Neftçala Suvarma Sistemləri İdarəsi bu gün ümumi məbləği 1 milyon 539 min 387 manat 43 qəpik olan 7 satınalma müsabiqəsinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, qurumun keçirdiyi tenderlərin ikisini “Sabirabad Dəmir Beton” ASC, birini Neftçala Melioservis İdarəsi, dördünü isə son zamanlar ən çox satınalmanın qalibi olan “Sevinc-96” MMC qazanıb.
Belə ki, məbləği 200993.88 AZN olan B-3 nov kanalının (LRN100PK30-PK-15) əsaslı təmiri işlərinin satın alınması və məbləği 177997.69 AZN olan uzunbabalı növ kanalının (LRN100,PK05+48-PK11+72) əsaslı təmiri işlərinin satın alınmasını “Sabirabad Dəmir Beton” ASC, məbləği 289229.48 AZN olan suvarma kanallarının və çay məcralarının lildən təmizləmə işlərinin satın alınmasını Neftçala Melioservis İdarəsi, məbləği 71000.01 AZN 2 aqreqatlı Xoltəzəkənd nasos stansiyasının (n/st binası, təzyiq qurğusu, giriş-çıxış boru xətti) əsaslı təmiri işlərinin satın alınması, məbləği 234767.22 AZN olan cari və əsaslı təmir işləri üçün tikinti materialları və dəmir məmulatlarinin satın alınması, məbləği 285054.05 AZN olan nasos, mexaniki və elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələri və materialların satın alınması və məbləği 280345.1 AZN olan mexanizmlər və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələri və materialların satın alınmasını “Sevinc-96” MMC udub.
Nizamnamə kapitalı 821 min 108 manat olan “Sabirabad Dəmir Beton” ASC 24.07.2000-ci ildə yaradılıb. ASC-nin hüquqi ünvanı Sabirabad rayonu, Qalağayın kəndidir, qanuni təmsilçisi isə Əli Dostaliyev Ömür oğludur. Açıq mənbələrdəki məlumatlara görə, şirkət indiyə kimi satınalma qalibi olmayıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin struktur vahidlərindən biri olan Neftçala Melioservis İdarəsi 18.07.2002 tarixində yaradılıb. İdarə Salyan Suvarma Sistemləri İadrəsinin 10 mart 2021-ci il tarixində keçirdiyi Kür çayının Muğan ərazisində idarənin balansında olan suvarma kanallarının lildən təmizlənməsi işlərinin satın alınması müsabiqəsinin qalibi olub. Bu tenderin məbləği 85 min 705 manat 17qəpik olub.
31.07.1996 tarixində dövlət qeydiyyatına alınan “Sevinc-96”nin MMC-nin hüquqi ünvanı Şirvan şəhəri, H.Z.Tağıyev, ev 45, m. 1, qanuni təmsilçisi isə Yusuf Camal oğlu Haxiyevdir. 20 manat nizamnamə kapitalına malik şirkət 01.06.2020 tarixindən indiyə kimi 20 satınalma müsabiqəsinin qalibi olub. Bu Satınlamların 17-sini Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin qurumları keçirib.
MMC ötən ilin iyun ayının 1-də Salyan rayon İcra Hakimiyyətindən də abadlaşdırma işləri adı ilə 1 milyon 21 min 928 manat dəyərində tender qazanıb.
Salyan rayon Maliyyə İdarəsi 2020-ci ilin dekabr ayının 9-da "Sevinc-96" MMC ilə 7900 manat dəyərində (tikili və avadanlıqların cari təmiri) satınalma müqaviləsi bağlayıb.
Mediada yayılan məlumatlara görə, "Sevinc 96” MMC faktiki olaraq bölgədə əksər tenderləri qazanan iş adamı Qurban Abbasova məxsusdur. Ötən ilin ortalarına qədər Qurban Abbasovun başqa şirkəti tenderləri qazanırdı. Belə ki, Qurban Abbasovun təsisçisi olduğu "İlkin-N” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bölgədə, o cümlədən də meliorasiya sahəsində əksər tenderlərin qalibi olurdu. Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi başda olmaqla "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Neftçala Suvarma Sistemləri İdarəsi Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC, Saatlı Rayon İcra Hakimiyyəti, Salyan rayon Mərkəzi Xəstəxanası və başqa dövlət qurumları milyonlarla dəyəri olan 148 tenderi” İlkin-N” MMC adlı şirkətə verib.
Məlumatlara görə, Qurban Abbasovun sahibi olduğu illik dövriyyəsi 50 milyon manata yaxın olan "İlkin N”, "XXI-əsr”, "CSM Nix”, ”Sevinc 96”, "Nigar LTD”, "Halal İnşaat” və "A+B OİL Servis” MMC-lər vergidən yayınır.