Aqşin Yenisey
Son zamanlar sosial şəbəkələrdə İsrailin Baş naziri Netanyahunun bir görüntüsü dolaşır. Yəhudi nazir Azərbaycan və İsrail münasibətlərindən danışarkən hər iki əlinin şəhadət barmaqlarını bir-birinə keçib bu münasibətlərin qardaşlıq səviyyəsində olduğunu söyləyir.
Hər dəfə bu görüntü qabağıma çıxanda yadıma Hantinqtonun XXI əsrdə dövlət münasibətləri üçün istifadə etdiyi bir ifadə düşür: "Qohum dövlətlər”. Hantinqtona görə, XXI əsr əvvəlki tarixlərdə itkin düşən əqraba xalqların, hampa mədəniyyətlərin, qohum dövlətlərin bir-birini tapdığı, bağrına basdığı bir əsr olacaq.
Əcaba, azərbaycanlılar və yəhudlər də bir-birini əsrlər sonra yenidən tapan o əqraba xalqlardan, hampa mədəniyyətlərdən, qohum dövlətlərdənmidir?
Çin mənbələrinə görə, VII əsrdə Göytürk imperiyası dağılandan sonra onların Qərb vilayəti sayılan xəzərlər müstəqillik əldə edib din olaraq müsəviliyi qəbul etdilər. Bu, o dövr idi ki, musəvilik xristian və yeni yaranmış islam təhdidləri altındaydı, eyni zamanda xəzərlər də şimaldan xristian slavyanların, şərqdən xristian bizanslıların, cənubdan isə müsəlman ərəblərin hücumlarına məruz qalmışdılar. Bu təhdid və hücumlara dirənmək üçün musəviliyin xəzərlərə, xəzərlərin musəviliyə ehtiyacı var idi.
Yazılanlara etibar etsək, yəhudlərlə türkləri lap siftədən bu tarixi zərurət birləşdirib; qılınc bizdən, din sizdən.
X əsrdə Xəzəri xaqanı Yusif Kordobalı yəhudi dövlət xadimi Hasday İbni Şapruta yazdığı məktubda özünü "Türk xaqanı Harunun oğlu" adlandırır və "Yafəsin nəslindən gələn Toqarmanın nəvəsi" olduğunu yazırdı. Toqarma (Torkom) isə yəhudi ədəbiyyatına görə, bütün türk xalqlarının atasıdır. (Yeri gəlmişkən, ermənilər də özlərini "Yafəsin nəvələri” hesab edirlər.)
Xəzər dənizinə öz adını verən və bütün Qafqazı əhatə edən, "kaz” və "ər” sözlərinin birləşməsinə dayanaraq adı "igid kişi” mənasına gələn bu imperiyaya danışıqlar üçün 921-922-ci illərdə xəlifənin göndərdiyi nümayəndə heyətində yer alan İbni Fədlanın yazdığına görə, "Xəzərlərin hamısı və onların hökmdarları yəhudi” idi.
Xəzərlər ruslar, bizanslar və ərəblərlə apardıqları müharibələr nəticəsində zəiflədikcə Orta Asiyada daha bir türk soyu güclənməkdə idi. Oğuzlar və onların kınık boyu. Kınık boyundan gələn Böyük Səlcuqlu Xanədanının Xəzərlərlə sıx əlaqələri vardı. Səlcuqluların atası sayılan, ləqəbi "Dəmir yaylı” olan Tukak Oğuzların Kınık boyundan gəlirdi və Xəzər Xaqanının ordusunda bir sərkərdə idi. (Eynən İbrahim peyğəmbərin Assuriya ordusunun polkovniki olması faktına bənzəyir.) Oğuzlarla Xəzərlər arasında qarşıdurmaların yaranmasına səbəb də dini seçim oldu. Oğuzlar Xəzərlərdən fərqli olaraq islamı qəbil etdilər, buna görə də musəviliyə tapınan Xəzər xaqanları müsəlmanlığı sıxışdırmağa başladılar. Halbuki Səlcuq bəyin də dörd oğlunun adının İsrail, Yusif, Mikayıl və Musa olduğu tarixə məlumdur. Bu da bizə bunu düşünməyə əsas verir ki, Səlcuqluların özləri də musəvilikdən imitina etdikdən sonra islama tapınmışdılar. Çünki "Xəzər Xaqanlığı” üzrə ən etibarlı mənbə saylan alman şərqşünası Duqlas Dunlopun iddialarına görə, Səlcuq şahzadələrinə qoyulan bu adları Orta əsrlərdə yalnız yəhudilərin övladları daşıya bilirdilər. Başqa bir dəlil isə Səlcuqlu dövründəki sikkələrdə yəhudi simvolu olan altı guşəli ulduzun istifadə olunmasıdır.
Xəlifə Ömərin dövründə islam orduları Xəzəri imperiyasının tərkibində olan və bu gün Dərbənd kimi bildiyimiz "Bab əl-Abvab”ı (Qapıların Qapısı) fəth etdi. Xəlifə Məmunun dəvətinə qədər Xəzərlər müsəlmanlara dirənsələr də, Məmunun dəvəti ilə Xəzərlər islamı qəbul etdi. Bununla da tarixdən silindilər.
Xəzərlərdən günümüzə qədər gəlib çıxan iki Xəzər sənədinin ibranicə yazılması və Xəzərlərin İvrit əlifbasından istifadə etmələri bütün tarixçilər tərəfindən mübahisəsiz qəbul edilsə də, Xəzərlərin yəhudiliyi qəbul etməsi ilə bağlı fərqli fikirlər mövcuddur. Xəzərlərin ucdantutma hamısının yəhudiliyi qəbul etdiyini söyləyən iddialarla yanaşı, yalnız Xaqanın və sülaləsinin yəhudiliyi qəbul etdiyini deyənlər var ki, bu da imperiyanın dağılmasına gətirib çıxaran başlıca səbəblərdən biri kimi göstərilir.
Bəzi yəhudişünaslar isə Xəzər İmperatorluğunda üç dinin də rəsmi dövlət dini olduğunu, xaqanın cümə günü islamın, şənbə günü yəhudiliyin, bazar günü isə xristianlığın ibadət və ayinlərini yerinə yetirdiyini söyləyirlər. Məsələn, İbn Rüşd yalnız Xəzərlərdə hakim sülalənin yəhudiliyi qəbul etdiyini, əhalinin isə üç dinlə bərabər, qədim türk inancı olan Göytanrıçılığa inandığını da yazırdı.
Üç dinə sitayiş Xəzərlərin çöküşündən sonra fərqli bir mənzərə yaratdı; xristian xəzərlər rus boyarlarına çevrildilər, müsəlman xəzərlər xarəzimlər kimi tarixdə yerlərini aldılar. Yəhudi xəzərlər isə, əsasən, Şərqi Avropaya köç etdilər, Qafqazda qalanlar isə "dağ yəhudiləri” oldular. Hətta bu gün Eran Əlxayk kimi genetiklər əşkinazi yəhudilərinin də (Şərqi və Mərkəzi Avropa yəhudiləri) əcdadlarının Xəzər bölgəsində yaşayan türk tayfaları olduğunu iddia edirlər.
IX-X əsrdə ruslarla ərəblər arasında sərhəd rolunu oynayan Xəzərlər həm də çağdaş rus mədəniyyətinin bünövrəsini yaradan və formalaşdıran bir mədəniyyət kimi də tarixçilərin diqqət mərkəzindədirlər. Rus tarixçisi Bartold yazır ki, 839-cu ildə yaranan ilk rus ittifaqının başçısı özünə xəzərlərin təbirincə, Xaqan adını vermişdi, 988-ci ildə xristianlığı ruslara ucdantutma qəbul etdirən Vladimir də Xaqan idi. "Tamğa”dan (damğa) "Таможенное”yə, Qopuzdan Balalaykaya qədər bir çox hərbi, siyasi, iqtisadi, mədəni irsi ruslar xəzərlərdən mənimsəmişdilər.
İslam mənbələri xəzərlərin xəlifə Harun Rəşid dövründə, yəni 785-ci ildə yəhudiliyi qəbul etdiyini yazsalar da, bəzi mənbələr yəhudiliyə keçidin 670-ci ildə Sakaryadan bu imperatorluğa köç edən İsak Sanqari adlı Qarayi məzhəbindən olan yəhudi müdrikin Xəzər Xaqanı ilə görüşündən sonra baş tutduğunu yazır. Bu görüş barədə XI əsrə aid Yuda Alevi adlı müəllifin "Xəzər səfəri” (‘Sefer a Kuzari’) adlı kitabı mövcuddur.
Əndəlüs tarixçisi Əl-Bəkrinin yazdıqlarına görə, Xəzər xaqanı hər üç dinin nümayəndələrini sarayına çağırıb müzakirə təşkil edib, axırda ən çox inandığı sözləri yəhudi din xadimindən eşitdiyini söyləyərək yəhudliliyə tapındığını elan edib.
Məşhur "Yerusəlim” kitabının müəllifi Saymon Montefiore də yazır ki, 1948-ci ildə qurulan İsrail dövlətindən əvvəlki son yəhudi dövlətini tarixdə IX əsrdə Xəzərlər yaradıb. Yəni xəzərlər yəhudilərə qucaq açmaqla qalmayıb, eyni zamanda, onların Qüdsdə dövlət qurmalarına da kömək ediblər.
Demək ki, Netanyahunun İsrail və Azərbaycan münasibətlərini simvollaşdıran bir-birinə keçirdiyi şəhadət barmaqlarının tarixi çox-çox qədimlərə gedib çıxır.
Bu barmaqları min il əvvəl də Qafqazda ortaq maraqlar birləşdirmişdi…