Son günlər millət vəkilləri aldıqları maaşla dolana bilmədiklərini deyirlər.
"Sonxeber.az" saytının deputatlar arasında keçirdiyi sorğuya cavab olaraq Aqil Abbas deyib ki, deputatın maaşı artırılmalıdır. Onun sözlərinə görə, Azərbaycanın millət vəkilləri digər ölkələrə nisbətən az məvacib alır:
"Azərbaycanın millət vəkillərinin aldığı maaş MDB məkanındakı digər respublikalarla müqayisədə xeyli aşağıdır. Hətta Dağıstanın millət vəkilləri belə bizdən çox maaş alır. Digər tərəfdən, bizim maaşımız 2200 manat yox, 1750 manatdır. Nəzərə almaq lazımdır ki, millət vəkilləri tez-tez müxtəlif səfərlərə çıxırlar. Məsələn, mən ayda 3-4 dəfə Ağcabədiyə, Füzuliyə gedirəm. Bütün bunlar isə maliyyə tələb edir. Deputata gərək normal maaş verəsən ki, o da işini görə bilsin".
Deputat Vahid Əhmədov da maaşının azlığından şikayətlənib. O bildirib ki, deputat maaşı 2 min 200 manatdır və hazırkı vəziyyətdə o maaşla dolanmaq çətindir: "Gəlirlərimlə xərcimi həmişə hesablamağı bacaran insanam. Bədxərc insan deyiləm. Çalışıram ki, müəyyən qədər problemlərimi həll edə bilim".
Deputat Fazil Mustafa da deyib ki, deputat maaşı onu qane etmir. Amma hesab edir ki, buna baxmayaraq əhalinin maaşı, orta gəlir səviyyəsi aşağı olduğuna görə bu məsələni gündəmə gətirmək doğru deyil.
F.Mustafanın sözlərinə görə, ölkənin ümumi büdcəsində kifayət qədər dirçəliş, artım olarsa, bu məsələni qaldırmaq olar:
"İnsanın ehtiyaclarını nə qədər təmin eləsən, yenidən o qədər ehtiyacları yaranacaq. Bu, iqtisadiyyatın qaydasıdır. Bu baxımdan bu maaş deputat üçün Azərbaycan şərtlərində bir çox problemlərin həllini gerçəklşdirməyə imkan vermir. Amma buna baxmayaraq, əhalinin maaşı, orta gəlir səviyyəsi aşağı olduğuna görə bu məsələni gündəmə gətirmək doğru deyil. O baxımdan ki, ölkənin ümumi büdcəsində kifayət qədər dirçəliş, artım olarsa, bu məsələni qaldırmaq olar. Əhalinin orta əmək haqqının yüksəlməsi fonunda deputatın, başqa dövlət qurumlarının təminatına baxmaq olar. Çünki bu, bir az ədalətsiz olar. Əhalinin əksər kateqoriyaları- müəllim, həkim daha az maaşı alır. Halbuki, onların bir çox hallarda zəhməti deputatın çalışma zəhmətindən daha üstündür. Bu baxımdan bu gün bunu gündəmə gətirmək doğru deyil. Hansısa bir formada deputat buna qatlanmalıdır. Çünki millət vəkilliyinin ən böyük statusu insanların xidmətində durmaqdır. Xidmətində durmaq üçün də "Quran" oxuyan da insandan pul umur, xeyirli iş görən insan da. Bunu bir qədər güzəştli formada etmək daha xeyirli olar. Bu məsələnin üzərinə ona görə bilərəkdən gəlmirəm ki, nə qədər yetərli olmasa da, indiki Azərbaycan şərtlərində bununla kifayətlənmək lazımdır".
"Hazırda aldığınız deputat maaşı sizi qane edirmi?"- sualımızı isə Fazil Mustafa belə cavablandırıb:
"Xeyr, bu maaş məni qane etmir. Təbii ki, yetərli deyil. Amma az da deyil. Ən azından normal fəaliyyət göstərmək, yaşamaq üçün, mütəvazi həyat tərzi üçün bununla yola vermək olar".
Deputat Aydın Mirzəzadə isə "Qaynarinfo.az" saytına deyib ki, millət vəkillərin maaşı yüksəkdir, artırlmasına ehtiyac yoxdur:
"Millət vəkillərinin maaşı yüksəkdir. Bizim məqsədimiz bu gün əhalinin azgəlirli təbəqəsinin maaşının qaldırılmasıdır. Bu məsələdə prezidentin atdığı addımları dəstəkləyirik. Ötən gün ölkə başçısının sosial mənzillərlə bağlı sərəncamı cəmiyyətin rəyindən xəbər verir. Ümumi götürdükdə, ayrı-ayrı təbəqələrin maaşları, pensiyalar vaxtaşırı qaldırılır. Məhz bu addımlar bizim üçün prioritet məsələdir".
Azərbaycanda millət vəkillərinin maaşı 2013-cü ildə artırılaraq ayda 1950 manatdan 2250 manata çatdırılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...