Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum.
Keçdir xəyalımdan öz gözəl yurdum,
Dumanlar başında dastana döndü.
Avtobusumuz Bərdədən Ağdam yoluna dönərkən, beynimdə şəhid Xudayarın aylardan bəri şüurumuzu əsir edən, ovsunlayan o zümzüməsi dolaşırdı. Nədənsə, Xudayarın ruhunun bu torpaqlarda, həm də şad-xürrəm dolaşdığı inancındayam. Artıq azad ruhu Ağdam səmalarında dolaşır…
* Qarabağın ilk şəhidini verdiyi torpaqdır Ağdam. Şirin Mirzəyevin, Allahverdi və Eldar Bağırovların, Fred Asifin, Canpoladın, Yelmarın və onlarla Vətən oğlunun qanı ilə suvarılıb Ağdam. Bəlkə II Qarabağ savaşında sırf Ağdam üçün bir güllə belə atılmadı, ancaq I Qarabağ müharibəsində ən çox şəhid verən yerdir Ağdam. Meydanda dəmir yumruğumuzu göstərib, diplomatiya ilə geri aldığımız əfsanəvi şəhər…
* Bəli, biz o şəhərin mərkəzinə doğru irəliləyirik… Şəhərin mərkəzi deyirəmsə, buranın mərkəz olduğunu sübut etmək hazırda min bir şahid istəyir. Çünki Pənahəli xanın yadigarı, Çayxanasından İmarətinə, təbii ot örtüklü stadionundan Qarabağın iki məşhur məscidindən birinə sahib olan şəhərdən geriyə sadəcə və sadəcə, bir ovuc daş qalıb.
Erməni vandalizmi sadəcə, insanımızı öz dədə-baba torpağından didərgin etməyib, daşımızı, torpağımızı, qapımızı-pəncərəmizi də talan edib. Qəbirlərimizə qədər girib, goreşənlik belə edən düşmənlə savaşmışıq, sən demə… Ruhlar nalə çəkməsin, bəs nə etsin Ağdamda?! Şəhər dediyin qoca bir heçə çevrilib cəmi 28 ilin içində…
Nə Rəşad Məcidin gənclik xatirələrinin bəzəyi olan Nadirin “Dijurnu mağaza”sı, nə Aqil Abbasın tərifləyə-tərifləyə bitirə bilmədiyi Çay Evi, nə Vilayət Quliyevin bəhs etdiyi Köhnə Hamamı, nə də Şakir Ağayevin gözüyumulu getmək istədiyi məhəlləsi, nə də Rey Kərimoğlunun tərifli İmarət stadionu qalıb. Bəlkə bircə Qulu Ağsəsin həyətindəki su quyusu qalıb ki, onun da suyu quruyub… Təkcə, ruhlar şəhəri deyil, 28 ildə suyu da yuxusu kimi ərşə çəkilib Ağdamın…
* Avtobus irəlilədikcə, içimizdə Ağdamı xatirəsində yaşadanlar, şəhərdən çıxarkən, yolunu, məhəlləsini beyninə həkk edənlərin paramparça olduqlarını görürük. Çünki biz 28 il sonra Ağdama qovuşarkən, onlar bu 28 ildə qoruduqları və yenidən qovuşmaq xəyalı ilə yaşadıqları Ağdamı itirdikləri gerçəyi ilə üzləşirlər. Yaddaşlarındakı şəhəri itirdiklərinin fərqinə varırlar avtobus o dolanbaclı, çalaçuxurlu yollarda şütüdükcə…
* Üzümüz Şahbulaqda gülür. Çünki Cümə Məscidindən sonra ən salamat yer buradır. Musanı Fironun sarayında yaşadan Allah Pənahəli xanın bu yadigarını Tiqranın sayəsində qoruyub. Sırf saxta tarix sevdalısı olduqlarından, Qarabağ xanının 1751-52-ci illərdə tikdirdiyi qalanı eramızdan əvvəl doğulub gorbagor olan Tiqranın adına calayıb, buranın “Böyük Ermənistan”ın ərazisi olduğunu “sübut etmək” üçün sökməyiblər.
Cümə Məscidi
Elə Cümə Məscidi də içində heyvan saxlasalar belə, minarələri hərbi məqsədlər üçün lazım olduğundan, Ağdamın qurtulan tək-tük məkanlarındandır. Gerisi isə böyük bir boşluq. Bəlkə Mədain xərabələrini oxuduq, görmədik, ancaq yolboyu şahidi olduğumuz Ağdam xərabələri ürəyimizi dağlayır…
* Bəli, o xarabalıqlar bizi üzdü, darmadağın etdi. Ancaq Şahbulaq qalasının üzərində bayrağımızın dalğalanması bizi sanki yuxudan oyatdı. Xarabalıqlarda ilişib qalan beynimizdə ildırım kimi çaxdı. Xatırladıq ki, cəmi 150 gün öncə bizim bu dağıdılmış, viran qoyulmuş Ağdamı görməyə ümidimiz yox idi. Artıq “Lazım gəlsə” sözünə inamımız qalmamışdı. Ancaq bir nəfər bizim kimi düşünmürdü. O torpaqları geri alacağına, məhz özünün zəfər bayrağını qaldıracağına inamını itirməmişdi və o inancından əsla vaz keçmədi.
Şahbulaq qalası
Ən ümidsiz olduğumuz anda şanlı Azərbaycan Ordusuna “hücum” əmri verdi və möhtəşəm zəfərimizə imza atdı. Tarixdə ilk dəfə, həm də üç yüz il sonra Azərbaycan məhz Ali Baş Komandanın qətiyyətli iradəsi ilə torpaqlarını geri aldı. Bizə xəyalımızın belə təsəvvür etməkdə aciz olduğu gözəl xəbəri verən Ali Baş Komandan üçün Ağdamı yenidən ağ günə çıxarmaq nədir ki…
Ağdamın çöllərində yenə meh əsəcək. Yenə Ağdamdan Şuşaya gedən yolların kənarlarını lalələr bəzəyəcək. Yenə o məşhur Çay Evində mürəbbə ilə çay içib, İmarətdə “Qarabağ”ın oyunlarını izləməyə gedəcəyik. Bəlkə üç ilə, bəlkə beş ilə, ancaq biz yenidən qurulan Ağdamı mütləq görəcəyik.
İşğaldan qurtulmasını övladlarımıza acı miras olaraq buraxmadıqsa, bu şəhərlərin inşasını da özümüz edəcəyik. O Ağdamı, xatirələrdəki Ağdamı yenidən quracağıq. Və övladlarımızın, nəvələrimizin xatirəsində məhz babalarımızın son gördüyü Ağdam olacaq… Yetər ki, özümüzə inanaq, özümüzə dönək, özümüz olaq…
O zaman damımız da, günümüz də AĞ olacaq…