Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun və onunla birgə həbs olunmuş nazirliyin digər əməkdaşlarnın istinataqa verdiyi ifadələr bu qurum daxilində korrupsiyanın miqyası barədə aydın təsəvvürlər yaradır
İfadələrdən görünür ki, sözügedən nazirlikdə əsas söz sahibi əslində Vidadi Zeynalov olub. Nazir Əli Abbasov formal olaraq birinci səxs statusunu daşıyıb və elə onun özü də Vidadi Zeynalovun əlinə baxıb.
V.Zeynalov nazirlikdə fəaliyyət göstərdiyi müddətdə əməlli-başlı oliqarxa çevrilib və çox qısa zamanda özünün varidatını milyardlarla ölçüləcək səviyyəyə çatdırıb. Bu gün mətbuatda V.Zeynalovun üzərinə həbs qoyulmuş əmlakının siyahısı yayılıb. Lakin V.Zeynalovun səltənəti heç də bununla yekunlaşmır.
Missiya.Az etibarlı mənbədən V.Zeynalova məxsus daha bir neçə əmlakın siyahısını əldə edib. Diqqət edək:
1. Şamaxıda (Pirqulu – Kirovkaya çatmamış) Yanacaqdoldurma məntəqəsi;
2. Zirədə 10 hektar ərazidə qurulmuş istixana;
3. Goranboyda 6 hektar ərazini əhatə edən “Gülüstan” İstirahət Mərkəzi;
4. Şamaxıda (Çuxuryurd) 5 hektar ərazini əhatə edən ailəvi istirahət kompleksi;
5. Bakıda Xətai Metrostansiyası yaxınlığında üçmərtəbəli ofis binası;
6. Bakıda 10 villası:
7. Kürdəmirdə (Bakı-Qazax yolunun 220 kilometrliyində) böyük restoran kompleksi (İcra başçısının obyekti kimi tanınır. Kürdəmirin icra başçısı Vidadi Zeynalovun yeznəsidir);
8. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olmuş onlarla özəlləşdirilmiş obyekt.
Bu siyahıda Kürdəmirdəki böyük restoran kompleksi daha çox diqqəti çəkir. Qeyd olunduğu kimi, adıçəkilən rayonun icra başçısı Ceyhun Cəfərov V.Zeynalovun yeznəsidir. Maraqlıdır ki, yeznə-qayın arasında münasibətlərin təkcə qohumluq ənənələrinə söykənmədiyi və arada ciddi biznes ilişgilərinin olması barədə mətbuatda çoxsaylı məlumatlar yayılmasına baxmayaraq, Ceyhun Cəfərov “məşəl ayağına” çəkilməyib. Lakin artıq heç kesə sirr deyil ki, C.Cəfərovun vəzifə karyerası bilavasitə V.Zeynalov tərəfindən qurulub. Biz iki qohumun əməkdaşlığı nəticəsində ərsəyə gəldiyi bildirilən çoxsaylı obyektlərdən bəhs etmək istəmirik. Bu barədə mətbuatda yazılanların da nə dərəcədə doğru olduğunu dəqiq söyləmək çətindir. Bütün bu kimi məqamları araşdırmaq müvafiq dövlət qurumlarının üzərinə düşür və güman edirik ki, artıq bu istiqamətdə müəyyən işlər aparılıb. Bu sırada V.Zeynalovun Kürdəmir rayonunda 300 hektar dövlət torpağını uzunmüddətli icarəyə götürməsi və bunun necə mümkün olması məsələsinə də diqqət ayrılması ümumi işin ancaq xeyrinə ola bilər.
İndi isə gələk Ceyhun Cəfərovun tərcümüyi-halı və vəzifə karyerasına. O, 1965-ci ildə Yevlax rayonunda anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Diqqət etdinizmi? 2007-ci il. C.Cəfərov Dövlət İqtisad Universitetinə qəbul olunanda, yəni 2002-ci ildə, universitetin rektoru Əli Abbasov, prorektoru isə Vidadi Zeynalov olub.
C.Cəfərov 1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləyib, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 16 aprel 2014-cü ildə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Göründüyü kimi, C.Cəfərovun əmək fəaliyyətində mənzil kommunal təsərrüfatı səhəsi xüsusi yer tutur. Bu fakt isə daha bir şəxsi diqqət mərkəzinə gətirir - Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehrəliyev. Bu şəxs də Vidadi Zeynalovun yaxın qohumudur və illərdi ki, mətbuatda onun adı sabiq aparat rəhbəri ilə qoşa çəkilir. Yenə də mətbautda yazılanlara istinad etsək, görərik ki, R.Mehrəliyevin himayəçisi qismində ancaq bir nəfərin - V.Zeynalovun adı çəkilir. Faktlara diqqət edək: Vidadi Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəsi vəzifəsində çalışıb və iddialara görə öz varidatını formalaşdırmağa da elə həmin illərdə başlayıb. Eyni zamanda, yazılarda o da qeyd olunur ki, 90-cı illərin əvvəllərindən Bakı şəhərinin mənzil kommunal təsərrüfat sisteminə məhz Vidadi Zeynalov nəzarət edib. Daha dəqiq desək, bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti məhz Vidadi Zeynalov həyata keçirib. Elə bu məqsədlə də, o, Bakı şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə öz yaxın qohumu Rəfail Mehralıyevi təyin etdirib.
İddialara görə, 1999-cu ildə Vidadi Zeynalovun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbələrindən biri də, məhz elə paytaxtın mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verdiyi ciddi pozuntuları olub. Amma yaxın qohumunun işdən qovulması Rəfail Mehrəliyevin statusuna təsir göstərməyib. Sadəcə olaraq, onun tərəfindən bəzi əməliyyatlar müvəqqəti olaraq dondurulub. Lakin bu hal da uzun davam etməyib. Belə ki, Vidadi Zeynalov Əli Abbasov tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni vəzifəyə gətiriləndən sonra o, Rəfail Mehrəliyevin də mövqeylərini möhkəmlətməyə nail ola bilib. Həmin vaxt Əli Abbasov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla yaxın qohumluq əlaqələrində olduğundan, Rəfail Mehrəliyevin də karyera yüksəlişi asan həyata keçirilib. R.Mehrəliyev 2012-ci ildə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi vəzifəsinə təyin olunub. Vidadi Zeynalov isə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək posta sahib çıxmaqla paytaxtın kommunal təsərrüfatına ayrılan külli-miqdarda vəsaitlərin xərclənməsinə nəzarətini daha da gücləndirmiş olub.
Maraqlıdır ki, V.Zeynalovun ağır ittihamlarla həbsə alınmasına baxmayaraq onun yaxın qohumları hələ də vəzifədədir. Amma bunun belə qalacağı və adıçəkilən şəxslərin statusunda hər hansı dəyişiklik baş verməyəcəyini düşünmək də sadəlövhlük olar. Hər halda, daha doğrusunu dövlət bilir. Son nəticədə hər şey dövlətin müəyyən etdiyi kimi olacaq.
Mənbə: Missiya.az
Digər xəbərlər
loading...