Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev həbs edilib.
Buna səbəb BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalaması, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlaması, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olması olub.
Belə olan halda isə Nəsimi RİH-nin də sözügedən qanunsuz əməllərdə iştirakçılığı faktı ortaya çıxır. Maraqlıdır, Bakı Şəhər İcra Hakimiyyəti yerli icra orqanının rəyi olmadan söküntü işləri və ya ərazidə hər hansı əməliyyatlar apara bilərmi?
Hüquqşünas Sahib Məmmədov Sfera.az-a açıqlamasında deyib ki, bu məsələlər Mülki Məcəllə ilə tənzimlənir: "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi var. Elə hallar var ki, tikililər məhkəmə qərarı ilə sökülə bilər. Yerli icra orqanı əgər torpaq zəbt olunubsa, onun üzərində aparılan tikinti tam qanunsuzdursa, məhkəmə qərarı olmadan da söküntü edə bilər. Tutaq ki, günün gündüz vaxtı dövlətə məxsus torpaq sahəsində hansısa tikinti prosesləri gedir, əlbəttə, yerli icra hakimiyyəti buna müdaxilə etməlidir. Ümumiyyətlə bizdə torpaqların dövlət ehtiyacları üçün, yaxud daşınmaz əmlakın dövlət ehtiyacları üçün yerin alınması, özgəninkiləşdirilməsi ilə əlaqəli qanunvericilik mövcuddur, buna əməl olunmur. Bütün məsələləri, söküntü işlərini qanunvericilik çərçivəsində etmək olar”.
Ekspert Nəsimi rayon İcra Hakimiyyətinin məsuliyyətindən də söz açıb: "Bu, yerli icra hakimiyyətləri ilə Bakı Şəhər İcra Hakimiyyəti arasındakı səlahiyyət bölgüsündən asılıdır. Əgər o tikililərin sökülməsinə daha yuxarı orqan sanksiya veribsə, qanuni və ya qanunsuz, bu halda, Nəsimi rayon İcra Hakimiyyəti məsuliyyət daşıya bilməz. Amma yox, özləri edirsə, əlbəttə, məsuliyyət daşıyırlar”.
Sfera.az-ın məlumatına görə, həmçinin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də yerli icra hakimiyyəti başçısının səlahiyyətləri müəyyən edilib.
Əsasnamənin 4-cü müddəasının 11-ci bəndində başçının "Təmir-tikinti, memarlıq və şəhərsalma sahələri”ndəki səlahiyyətləri qeyd olunub. Həmin uyğun bəndləri təqdim edirik:
4.11.7. məhəllədaxili ərazilərdə və meydanlarda mühəndis qurğularının quraşdırılmasına icazə vermək;
4.11.10. tikinti layihələrinin, habelə tikilməkdə olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda, layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq;
4.11.11.4. tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri təsdiq etmək;
4.11.16. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq ərazidə ("İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının əraziləri istisna olmaqla) tarix və mədəniyyət abidələrinin təsdiqlənmiş siyahıdan çıxarılması barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə təklif vermək, subyektlərə tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görülməsinə icazə vermək və belə icazə verildikdən sonra həmin subyektlərə abidələrin qorunması barədə göstərişlər vermək, yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə vermək.
Qeyd edək ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
Baş verənlər isə Nəsimi RİH başçısı Asif Əsgərovun iştirakçılıq dərəcəsindən asılı olaraq sözügedən cinayət işində araşdırmaya cəlb ediləcəyi ehtimalını artırır. Xatırladaq ki, Nəsimi RİH başçısı buna qədər də müxtəlif məsələlərlə bağlı ölkə mətbuatının diqqət mərkəzinə düşüb. Məsələn, Asif Əsgərovun oğlu, 1998-ci il təvəllüdlü İlham Əsgərli "Mc Donald’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzasına görə həbs olunmuş və məsələ böyük səs-küy yaratmışdı.