"Hələ SSRİ süquta uğrayana qədər Türkiyə Respublikasının naziri Məsud Yılmaz Azərbaycanın müstəqilliyinin tanınması haqqında rəsmi nota göndərmişdi. O, etnik həmşin idi və erməni dilinin dialekti onun üçün doğma idi...”.
MilliYol.Az xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfuqarov ermənilərin əsrlər boyu apardığı antitürk siyasətini şərh edərkən bildirib. Sabiq XİN başçısının sözlərinə görə, erməni ideoloqlarının Məsud Yılmazla bağlı susmaları onların siyasətinə ziddir:
"…Niyə ermənilər öz təbliğatlarında bu mövzudan heç vaxt istifadə etmədilər? Axı onlar "dünya erməni irsi" mövzusunu yerli mətbuatlarının ən populyar istiqamətinə çevirib və bunu xarici mətbuatda yayırlar... Niyə belə "əlverişli" mövzu haqqında məqsədyönlü şəkildə susurlar? Cavab sadədir - bu mövzu, dünya görüşlərinin əsasını təşkil edən antitürkçülüyü rəhbər tutan hakim "seqakronizm” ideologiyasına ziddir. Bu səbəbdən həmşinin Türkiyə Respublikasının rəhbəri olması, yaxud digər mühüm hökumət vəzifələrini tuta bilməsi faktı ermənilərin dünyagörüşü konsepsiyalarını tamamilə məhv edir...
Üstəlik, ermənilər bu həqiqətləri özlərinin uydurma "soyqırımı” haqqında təbliğat postulatları ilə, yaxud "bir dövlətdə ermənilərlə türklərin birgə yaşayışının mümkünsüzlüyü” barədə Koçaryanın fərziyyəsi ilə necə uzlaşdırmalıdılar? Bu faktlarla əlaqəli erməni taktikaları olduqca sadə şəkildə izah olunur, lakin diplomatik tərzdə "Minsk Qrupunun həmsədr ölkələri" adlandıracağım başqa xarici siyasi elitaların bu kimi faktları görməməzliyə vurması nə deməkdir? Axı, münaqişə tərəflərini "barışdırmağa çalışarkən", onlar barışığa kömək edən bu cür faktları hər cür şəkildə təbliğ etməliydilər. Ancaq hər şey tam əksinədir və onlar Türk siyasi təcrübəsində mövcud olan bu tolerantlıq faktları barəsində susurlar. Niyə? Onların düşmənçilik toxumlarını səpməyə davam etməkdə səbəbləri nədir? Cavab sadədir - onlar münaqişədən bölgəni idarə etmək üçün bir vasitə kimi istifadə edirlər və bu səbəbdən barışığa gətirib çıxaran hər şey ən yaxşı halda onlar tərəfindən sadəcə nəzərə alınmır. Buradan belə bir nəticə hasil olunur - milli maraqlarımızı təmin etmək üçün münaqişədən qurtulmalı və barışığa aparan hər şeyi təbliğ etməliyik”.