacağı proqnozunu gücləndirir.
İsveçrəli professor Daniel Farrinotti də belə düşünür. Ondan soruşurlar: “Su müharibələri gözlənilirmi?”. Cavab verir: “Birmənalı olaraq, bəli”.
Görünür, Fərqanə vadisi yenidən qanla suvarılacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...