Böyük Britaniya Azərbaycan ordusunun 2-ci Qarabağ müharibəsindəki döyüş təcrübəsini də nəzərə alaraq öz ordusunu yenidən qurur, silahlanma konsepsiyasını dəyişir.
"Sky News” telekanalının xəbərinə görə, hökumətin hazırladığı yeni konsepsiya martın 22-də parlamentin müdafiə məsələləri komitəsinə təqdim edilməliydi.
Britaniya ordusunda islahatlar yeni xüsusi təyinatlı qüvvələrin yaradılmasını da nəzərdə tutur. Plana əsasən reyncerlərdən ibarət 4 xüsusi təyinatlı batalyon yaradılacaq, ehtimal edilir ki, onların ilk xidmət yeri Mozambik və Somali olacaq. Reyncerlər xarici hərbçilərə təlim keçmək üçün dünyanın müxtəlif yerlərinə göndəriləcəklər, daha sonra zərurət yaransa təlim keçdikləri bölmələri döyüşlərdə müşaiyət edəcəklər. İlk batalyon gələn ilin əvvəllərində hazır olacaq, onlar Britaniya ordusunun mövcud polklarından seçilən hərbçilərdən təşkil ediləcək və Hempşirdə yerləşəcək.
Reyncerlər Britaniyanın SAS və SBS komandosları kimi məxfi bölmələr olmayacaq, paraşüt polku və kral dəniz piyadaları kimi elit bölmələr kimi fəaliyyət göstərəcək.
Hökumətin hazırladığı konsepsiyada yaxın onillik ərzində silahlı qüvvələrin forma və ölçüləri əks olunur. Gözlənilir ki, nazirlər və ordu komandanları müdafiə sahəsinə əlavə vəsaitlərin ayrılmasını razılaşdıracaqlar, habelə kibernetika, kosmos və rəqəmsal rabitə sahəsinə diqqəti artırmaqla personalın ixtisarını aparacaqlar. Habelə gözlənilir ki, tankların və digər zirehli texnikanın da sayı azaldılacaq, nəticədə müasir texnologiyalara yönəltmək üçün əlavə vəsait əldə ediləcək.
Müdafiə naziri Ben Uolles personalın ixtisarına diqqət yönəltməyib, amma bildirib ki, yeni strategiya maliyyə vəsaitlərinə deyil, təhdidlərə əsaslanır. "Personalın bəzi hallarda artırılması və bəzi hallarda ixtisarı baş verəcək, bu da bizim investisiyaları hara yönəltməyimizdən asılı olacaq”,-o bildirib.
Müdafiə naziri əlavə edib ki, bəzi yeni texnologiyalar müəyyən işlərin yerinə yetirilməsi üçün daha az adamın gərək olduğunu göstərir. Bu sadəcə olaraq sistemin və silah texnologiyalarının təbiətindən irəli gəlir.
Britaniya ordusunun komandirləri silahlı qüvvələrin bütün dünyada daha azsaylı, amma daha yaxşı təlim keçmiş bölmələr vasitəsilə fəaliyyətini təmin etməkdə tam qətiyyətlidirlər. Ordunun Baş qərargah rəisi, general Mark Karlton-Smit Sky News-a bildirib: "Biz ordunun bütün Afrikada, xüsusən də Şərqi Afrikada necə hərəkət etdiyini görürük. Biz görürük ki, ordu Latın Amerikasında daha dayanıqlıdır və hətta Hind-Sakit okean sahillərinə qədər yayılıb”.
Bundan əvvəl Böyük Britaniyanın nüvə arsenalını 40 faizə qədər artırmaq planları açıqlanmışdı. Hərbi sahədəki mənbələr deyiblər ki, bu plan narahatlıq doğursa da ölkənin nüvə qüvvələrinin "etibarlı və aktual” olması üçün başqa seçim yoxdur.
Parlamentin müdafiə məsələləri üzrə komitəsinin sədri Tobias Ellvud isə bildirib ki, hərbi xərclərin yeni təhdidlərə adaptasiya edilməsi adi silahların ixtisarına gətirib çıxara və nəticədə yeni təhdidlər yarada bilər. Çünki yeni təhdidlər yaransa da köhnələr qüvvədən düşməyib. O, ölkənin bütün spektrdə təhdidlərə davam gətirməsi üçün hərbi xərcləri azı 3 faiz artırmağın zəruri olduğunu deyib.
Müdafiə naziri isə deyib ki, Suriya və Azərbaycanda ucuz pilotsuz təyyarələrin tanklar və zirehli transportyorlar kimi bahalı müasir avadanlıqları məhv etməsi təcrübəsi onu qorxudub. Bu da Müdafiə Nazirliyində silahlanma məsələsinə baxışı tam dəyişdirib və onlar yeni texnologiyaların əldə edilməsi naminə riskə getməyə hazırdırlar.
Mənbə: Virtualaz.org