Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) SOCAR-ın Neft Kəmərləri İdarəsinin Dübəndi istehsalat bölümünün çənlər parkında “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.
Təlim bu tip müəssisələrdə yanğın baş verdiyi təqdirdə zəruri davranış və hərəkətlərin məşq edilməsi, bu istiqamətdə şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunub.
Tədbirə cəlb olunmuş DYMX-nın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin və Bakı şəhərinin Xəzər, Suraxanı, Xətai, 1 və 2 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin müvafiq qüvvə və vasitələri tərəfindən şərti yanğın uğurla söndürülüb. Təlim zamanı, həmçinin FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən neft məhsulları saxlanılan çənlərdə baş verə bilən yanğınların uzaq məsafədən (təhlükəsiz ərazidən) söndürülməsi üçün yeni manitor-köpük lülələri də sınaqdan keçirilib.
Sonda DYMX-nın rəis müavinləri daxili xidmət polkovniki Rza Xudiyev və daxili xidmət polkovniki Əkbər Novruzovun iştirakı ilə əməkdaşların yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə olunub, peşə hazırlığının təkmilləşdırılməsi üçün müvafiq tapşırıqlar verilib.