"Artıq Qarabağı qaytarmışıqsa, onu hüququ cəhətdən də möhkəmləndirməliyik və bu məsələdə də Amerikanın rolu müstəsna vacib olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə "ABŞ-ın Türkiyə ilə Qafqazda əməkdaşlığı Azərbaycana nə dərəcədə sərfəli ola bilər” sualına cavabında deyib. O bildirib ki, Qarabağın bərpasında hansısa Amerikan şirkətlərinə imkan vermək lazımdır:
"Həmin şirkətlər gəlib burada işləyib qazansınlar, amerikan texnologiyası və təcrübəsini Qarabağa gətirsinlər, həm də özümüz çalışmalıyıq ki, Ermənistanla münasibətlərin bərpasında konkret olaraq Amerikanın bütün sərt və yumşaq gücünü bu işə cəlb edək. Amerika dünyanın aparıcı, ən qüdrətli dövlətidir. Bütün dünya dövlətləri Amerika ilə əməkdaşlığa can atır”.
Zərdüşt Əlizadə qeyd edib ki, Azərbaycan da xeyrini anlayan dövlətdirsə, çalışmalıdır ki, Amerika ilə qarşılıqlı münasibətlər qursun:
"Əgər Amerika prezidenti Co Bayden İlham Əliyevə yazıb deyir ki, biz əməkdaşlıqda, Qarabağın bərpasında iştirak etməyə hazırıq, sülh qurulmasında maraqlıyıq, sonra Ermənistan-Azərbaycan münasibətlərini qurmaq üçün hətta rəmzi də olsa müəyyən maliyyə yardımı ayırırlar, hətta Ermənistana da məsləhət görürlər ki, Azərbaycanla düzgün münasibətlər qursun, o zaman bunun tərcüməsi nədir? Yəni Amerika əməkdaşlıq və vasitəçilik etməyə hazırdır”.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ Türkiyə ilə bir çox bölgələrdə, o cümlədən də Qafqazda əməkdaşlıq etməkdə maraqlıdır. Çavuşoğlu "ABŞ-ın sadəcə Liviya və Suriya məsələlərində deyil, Aralıq dənizindən Qara dənizə və Qafqazadək bir çox regionda bizimlə əməkdaşlıq etmək arzusunda olduğunu görürük”, - deyə nazir bəyan edib.