Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə əsasən iki məsələ həll olunmalıydı, onlar da həll olundu. Onların iyun görüşündə isə çox şey Minsk qrupu həmsədlərinin təmsil olunduğu ölkələrdən asılı olacaq.
Bu barədə milli.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov mayın 16-da ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Avstriyanın paytaxtı Vyanada Dağlıq Qarabağ münaqişəsinin həllinə dair keçirilmiş danışıqların nəticələrini və onların iyun ayındakı növbəti görüşündən gözləntiləri şərh edərkən deyib.
Ermənistanın qoşunlarını işğal etdiyi ərazilərdən çıxardacağını gözləmək sadəlövhlük olardı.
Millət vəkilinin sözlərinə görə, prezidentlərin Vyana görüşü əslində iki məsələnin həllinə hesablanmışdı: "Bu məsələlər bilavasitə münaqişənin həllinə yox, onun həllinə doğru müsbət mühit yaratmaq və o danışıqları başlamaqla bağlı idi. Yəni əgər masa arxasında imzalamaq üçün sənəd yoxdursa və nəzərə alsaq ki, döyüş gedirdi və belə sənəd ola da bilməzdi, o zaman görüşdə hansısa qərarın qəbul olunacağını və Ermənistanın öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxardacağını gözləmək sadəlövhlük və məntiqdən uzaq bir şey olardı.
Görüşdə, əsasən, iki məsələ həll olunmalıydı, onlar da həll olundu. Birincisi, qərar verildi ki, danışıqlar bərpa olunur. Bundan əlavə, prezidentlərin iyun ayında keçiriləcək görüşünün də anonsu verildi. Bu, o deməkdir ki, o vaxta kimi həmsədlər və xarici işlər nazirlikləri prezidentlərin qərar verməsi üçün bir layihə ilə çıxış etməlidirlər. Düzdür, çox az vaxt verilib. Amma ay təyin olunub. Çünki bu məsələ çox uzana bilməz.
İkincisi isə, Azərbaycanın tələbi ilə sülh danışıqları hansısa etimadın yaradılması və digər kənar məsələlərlə bağlı ümumi prinsiplər ətrafında yox, substantiv, yəni mahiyyət üzrə, konkret olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına gətirib çıxaracaq sazişin imzalanması üzrə bərpa olundu. Əgər danışıqlar bərpa olunursa, onun üçün əlverişli mühit lazımdır. Bu isə o deməkdir ki, cəbhədə sakitlik təmin olunmalıdır. Artıq bununla da əlaqədar müəyyən razılaşma əldə olunub. Əgər kimsə Vyana görüşündən bundan artıq nəsə gözləyirdisə, deməli, o, vəziyyətdən, ümumiyyətlə, bixəbərdir".
Axı Azərbaycan atəşkəsin bərpa olunmasına əbədi razılıq verməyib...
R.Musabəyovun fikrincə, artıq tərəflər arasında etimaddan söhbət gedə bilməz: "Etimad yaratmaq o deməkdir ki, cəbhə xəttində nisbətən sakitlik təmin olunsun, həmsədrlərin konkret təklifləri əsasında sazişin imzalanması və ya hansısa sənəd üzrə qərarın verilməsi üçün müzakirələr getsin və məsələ qısa zamanda müəyyənləşsin. Yox, əgər razılıq verilibsə, ancaq bu istiqamətdə fəaliyyət yoxdursa, onda vəziyyət yenidən dəyişə bilər. Axı Azərbaycan atəşkəsin bərpa olunmasına əbədi razılıq verməyib. Bu razılıq danışıqların getməsi üçün verilib. Qeyd edim ki, 1994-cü ildə qəbul olunmuş protokolun 3-cü bəndinə də əsasən, 10 gün müddətində münaqişənin bitməsi ilə bağlı saziş imzalanmalı idi. Amma bu saziş indiyədək yoxdur. Ona görə də bundan sonra danışıqlar olacaqsa, atəşkəs də olacaq. Əgər danışıqlar olmayacaqsa və kimlərsə atəşkəs rejiminin əbədi olacağına umid bağlayırsa, onlar yanılırlar.
Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi 7 və ya 5 rayonu qaytarması isə artıq etimad məsələsi deyil. Bu, yalnız münaqişənin bitməsi ilə bağlı saziş əsasında ola bilər. Çünki etimad naminə heç kim qoşunlarını durub geri çəkməyəcək. Bunun üçün ortada ən azından tərəflərin imzaladığı konkret sənəd olmalıdır. Onun da əsasında demilitarizasiya aparılmalı, qoşunlar geri çəkilməli, bölgəyə müşahidəçilər gəlməli və s. olmalıdır. Yəni məsələ kənardakılara heç də asan görünməsin".
Sergey Lavrov Sarkisyanın böyründə ona görə oturmuşdu ki...
Politoloq prezidentlərin iyun ayındakı görüşü ilə bağlı gözləntilərə də aydınlıq gətirib: "İyunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə ermənilər tərəfdən, ümumiyyətlə, heç nə gözləməyə dəyməz. Serj Sarkisyanın şıltaqlığına və müxtəlif şərtlər səsləndirməsinə baxmayaraq, vasitəçilər tutub onu Vyanada masa arxasında otuzdurdular. Hələ Sergey Lavrov da Sarkisyanın böyründə oturmuşdu ki, o, hətərəm-pətərəm danışmasın. Ona görə də bu məsələnin yerindən tərpənməsi Minsk qrupu həmsədlərindən yox, daha çox o həmsədrlərin təmsil olunduğu dövlətlərin rəhbərliyindən asılıdır. Onlar səy göstərdiyi halda ola bilər ki, məsələ dalandan çıxsın.
Yəni Azərbaycanın ermənilərin öz xoşluğu ilə torpaqlardan, sadəcə, çıxmasını gözləməklə münaqişənin həlli mümkün deyil. Artıq bütün təkliflər də çoxdan masadadır. Sadəcə, onları lazımi şəkildə tərtib etmək və həyata keçirmək lazımdır. Əgər ermənilər onları həyata keçirmək üçün özlərində iradə tapacaqlarsa, o zaman danışıqlarda irəliləyiş olacaq. Yox, əgər etməzlərsə, onda Azərbaycan bu məsələni öz gücü hesabına həll etmək hüququnu özündə saxlayır".
Qeyd edək ki, millət vəkili Rasim Musabəyovun Vyana danışıqlarından əvvəl verdiyi proqnozların mütləq əksəriyyəti özünü doğrultmuşdu.
"Milli Yol"
Digər xəbərlər
loading...