Azərbaycanda 2016-cı ildə özünü müflis elan edərək bağlanan "KredoBank” ASC-nin sədri, əmanət və maliyyə fırıldağı ilə bağlı qalmaqal yaşayan Müşfiq Vəkilovun qardaşı Kamran Vəkilov ilə birgə Almaniyada yeni şirkətlər qurduqları və özünün isə otellər satın aldığı üzə çıxıb.
"Report"un Avropa bürosunun əldə etdiyi məlumata görə, Vəkilov qardaşları Türkiyədə olduğu kimi Almaniya və Avstriyada da turizm və otel biznesinə girişiblər. Lakin yenə də maliyyə fırıldaqçılığı iddiası ilə qalmaqal yaşayırlar.
Belə ki, Vəkilovların “Credo İnvest” və “VEK Tourism” MMC kimi qeydiyyatdan keçən yeni şirkətləri fəaliyyətə başlayıb. M.Vəkilov dəyəri 30 milyon avro civarında Almaniyanın Hannover şəhərində mərkəzi vağzal yaxınlığında "Lavesstraße 77, 30159" ünvanında “Grand Palace” və "Nikolaistr. 12" ünvanında “Yours Hotel City” obyektlərini alıb. Hazırda isə Hannoverdə "Schiffsgraben 29" ünvanında daha bir obyekt inşa etdirir. Vyanada (Avstriya) "Taborstrasse 11" ünvanında özünə məxsus otelini isə artıq satışa çıxarıb. Lakin obyektlərlə bağlı Müşfiq Vəkilovun Almaniyada yerli alman, o cümlədən azərbaycanlı iş adamlarına qarşı maliyyə qalmaqalının olduğu üzə çıxıb. Belə ki, onun yerli iş adamlarını aldatdığı iddia olunur. Onun başqa eyni şirkətlərin adına Türkiyədə də turizm obyektlərinin satın aldığı məlumatı var. Şirkət və obyektlər ilə bağlı fotoları aşağıda təqdim edirik.
Xatırladaq ki, 2016-cı ildə "KredoBank” ASC-nin qalmqallı şəkildə müflis elan edilərək bağlanmasından sonra M. Vəkilovla bağlı mətbuatda maliyyə fırıldağı və FETÖ terror təşkilatına yaxınlığı barədə məlumatlar dolaşırdı.