Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi daxili xidmət polkovnik-leytenantı Araz Furqan oğlu Musayev 3 iyun 2021-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 38 ünvanında vətəndaşların şikayəti əsasında araşdırma aparan kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olub və onları hədələyib, bununla da fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verib.
Bu barədə MilliYol.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyd olunanları nəzərə alaraq, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun 4 iyun 2021-ci il tarixində imzaladığı müvafiq əmrə əsasən Araz Musayev fövqəladə hallar orqanlarından xaric edilib.
Qeyd edək ki, Araz Musayev kinboksinq və Muay-Tay üzrə 9 qat dünya, 3 qat Avropa çempionu, uşusanda üzrə Azərbaycan çempionu, Beynəlxalq dərəcəli və Əməkdar idman ustasıdır.