Bütün dünyanı bürüyən virus bəlasının sonu yaxınlaşsa da, Bakının nəqliyyatla bağlı problemləri bitmir. Bitmək bilmədiyi bir yana, hələ yeni problemlər də çıxır ortaya. Dayanma-durma qaydaları ilə bağlı hər gün bir çox insana cərimə yazılır. Bəzən olur ki, insanlar çox vacib, zəruri olan səbəblərdən bəzi yerlərdə bu qaydanı pozmalı olurlar, BNA isə heç bir yerdə güzəştə getmədən həmin dəqiqə cərimə yazır. Qeyd edək ki, ilk vaxtlar BNA bildirmişdi ki, insanlara 3-5, hətta bəzi yerlərdə 10 dəqiqə güzəştə gediləcək, lakin görünən tamamilə fərqlidir. BNA-nın güzəşti sadəcə sözdə qalıb.
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, hərəkətin intensivliyinə mane olmayan yerlərdə güzəştə gedilməlidir:
"Bakı Nəqliyyat Agentliyi bu qaydalar yeni tətbiq olunan zaman açıqlama verdi ki, vətəndaşlara güzəşt olunacaq. Lakin sonra məlum oldu ki, heç də güzəşt etmirlər. Hətta mənim özümə 30 saniyə ərzində cərimə yazılıb. Dayanma-durma qaydalarına hər kəs əməl etməlidir. İnsanların neçə dəqiqə, hansı səbəbdən dayandığı kamerada bilinmir, amma hərəkətin intensivliyinə mane olmadan sadəcə nişan qaydasının pozulduğu ərazilərdə güzəştə getmək olar. Bunu hansısa beynəlxalq təşkilatlarda desək, təəccüblə qarşılaya bilərlər. Amma nəzərə almaq lazımdır ki, hər ölkənin öz mental dəyərləri var və bizim ölkəmizdə bu güzəştlər edilməlidir".