Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti "Erboss Construction" MMC satınalma müqaviləsi imzalayıb.
HİT.Az xəbər verir ki, maliyyə dəyəri 49 619.71 AZN təşkil edən müqavilə elektrik avadanlıqların alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə "Erboss Construction" MMC 14 avqust 2020-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Nadir Məmmədhüseyn oğludur.
Açıq mənbələrdə “Erboss Construction” MMC və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Görünür, bu, MMC-nin yeni yaranması ilə əlaqədardır. Ancaq maraqlıdır ki, “Qaçqınkom” yeni yaranan bu 10 manatlıq şirkətə etibar edir.
Ümumiyyətlə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, daha doğrusu, qurumun sədri Rövşən Rzayevin təşkil etdiyi tenderlərin şəffaflığı həmişə şübhə altında olub. Mediada vaxtaşırı bu barədə qeyd edilib. Təkcə ötən il Məcburi Köçkünlərin Sosial İnkişf Fondunun “Bakinşaat Group” MMC ilə bağlıdığı müqaviləni nümunə gətirmək kifayətdir.
Maliyyə dəyəri 3 801 400.68 AZN olan həmin müqavilədə Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 280 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulur.
“Bakinşaat Group” MMC 10 may 2004-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 120 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 110-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Elşad Sabir oğludur.
Elşad Məmmədovun adına 2016-cı ildə Vergilər Nazirliyinin yaydığı vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulanların siyahısında rast gəlinir. Bununla bağlı Elşad Məmmədovla nazirlik arasında məhkəmə çəkişməsi də olub. Nazirlik birinci instansiya məhkəməsini udduğuna görə sahibkar Apelyasiya Məhkəməsinə müraciət edib. Açıq mənbələrdə məhkəmənin perspektivi ilə bağlı hər hansı məlumat yoxdur.
Yeri gəlmişkən, həmin vaxt Elşad Məmmədov “Bakinşaat Bərpa” MMC-nin təmsilçisi olub.
Sosial İnkişaf Fondu vaxtaşırı “Bakinşaat Group”a müraciət edib. Təkcə 12 dekabr 2019-cu ildən 13 mart 2020-ci ilə qədər Fondla şirkət arasında ümumi maliyyə dəyəri 11 milyon civarında olan Abşeron və Qaradağ rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində doqquzmərtəbəli binaların və uşaq bağçasının tikintisini nəzərdə tutan 3 müqavilə imzalanıb. Az sonra, yəni 8 may 2020-ci il tarixdə Fondla MMC arasında dəyəri 4 milyon AZN-ə yaxın olan növbəti müqavilənin imzalanması tenderin şəffaflığına şübhələri artırır.
Məlumat üçün qeyd edək ki, Fondun Müşahidə Şurasının sədri də Rövşən Rzayevdir.