"İstər Azərbaycanın, istər Ukraynanın Cinayət Məcəlləsində cinayət məsuliyyətinə cəlbetmə müddətləri var. Qanunda nəzərdə tutulan müddət keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Rövşən Əkbərovun ittiham edildiyi cinayət 2001-ci ildə baş verib, qətlin üstündən isə təxminən 20 ilə yaxın vaxt keçib”.
Bunu Modern.az-a açıqlamasında hüquşünas Cavad Cavadov general-leytenant Rövşən Əkbərovun həbsi ətrafında yaranmış qalmaqalla bağlı danışarkən bildirib.
C.Cavadov Ukrayna Cinayət Məcəlləsinin 49-cu maddəsinə əsasən bildirib ki, xüsusilə ağır cinayət törətdikdən 15 il keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb olunmur:
"Bizdə də təqribən eyni halla bağlı eyni vəziyyətdir. Yeganə istisna odur ki, əgər həmin adam təqsirləndirilən şəxs qismində cəlb olunur və istintaq orqanından yayınırsa, barəsində axtarış elan olunmalıdır. Rövşən Əkbərovla bağlı belə bir hal yoxdur. Ona görə hüquqşünas kimi mövqeyim odur ki, indiki halın özü hüquqi cəhətdən əsaslandırılmamış addımdır. Amma bu müddət ərzində onun cinayəti barədə məlumatlı olub, onu məsuliyyətə cəlb etməyən şəxslərlə bağlı tədbir görülməlidir.
Əgər bu aşkar cinayət idisə, hamı bilirdisə ki, qətli o törədib, sübutlar kifayət edirdisə, sual yaranır: Rövşən Əkbərov bu müddətdə niyə məsuliyyətə cəlb olunmayıb? Anlaşılan budur ki, Rövşən Əkbərov vəzifə səlahiyətlərinə görə məsuliyyətdən yayındırılıb. Bunu edənlər də məhkəmə-hüquq sisteminə rəhbərlik edənlər olub”.
Xatırladaq ki, Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət törədilən zaman Azərbaycanın Baş prokuroru Zakir Qaralov (2000-2020-ci illər) olub.
Vəkilin sözlərinə görə, indiki məqamda R.Əkbərova qarşı irəli sürülən ittihamlarla ona heç bir cəza verilə bilməz:
"Hətta bu ittihamlarla Azərbaycanın bugünkü reallıqlarında, məhkəmə hakimiyyətində onun məsuliyyətə cəlb edilməsi sual altındadır. Məhz buna görə istisna etmirəm ki, Rövşən Əkbərova əlavə ittihamlar irəli sürüləcək. Çünki indiki ittihamlarla ona cəza vermək mümkün olmayacaq”.
Əlavə ittihamların Rövşən Əkbərovun korpus komandiri kimi orduda xidmət zamanı yol verdiyi nöqsanlara görə verilməsinə gəlincə, C.Cavadov deyib ki, bu barədə heç nə deyə bilməz:
"İndi əlavə ittihamlar orduyla bağlı olacaq, yoxsa başqa cinayətlərlə, indiki məqamda mənim səsləndirəcəyim fikir yalnız fərziyyə ola bilər”.
Baş Prokurorluğun yaydığı məlumata görə, 1965-ci il təvəllüdlü Rövşən Əkbərovun əməlində 31 may 2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
"15 mart 2021-ci ildə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.
R.Əkbərov 2011-ci ildən orduda birlik komandiri vəzifəsini tutub.
İkinci Qarabağ müharibəsi müddətində onun adı heç bir döyüş əməliyyatında hallanmayıb və sonradan təltif edilənlər sırasında da olmayıb.
General Rövşən Əkbərov müdafiə naziri Zakir Həsənovun əmriylə ötən ay ordu sıralarından ehtiyata buraxılıb.