2021-ci ilin ilk günlərində istehlak bazarında bahalaşma müşahidə olunur.
HİT.Az xəbər verir ki, əhəmiyyətli qiymət sıçrayışı əsasən ərzaq məhsullarında özünü göstərir. Ötən illə müqayisədə bu il ərazaq məhsullarının qiyməti nəzərəçarpacaq dərəcədə bahalaşıb.
Bahalaşma prosesi hələ də davam edir. Hər gün ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Bu artım kiçik rəqəmlərlə ölçülsə də, prosesin davam etməsi inflyasiyanın daha da dərinləşəcəyinə gətirib çıxara bilər.
Ekspertlər hesab edir ki, əslində, bahalaşma süni şəkildə yaradılır. “İndiki şərtlər daxilində təbii bahalaşma mümkün deyil. Ümumiyyətlə, Azərbaycan təcrübəsi göstərir ki, bahalaşma əsasən inhisarçılıq amilləri, oliqarx məmurların iqtisadi maraqları ilə əlaqədardır. Yəni süni şəkildə qiymətləri artırıblar”, - deyə bildirilir.
Onların sözlərinə görə, ərzaq məhsullarının qiymətinin artması da monopoliya və idxal mafiyasının ərzaq bazarında əhəmiyyətli paya sahib olmasından irəli gəlir.
“Aydındır ki, Azərbaycanda ərzaq məhsullarının çoxu ölkəyə idxal olunur. Bu işin başında dayananlar isə güclü himayədarları vasitəsilə bazara diktə edir, qiymətləri öz istədikləri kimi tənzimləyirlər.
Yerli istehsalın da qiymətində artım olunmasına gəlincə, burada diqqəti “Azərsun Holdinq”ə yönəltmək lazımdır. Bu şirkət ərzaq məhsullarının yerli istehsalçısı hesab edilir və bazarda rəqibsizdir. Bu isə artıq inhisarçılığın təzahürüdür. Müşahidələr göstərir ki, “Azərsun”un məhsullarının qiymətində ciddi artım var. Elə məhsul var ki, qiyməti 20-30 faiz bahalaşıb”, - ekspertlər vurğulayır.
Mütəxəssislər hesab edir ki, əslində, hazırkı bahalaşma prosesi sabotajdır: “Bunun başında isə inhisarçılar, o cümlədən “Azərsun Holdinq” dayanır. Faktiki olaraq, indiki həssas dönəmdə dövlət qiymət artımı ilə sabotaj olunur. Bunu başqa cür adlandırmaq mümkün deyil”.