Yarım ay öncə həbs edilən general-leytenant Rövşən Əkbərovun ətrafında gedən proseslər sabiq müdafiə naziri Səfər Əbiyevi də gündəmə gətirib. Bu, təsadüfi deyil, çünki həbsdəki general-leytenantın ordudakı fəaliyyətinin böyük bir hissəsi 1995-2013-cü illərdə nazir vəzifəsində çalışan Əbiyevin vaxtına düşür. Bu da haqlı olaraq o sualları meydana çıxarıb ki, Əkbərovun cinayətlərinin gizlədilməsində sabiq nazirin də rolu varmı? Əgər belə cinayətlər baş verirdisə, Əbiyev hara baxırdı?
Eyni zamanda keçmiş nazirin dövründə yaşanan digər təxribatların, cinayətlərin hələ də üstünün açılmadığı və indi bunun araşdırılmasına böyük ehtiyac olduğu vurğulanır.
Sabiq naziri həbs, istintaq gözləyirmi? Sıra ona çatacaqmı?
Hərbi ekspert Telman Əbilov hesab edir ki, orduda törədilən təxribatları, xarici orqanlara çalışma hallarını Səfər Əbiyevin vaxtında etmək istəyirdilər: "Amma Allah tərəfindən danışaq, o, bu hallara bacardıqca mane olurdu. Onu zamanında məndən çox tənqid edən olmayıb. Rövşən Əkbərovu zamanında Səfər Əbiyev dəfələrlə cəzalandırmağa çalışıb. Hətta bir dəfə cəzalandıra bildi. Şəmkirdə korpus komandiri Çingiz Şəfiyev var idi, onun haqqında çox yazdıq, səviyyəsizin biri idi. Əsgər ölümlərinə görə onu işdən çıxardılar, general rütbəsini də ondan aldılar. Ondan sonra Səfər Əbiyev Rövşəni Bakı qarnizonundan çıxararaq ora göndərdi. Amma Rövşən hansısa yollarla təzədən öz yerinə qayıtdı. Demək, Əbiyevdən yuxarıda dayanan kanallarından istifadə edə bildi. Burada digər amil isə Nəcməddin Sadıkov amili idi. Düzdür, Səfər Əbiyevin vaxtında rüşvətxorluq, korrupsiya halları kifayət qədər var idi. Amma onun neqativləri Nəcməddin qədər deyildi. Bunu etiraf edək. O vaxt orduda korrupsiya əməllərinə ən çox Nəcməddin və onun dəstəsi yol verirdi.
Bunu Əbiyevdən gizlin edirdi. Açığı, ondan bir az qorxub, çoxunu etmirdi. Pullu əsgərləri rüşvət müqabilində cəbhə bölgəsinə göndərmirdi, arxada saxlayırdı. Dəfələrlə oldu ki, Nəcməddin Sadıkovun arxa cəbhədə saxladığı əsgərlər Əbiyevin qərarı ilə ön xəttə göndərildi. Onun vaxtında Sadıkov ”beşinci təkər"ə dönmüşdü. Sözü də çox keçmirdi. Doğrudur, öz əlaltıları vasitəsilə işlərini görürdü. İndi həbs edilən Rövşən Əkbərov, tutulması gözlənilən Xəqani Cəbrayılov Nəcməddinin dəstəsinə daxil idilər. Əbiyev keçmiş baş qərargah rəisinin adamlarını vururdu. "Tərtər işi”ndə də Nəcməddinin birbaşa əli var. Öz bacısı oğlu Ramiz Əsgərov vasitəsilə çox əməllər törədib. O şəxs ordumuza qarşı genosid həyata keçirib. Amma deyə bilmərəm ki, Səfər Əbiyevin vaxtında hər şey qaydasında idi. Araşdırılmasına ehtiyac olan təxribatlar, cinayətlər törədilib. Sizin qəzetdə bu barədə zamanında açıqlamalarım gedib. Beyləqan tərəfdə Yaşar Aydəmirov var idi, korpus komandiri işləyirdi. Onun hüquqi işlər üzrə köməkçisi işləyirdim. Ölüm hallarını xeyli azaltdıq.
90-cı illərin sonunda ölüm halları orduda çoxalmışdı. Biz onu 2000-ci illərin əvvəllərində olduğumuz yerdə xeyli azaltmışdıq. Yaşar Aydəmirov həqiqətən rüşvətxor deyildi. Bu vəziyyət yuxarıdakıları qane etmirdi. Onlar istəyirdi ki, Aydəmirov kimi adam olmasın, istədiklərini rahat həyata keçirsinlər, pul çox qazansınlar. Ölüm hallarının orduda çox olmasını istəyirdilər. Çünki belə olanda valideynlər övladlarını orduya göndərməmək üçün rüşvət təklif edirdilər, yaxud da arxa cəbhədə saxlamaq üçün pul təklif edirdilər. Nəticədə 2001-ci ildə Aydəmirovu vəzifədən kənarlaşdırdılar. Yəni o vaxt bütün bunları Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunanlar edirdi. O vaxt Mahmud Həmzəyevi korpus komandiri qoydular. Onun vaxtında orduda ölüm halları bir neçə qat artdı. Bəlkə də onun günahı ucbatından 150-200 əsgər həmin korpusda öldü. Bunların araşdırılmasına ehtiyac var. O vaxt Səfər Əbiyevə dəfələrlə yazdım ki, Həmzəyev burada hansı işlərlə məşğuldur, əsgərlər qırılır. Orada donuz, mal ferması saxlayırdı. Təsəvvür edin ki, erməni pozisiyasında traktor, kombayn görürdü, əmr verirdi ki, ordu irəli getsin, həmin traktoru, kombaynı gətirsin, dəfələrlə bu səbəbdən çoxlu itkilər verdik. 2003-cü ildə Şükürbəyli, Horadiz istiqamətində bütöv batalyon qırıldı. Əsgərləri ot biçməyə aparırdı, müxtəlif işlərə cəlb edirdi".
Hərbi ekspert araşdırılmasına ehtiyac olan məsələlərin kifayət qədər çox olduğunu qeyd etdi: "Bütün bunlar təbii ki, Səfər Əbiyevin nazir olduğu illərə təsadüf edir və mütləq araşdırılmalıdır. Əbiyevlə bağlı bu və ya digər formada bu hallar baş verib. Sadəcə, onun gedişindən sonra baş verənləri onunla əlaqələndirməyi doğru saymıram. Orduda olan özbaşınalıqlarla bağlı zamanında çox mübarizə aparmışam, aclıq aksiyası belə keçirmişəm. Hətta mənə cinayət işi belə açılmışdı. Bu hadisələr də Əbiyevin vaxtında baş verib. O vaxt Bahar Muradova deputat idi, onun yanına getdim və dedim ki, Həmzəyev Füzulini dağıdır. Sonradan bilirsiniz nə öyrəndim? Öyrəndim ki, Mahmud Həmzəyevin komandir təyin olunmasında Səfər Əbiyevin rolu olmayıb, onu korpus komandiri Ramiz Mehdiyev təyin edib. Yazdıqlarımız məhz ona görə boşa gedirdi. Qazaxdan Arif Rəhimzadə var idi, deputat idi. Dedilər ki, külli miqdarda pulu Həmzəyev ona verib və o da Ramiz Mehdiyevə çatdırıb, nəticədə korpus komandiri təyin olunub. Həmzəyev də verdiyi pulu yığmaq üçün daha nələr etmədi. Orduya ictimai nəzarət olmalıdır”.
Mənbə: Musavat.com