Azərbaycanda qanunsuz ov edən, nadir quşları və heyvanları ovlayan ərəb turistlərin ölkəmizə səfərini Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin rəis müavini Səid Məhərrəmov təşkil edib.
Bu haqda məlumatı “Hürriyyət” qəzeti yayıb. Qəzet bildirir ki, ərəblər S.Məhərrəmovun şəxsi qonağı olmayıb, sadəcə FHN əməkdaşı bu səfərin təşkili üçün onlardan külli miqdarda pul alıb.
“Əlbəttə, ərəblərin bu səfəri ilə bağlı fövqəlada hallar naziri Kəmaləddin Heydərovun da öncədən məlumatı olub. Lakin nazir FHN əməkdaşının bu iş üçün ərəblərdən böyük məbləğdə pul almasından, ümumiyyətlə bu səfərin kimlərinsə maddi maraqlarının təmin edilməsi üçün həyata keçirilməsindən xəbərsiz olub. Üstəlik, o da güman olunur ki, Səid Məhərrəmov ərəblərin ölkəmizə səfəri zamanı Kəmaləddin Heydərovun xəbəri olmadan, bəzi məsələlərdə onun adından da sui-istifadə hallarına yol verib” – deyə xəbərdə bildirilir.
Qəzet ərəblərdən alınan pulun təxmini məbləğini də yazıb: “FHN əməkdaşı ərəblərin səfərini təşkil etmək, daha dəqiq desək, qanunlarımızın ayaqlar altına atılmasının, Azərbaycan xalqının qürurunun tapdalanmasının qarşılığında onlardan nə qədər pul alıb?! Əlbəttə, biz də bu haqda mənbəyə sual ünvanladıq. İlk olaraq cavabı bu oldu ki, “az deyil, külli miqdarda vəsaitdən söhbət gedir”. “Məsələn, 50 min dollardan azdır, ya çox”, – deyə təkrar sual etdikdə isə, mənbə Səid Məhərrəmovun ərəblərdən aldığı vəsaitin daha yüksək olduğunu vurğuladı”.
Xəbərdə qeyd edilir ki, FHN əməkdaşının Azərbaycana səfərlərini təşkil etdiyi ərəblər Birləşmiş Ərəb Əmirliklərindən gəliblər. Onlar Kəmaləddin Heydərovun şəxsi qonaqları olmayıb. Sadəcə, Səid Məhərrəmov ərəblərdən aldığı vəsaitin qarşılığında, yaxın əlaqələri vasitəsilə (Güman olunur ki, Kəmaləddin Heydərovun da adından sui-istifadə olunub – müəl.) aidiyyatı qurumların rəhbərliyinə zəng vurduraraq, ərəblərin Azərbaycanda maneəsiz ov etmələrinə razılıq almağa nail olub. Əlbəttə, ov mövsümü bitdiyindən, nazirlik bu məsələyə isti yanaşmayıb. Lakin tapşırıq “yuxarı”dan gəldiyindən, onlar da ərəblərin qanunsuz ov etmələrinə göz yummağa məcbur olublar.
Ərəb turistlərin Azərbaycanda istirahət etmələri və ova çıxmaları üçün bütün zəruri tədbirləri də məhz Səid Məhərrəmov şəxsən həyata keçirib. Məsələn, onlar üçün qalmağa yer, ərzaq təminatı, xüsusi avtomobillər, ov üçün silahlar, çadır və s. Əlbəttə, bütün bunlar FHN-nin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin səlahiyyəti çərçivəsində olmadığından, Səid Məhərrəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi şübhəsizdir.