Tədrisin qismən ənənəvi formada təşkili digər bölgələrdə əvvəlki qaydada qalır. Bu qərar yalnız nəzərdə tutulmuş şəhər və rayonlara aiddir.
MilliYol.Az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, tədrisin təşkili ilə bağlı qərar olduqda Təhsil Nazirliyi onu dərhal öz resursları üzərindən paylaşır və ictimaiyyətə bu barədə məlumat verir:
"Təhsil Nazirliyi pandemiya şəraitində tədrisin təşkili ilə bağlı hansı imkanlar, resurslar varsa, onları təqdim etməyə çalışır. Bununla bağlı müxtəlif həllər təklif edir. Distant tədrisin təşkili ilə təkmilləşdirmələr getdikcə artır. Düşünürəm ki, bizim bu məsələ ilə bağlı builki nəticələrimiz keçən ilkindən xeyli yaxşıdır".
Qeyd edək ki, pandemiya ilə əlaqədar oktyabrdan fevraladək ölkədə ənənəvi tədrisin təşkili dayandırılmışdı. Bu il fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olundu.
Lakin mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi müvəqqəti olaraq, distant (məsafədən) formaya keçirilməsi ilə bağlı qərar verilib.