Masallı Bioloji Təbabət Klinikasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Səhiyyə uşaqların gözü ilə” adlı açıq hava sərgisi keçirilib. Masallı Dövlət Rəsm Qalereyasının və Masallı İncəsənət Məktəbinin şagirdləri öz əl işləri ilə koronavirus ərəfəsində sağlamlıq mövzusuna diqqət çəkiblər.
Sərgidə Masallı rayon icra başçısı Şahin Məmmədov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı Bioloji Təbabət klinikasının rəhbəri Qüdrət Yaqubov iştirak ediblər. İcra başçısı çıxışında Masallı Bioloji Təbabət klinikasının Vətən müharibəsi dövründə fəaliyyəti barədə danışaraq yüksək qiymətləndirib: “Bu şanlı Qələbədə siz həkimlərin də zəhməti böyükdür. Siz həm yaralıları müalicə etdiniz, həm də koronavirusla mübarizədə böyük səylə çalışdınız. Sizin zəhmətiniz olmasaydı, rayonumuzda bu gözəgörünməz virus daha çox adamları yoluxdurardı”.
Belə bir sərginin keçirilməsində əsas məqsəd uşaqların sağlamlığı mövzusunu aktuallaşdırmaq, eyni zamanda balacaların diqqətini də ictimai səhiyyəyə, ümumi və şəxsi gigiyenaya, səhiyyə ocaqlarının əhalinin sağamlığının qorunmasındakı roluna cəlb etməkdir. Həmçinin həkimlərin və tibb xidməti personalının fədakar əməyini uşaqların yaradıcılığı vasitəsilə ictimaiyyətə çatdırmaqdır.
“Səhiyyə uşaqların gözü ilə” sərgisi Masallı rayon sakinlərinin, Masallı Bioloji Təbabət Klinikası pasiyentlərinin və klinika əməkdaşlarının xüsusi marağına səbəb olub və müsbət aura yaradıb. Rəssam uşaqlara Masallı Bioloji Təbabət klinikası tərəfindən sertifikatlar və hədiyyələr təqdim olunub.