Əfv Sərəncamının icrasına başlanılıb.
MilliYol.az-ın məlumatına görə, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.
Eyni zamanda azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad olunub.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.
Sərəncam 6 xarici ölkədən 23 şəxsə də şamil olunub.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 22 xarici vətəndaş cəzanın çəkilməmiş hissəsindən azad edilib, 1 xarici ölkə vətəndaşının isə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.