Bakıda koronavirus əleyhinə vaksinasiya zamanı qayda-qanun olmaması ilə bağlı vətəndaşlardan şikayətlər daxil olmağa davam edir.
Jurnalist Nailə Balayevanın Turan-a verdiyi məlumata görə, o, martın 24-də həyat yoldaşı, tarixçi Aydın Balayevlə birlikdə Çində istehsal edilən Sinovak (Koronavak) vaksininin birinci dozasını vurdurmaq üçün Bakıdakı 16 saylı poliklinikaya gəlib. Onlar Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı təlimatına əsasən, əvvəlcədən randevu.its.gov.az saytında elektron növbədə qeydiyyatdan keçiblər, saat 10.00-11.00 radələrində poliklinikada olmalı olduqları barədə mesaj alıblar.
Amma tibbi müəssisəsində onlar izdihamla qarşılaşıblar. Qapının ağzında dayanan əməkdaş Balayevlərə üzərində 48 və 49 rəqəmləri yazılmış əzilmiş, dəfələrlə istifadə edilmiş kartonlar verib. Elektron növbə haqqında suala cavabda deyib ki, o, boş şeydir, real növbə buradadır, elektron sənəd isə nəzərə alınmır. Vaksinasiyaya gələnlərin yaşı yerində yoxlanılmırdı.
Bir saat gözlədikdən sonra Balayevlərin növbəsi çatıb. Onlar kişi üçün vaksini digər otaqda şprisə dolduran tibb bacısı Lyudmila Qaralovanın iş metodunu gördükdə qəzəbləniblər. Vətəndaşlar sudan deyil, vaksindən istifadə edildiyindən, məhlulun əvvəlki xəstələr üçün açılmış ampuladan yığılmadığından əmin ola bilməyiblər.
Jurnalist 16 saylı poliklinikanın baş həkimi Sara Cabbarlıya şikayət edib, o isə cavabında deyib: Siz peyvənd olundunuz, tabeliyimdəki insanla necə rəftar edəcəyimə isə mən özüm qərar verəcəyəm.
Balayeva Turan-la söhbətində poliklinikadakı izdihamın səbəbini izah edib: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron sistemində vaksinin 18.00-a qədər vurulması mümkünlüyü bildirilsə də, 16 saylı poliklinikada vaksinasiya saat 10.00-dan 14.00-a qədər həyata keçirilir. Saat 17.00-da gələn vətəndaşlar növbəti gün vaksinasiya üçün qayıtmaq məcburiyyətində qalırlar.
Turan ilk dəfə martın 5-də Xırdalanda 5 nömrəli məktəb binasında vaksinasiya ilə bağlı belə qarışıqlıq haqqında yazmışdı. Elektron növbədə qeydiyyatdan keçən iqtisadçı Samir Əliyev həyat yoldaşı ilə birlikdə qapalı məktəb binasında, gözləyənlərin heç də hamısının maska taxmadığı izdiham içərisində canlı növbə tutmaq məcburiyyətində qalıb. Bu şəraitdə vətəndaşlar koronavirusa yoluxa bilərlər, axı növbədə dayananlara peyvənd vurulmayıb və onlar riskli yaş qrupuna daxildirlər.
Turan-da olan məlumata görə, Bakıdakı 7 nömrəli poliklinikada əhalinin vaksinasiyası prosesi qaydalara uyğun, elektron növbə əsasında həyata keçirilir. Bu barədə məlumat verən şəxs növbədə gözləmə, səthi həkim müayinəsi və bilavasitə vaksinasiyadan sonra xəstənin vəziyyətinin 30 dəqiqəlik müşahidəsi də daxil olmaqla, proseduru 40 dəqiqə ərzində keçib.
Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyindən vəziyyəti Turan-a şərh edərkən bildiriblər ki, vaksinasiya yerlərində izdihamı onlayn növbə götürməyən, həmçinin müəyyən edilmiş vaxtdan tez və ya gec gələn vətəndaşlar yaradır.
Əməkdaşlar müəyyən edilmiş vaxta riayət etmədən gələn yaşlı şəxslərə peyvənd vurmaqdan imtina etmirlər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən əlavə ediblər ki, vətəndaşların elektron növbədən istifadə etməsində israr edirlər, özləri onlayn qeydiyyatdan keçə bilməyənlər isə kömək üçün yaşadıqları yer üzrə poliklinikaya müraciət edə bilərlər.