Nazim Bəydəmirli: “Bu, dövlət büdcəsi hesabına məmurların xüsusi imtiyazlar əldə etməsindən başqa məqsədlərə xidmət etmir”
Vüqar Oruc: “Nə zamana qədər ki, həmkarlar ittifaqları müstəqil olmayacaq, o zamana qədər işçilərin hüquqları pozulacaq”
Hələ Sovet dövründə vətəndaşlar ölkəmizdə və İttifaq dövlətlərində dincəlmək üçün sanatoriya və kurortlara “putyovkalar” alar, il ərzində qazanmış olduqları yorğunluğu bu yolla çıxarmağa çalışardılar. Soçi, Mineralnıye Vodı, Yessentuki, Kislovodsk və s. şəhərlərdə olan sanatoriyalara “putyovka” almaq o dövrdə xüsusi üstünlük sayılardı.
Sovetlərin süqutundan sonra Azərbaycanda sanatoriya və kurortlara yollayışların verilməsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) balansına keçdi. İstehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının qorunmasına məsul olan AHİK yalnız “putyovka” paylamaqla diqqət çəkə bildi. Bu “putyovkaları” da hər adama yox, əsasən öz “adamları”na verməyə başladılar.
Bu isə öz növbəsində AHİK-in ləğvi ilə bağlı müzakirələri gündəmə gətirdi. Müstəqil ekspertlər, iqtisadçılar illərdir bu qurumun fəaliyyətinə xitam verilməsi təşəbbüsü ilə çıxış etsələr də, bu, baş vermir. Ümumi yekdil rəy bundan ibarətdir ki, Azərbaycan bu məsələdə Avropa protokollarından istifadə etməli və əmək müəssisələri işçilərinin müstəqil həmkarlar təşkilatları yaratması ənənsinə start verilməlidir.
Milli Məclisin sabiq üzvü, iqtisadçı alim Nazim Bəydəmirli AYNA-ya şərhində deyib ki, həmkarlar təşkilatları vətəndaş cəmiyyəti insitutudur və bu qurumların müstəqil fəaliyyətinə imkan yaradılmalıdır: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Sovetdən qalma qurumdur və onun mövcudluğu bazar iqtisadiyyatı prinsipləri ilə daban-dabana ziddir. Bu gün demək olar, bütün dövlət qurumlarının, universitetlərin istirahət mərkəzləri, sanatoriyaları mövcuddur. Bu sıraya çimərlikləri və digər istirahət məkanlarını da əlavə etmək olar. Belə əsaslandırırlar ki, guya öz əməkdaşlarının və ailə üzvlərinin istirahətini təşkil edirlər. Bunun özü bazar iqtisadiyyatı qaydaları ilə uyğun deyil”.
Mütəxəssis hesab edir ki, bu, dövlət büdcəsi hesabına məmurların xüsusi imtiyazlar əldə etməsindən başqa məqsədlərə xidmət etmir: “Şübhəsiz ki, baş verənlər korrupsiya mexanizmi və dövlət büdcəsindən qanunsuz silinmələrə zəmin yaradır. Ola bilər ki, müəyyən sosial qrupun maraqlarına uyğunur, lakin bütövlükdə cəmiyyət üçün bunun hər hansı faydası yoxdur. Bütövlükdə biz sovetlərdən qalmış köhnə stereotiplərdən qurtulmalıyıq”.
“Əgər normal rəqabət mühiti olsaydı, o zaman vətəndaşlar illik zəhmətlərini istirahət xərclərinə ödəyərdi və nəticədə həmin xidmətlərin keyfiyyəti artmış olardı. Əslində isə bu gün nə baş verir? Əksər sanatoriyalar, kurortlar, çimərliklər müəyyən məqsədlərin həyata keçirilməsinə xidmət etməklə yanaşı, həm də keyfiyyətsiz xidmətin mənbəyinə çevrilib. Nə qədər gec deyil, bu ənənələrdən imtina edilməlidir. Həmkarlar İttifaqları Konfederasiyası işçilərin hüquqlarının qorunmasına yönəlik addımlar atmalıdır. Lakin ümumi rəy bundan ibarətdir ki, Konfedrasiya daha çox siyasiləşmiş qurumdur və icra hakimiyyətinin müvafiq şöbəsi funksiyasını yerinə yetirir”, - deyə iqtisadçı bildirib.
AHİK-in ləğvindən danışan Bəydəmirli əmindir, dövlət büdcəsi hesabına ayaqda qalan bir çox konfederasiyalar ləğv edilməlidir: “Əslində, bu tip konfedrasiyaları vətəndaşlar özləri yaratmalı və idarə etməlidirlər. Beynəlxalq təcrübədə belə qayda yoxdur və hələ də belə qurumları saxlamaqla özümüzü qeyri-ciddi vəziyyətə salmış oluruq. Biznes ombudsmanı təsisatı yaradılmalı, sahibkarlar və işçilər sahəvi istiqamətlər üzrə biliklər təşkil etməlidirlər. İlk növbədə rəqabətyönümlü fəaliyyəti təmin etmək lazımdır. Ən acınacaqlısı odur ki, bu cür qurumlar məmur biznesinin geniş vüsət almasına gətirib çıxarıb”.
İqtisadçı ekspert Vüqar Oruc da AYNA-ya açıqlamasında deyib ki, AHİK və bu kimi qurumların hələ də qalması ölkədə həyata keçirilən islahatlar prosesi ilə ziddiyyət təşkil edir: “Bu gün Azərbaycanın bir idarəetmə sistemindən digər idarəetmə sisteminə transformasiya etdiyi elan olunub. Bu institusional islahatların mahiyyətində əsas meyar olaraq bazar iqtisadiyyatına keçid nəzərdə tutulur. Əgər ümumi olaraq bu fəlsəfə qəbul edilirsə və əksər qurumlarda bu proses baş tutursa, hansısa qurumun bundan kənarda qalması ahəngdarlığı pozur”.
“Müxtəlif dövlətlərdə, Avropada, o cümlədən qardaş Türkiyə və qonşu Gürcüstanda belə bir təcrübə yoxdur. Həmkarlar ittifaqları müxtəlif qurumların daxilində işçilərin yaratdığı birliklər olaraq fəaliyyət göstərir. Məhz elə bu səbəbdən adıçəkilən ölkələrdə həmkarlar ittifaqları böyük gücə malikdir və proseslərə cidi təsir imkanları əldə edib. Onların əsas missiyası işçilərin hüquqlarını qorumaqla bağlıdır. Dövlət də həmin qurumlarla hesablaşır və onların rəyini nəzərə alaraq qərar verir. Təəssüf ki, Azərbaycan bu məsələdə gecikir”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, AHİK-in işi “putyovka” satmaq olmamalıdır və ümumiyyətlə, bu qurum ləğv edilməlidir: “Heç kəsə sirr deyil ki, mövcud Azərbaycan reallığında korrupsiyaya meyl var və bəzi məmurlar bunu özlərinin ənənəvi fəaliyyətinə çeviriblər. Azərbaycan iqtidarı da bunu görür və bu kimi hallarla ciddi mübarizə aparır. Bu gün istirahət məqsədli məzuniyyət icazələrinin, yəni yollayışların satılması prosesi baş verir. Və yaxud müxtəlif əsaslara söykənərək - hansı ki o əsaslar arzuolunan deyil - yollayışlar paylanılır. Bu xüsusda qohumluq, yaxınlıq, “otkat” və s. ortaya çıxır”.
“Bu gün Azərbaycanda kifayət qədər ehtiyaclı insan var ki, bu imkandan yararlana bilmir. Onların buna ciddi ehtiyacları var və il ərzində çəkdikləri ağır zəhmətin qarşılığını görməlidirlər. Bunun da əsas səbəbi müstəqil həmkarlar ittifaqlarının mövcud olmaması ilə bağlıdır. Nə zamana qədər ki, həmkarlar ittifaqları müstəqil quruma çevrilə bilməyəcək, o zamana qədər də Azərbaycanda əməkçilərin hüquqları pozulmaqda davam edəcək”, - deyə V.Oruc vurğulayıb.
İqtisadçı qeyd edib ki, AHİK və bu kimi qurumlar dövlət büdcəsi üçün əlavə yükdür: “Dövlət büdcəsi hesabına bu kimi qurumların saxlanılması məqsədəuyğun deyil. Son dövrlər büdcənin optimallaşdırılması istiqamətində həyata keçirilən addımlar bu sahədən də yan ötməməlidir. Burada bir məqamı da qeyd edim ki, bir “putyovka” özəl yelərdə 1000 manat olduğu halda AHİK-in balansında olan müəssisələrdə ortalama 250 manatdır. Lakin bu, reallıqda dəfələrlə baha qiymətə başa gəlir. İşçilər buna görə 500-600 manat vəsait sərf etməli olurlar. Normal rəqabət mühiti olsaydı, daha münasibət və keyfiyyətli xidmətlər göstərilərdi. AHİK ləğv olunarsa, işçilərin hüquqlarının qorunması, müstəqil həmkarlar təşkilatların yaranması baş verər, nəticə etibarilə vətəndaşlar istirahət və digər hüquqlardan rahat istifadə edə bilərdilər. Məhz bu cür qurumların törətdiyi əməllər cəmiyyətdə inamsızlıq yaradır ki, bunun də əziyyətini yekunda hökumət çəkir. Bu isə dövlət rəhbərliyinin apardığı islahatlar kursuna ziddir”.