Yaxud adi vətəndaşlar bu xidmətdən real olaraq nə vaxt faydalanacaq?
Sizə icbari tibbi sığortanın vəziyyətindən danışmaq istəyirəm. O icbari tibbi sığortanı deyirəm ki, neçə illər əvvəl bu sahədə işləri tənzimləmək üçün agentlik də yaradıldı. Ötən ildən ölkə üzrə tibbi sığortaya keçidə start verilsə də pandemiya səbəbindən işlər yarımçıq qaldı. Yəni tibbi sığortanın əhatə dairəsi məhdud regionla tamalandı. Bu ildən, daha dəqiq desək, aprelin 1-dən artıq Bakı şəhəri sonuncu olaraq icbari tibbi sığortaya qoşuldu və bu xidmət bütün Azərbaycanı əhatə etdi. Çoxları kimi mən də inanmışdım ki, neçə il əvvəldən söhbəti gedən bu icbari tibbi sığorta nəhayət Bakı şəhərində də işləyəcək. Müəyyən edilmiş kateqoriyadan olan insanlar da tibbi sığortadan istifadə edərək sağlamlıqlarının qayğısına qalacaqlar. Çox təəssüf ki, indiyədək danışılan və rəsmi vəd edilən heç bir təlimatın işləmədiyini mən özüm şahidi oldum.
Ötən həftənin sonundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edərək hepatit B xəstəliyindən əziyyət çəkdiyimi, bununla yanaşı mədəmdə, qara ciyərimdə, öd və mədəaltı vəzimdə problemlər olduğunu bildirdim və müayinə üçün kömək istədim. Qəbuldakı xanım burda heç bir problem olmadığını, ərazi üzrə poliklinikaya getməyimi tövsiyyə etdi, hətta baş həkimlə mənim yanımda danışıb kömək göstərməyi də tapşırdı. Doğrusu sevindim ki, işim belə asan yoluna düşəcək. Deyilən vaxt ərazi poliklinikasına yaxınlaşıb baş həkimin də xəbəri olduğunu, mənə icbari tibbi sığortanın xətti ilə kömək göstərmələrini xahiş etdim. Həkimlər məni poliklinikada qara ciyər müayinələri üçün heç bir şərait olmadığını, ümumiyyətlə müəssisədə icbari tibbi sığortanın hələ başlamadığını, tibbi personalın, əsasən, koronaviruslu xəstələrlə məşğul olduğunu söylədilər. Təkrar məni baş həkimin yanına apardılar. Baş həkim də müəssisədə qara ciyərin analizləri– ALT, AST, PZR müayinələrin olmadığını, məni yalnız USM aparatından keçirə biləcəklərini söylədi və qalan müayinələrin 1 saylı Klinik Xəstəxanada aparmaq üçün mənə göndəriş veməyi tapşırdı. Poliklinikada USM müayinəsindən sonra bildirdilər ki, Kilinik Xəstəxana hazırda yalnız koronavirusla bağlı xəstələrə xidmət göstərir. Yəni mənim ora göndərilməyim də baş tutmadım.
Evə qayıdıb icbari tibbi sığortanın çağrı mərkəzinə–1542-yə zəng edib 2 saata yaxın gözlədikdən sonra başıma gələnləri onlara danışdım. Xətdəki xanım poliklinikadakı həkimlərin işini düzgün qurmamasına iradını bildirdi, tibbi sığorta ilə 3 saylı şəhər xəstəxanası məşğul olduğunu dedi. Mənə təkrar poliklinikaya getməyə, həkimdən 3 saylı şəhər xəstəxanasına göndəriş almağı məsləhət bildi. Mən telefondakı xanımdan təkrar soruşdum ki, 3 saylı xəstəxanada icbari tibbi sığorta ilə xəstələrə pulsuz xidmət göstərilirmi? Həmin xanım qətiyyətlə bəli dedi.
Bu dəfə də sevincək poliklinikaya yollandım. İnsafən həkim üstüörtülü şəkildə mənə bildirdi ki, nahaq yerə əziyyət çəkirsən. Bizdə bu sistem hələ işləmir. Mən isə təkid edib göndəriş aldım. Dünən səhər tezdən yollandım 3 saylı xəstəxanaya. Qeydiyyat şöbəsində icbari tibbi sığorta xətti ilə müayinə ounmaq istədiyimi bildirdim. Həkimlə razılıqdan sonra mənə talon verib göndərdilər. İnsafən əlimdəki köhnə sənədlərlə tanış olandan sonra terapevt həkim mənə sağalamlığımı bərpa etməyə kömək göstərəcəyini dedi. Əvvəlcə USM, sonra Ezofaqoqastroduoenoskopiya müayinəsinə göndərdi. Başqa binada yerləşən 3-4 otaqdan ibarət şöbədə yenidən məni qeydiyyata aldılar. Hər 3 talonda icbari tibbi sığorta sözünü gördükdə bir az da arxayınlaşırdım. Ancaq USM müayinəsi başa çatanda cavab almaq üçün məndən ödəniş tələb etdilər. Bildirdim ki, tibbi sığorta xətti ilə gəlmişəm. Onlar isə tibbi sığortanın hələ başlamadığını bildirərək, çəkdikləri əziyyət müqabilində ödəniş tələb etdilər. Pulumu ödəyib mədəmin müayinəsi üçün növbəti otağa yaxınlaşdım. Həkimdən üzr istəyib icbari tibbi sığorta xətti ilə müayinəyə gəldiyimi, ödəniş etməyə imkanım olmadığını bildirdim. Həkim narazılığını bildirdi. O da icbari tibbi sığortanın adının olduğunu, hələ ki, fəaliyyətə başlamadığını söylədi. Mənim xəstəliyimi nəzərə alıb pulsuz müayinə etdi. İndiyədək tibbi sığortanın onlarla bir dəfə də maraqlanmadığını, hansı aparatla, necə xidmət göstərdiyimizi soruşmadıqlarını da dilə gətirdi.
Mən müayinəyə göndərən həkimə yaxınlaşıb qan analizləri üçün göndəriş verməyi xahiş etdim. Həkimin sifət cizgiləri tamam dəyişmişdi. Yəqin ki, pulsuz müayinə üçün xəstə göndərdiyinə görə həkimlər ona irad bildirmişdilər. Məndən tibbi sığorta xətti ilə pulsuz müayinə və müalicə olunmaq istədiyimi dəqiqləşdirdikdən sonra mənə baxmaqdan imtina etdi. Qara ciyər xəstələri yoluxucu xəstəliklər şöbəsində qeydiyyata alınıb orada müayinə olunur deyib mənimlə vidalaşdı. Hiss etdim ki, həkim pulsuz xəstə ilə vaxtını boş yerə məşğul etmək istəmir. Çünki həkim məni əvvəlcədən müayinəyə göndərəndə demişdi ki, qayıdanda qan analizlərinə də göndəriş verəcək.
Əlqərəz, yoluxucu xəstəliklər şöbəsində də heç bir kömək ala bilmədim. Həkim icbari tibbi sığorta adını eşidən kimi məni yenidən qeydiyyatda olduğum poliklinikaya göndərdi. -Get yeni göndəriş yazsınlar gəl burada yat. Bizdə müayinə yoxdu-deyə həkim sözünü bitirdi.
Mən yenə tənbəllik etməyib xəstəxananın rəhbərliyinə yaxınlaşdım ki, vəziyyətə aydınlıq gətirim. Baş həkimi əvəz edən rəhbər məni dinləyib qara ciyər analizlərinin onun rəhbərlik etdiyi xəstəxanada mümkün olmadığını bildirdi. Əlavə etdi ki, biz özümüz də ALT,AST, PZR üçün xəstələri özəl müəssisələrə göndəririk. Get sən də özəl müəssisədə müayinə olun.
Dəyərli məsləhət üçün baş həkimin əvəzinə təşəkkür edib dübarə yollandım İTSDA-ya. Qəbula yaxınlaşan kimi xanım məni tanıdı. Bu dəfə nə üçün gəldiyimi soruşdu. Mən agentliyin bizə verməli olduğu tibbi sığortadan istifadə edə bilmədiyimi, başıma gələnlərin hamısını danışıb normal müəssisəyə göndəriş vermələrinin xahiş etdim. Təkrar qeydiyyatda olduğum poliklinika ilə əlaqə saxlamaq istədikdə etiraz etdim. Poliklinikada heç bir şəraiti olmadığını bildirdim. Mənə bu dəfə də Agentliyin rəhbərinin adına ərizə yazmağı, hepatitlərlə bağlı kommissiya yaratmaq istədiklərini, yalnız komissiya işə başlayandan sonra ərizəmə baxılacağını bildirdilər.
İndi məni bir neçə sual düşündürür:
1. Azərbaycanda Tibbi Sığortaya keçən ildən rəsmən başlanıb. Əgər agentlikdə komissiya yaratmağa ehtiyac vardısa indiyədək niyə yaradılmayıb? Daha nə qədər vaxt lazımdır ki, komissiya işə başlasın?
2. İcbari tibbi sığorta neçə illərdir müzakirə olunur. Belə olan halda hazırlıq məsələləri də çoxdan başa çatmalı idi. Əgər hələ sistem qurulmayıb, hazırlıq başa çatmayıbsa niyə yalandan aprelin 1-dən Bakı şəhərində icbari tibbi sığortanın başlandığını rəsmən elan edirdilər.
3. Yanvar ayından işləyən əhalinin hamısından əmək haqqının 2 faizi İTSDA-nə köçürülür. Əgər bizə ödədiyimiz pulun müqabilində xidmət göstərilmirsə nə üçün o pullar işçilərdən yığılır.
Qabil Əliyev