2013-cü il. Türkiyə polisinin gecə vaxtı İstanbulda reyd keçirərək ölkənin dövlət bankı rəhbərinin evində içinə 4.5 milyon dollar pul yığılmış ayaqqabı qutuları aşkar etdiyi bildirilir. Bir hökumət nazirinin oğlunun yataq otağında isə pulsayan maşın tapılır.
İrana qarşı sanksiyalara rəğmən dövlət vəsaiti hesabına qızılın alınaraq qeyri-qanuni şəkildə İrana ötürülməsi barədə ittihamlar var.
Korrupsiya qalmaqalında ozamankı Baş nazir Recep Tayyip Erdoğan-ın bəzi yaxın adamlarının da adı hallanırdı.
Növbəti aylar ərzində ictimaiyyət müstəntiqlərlə Erdoğan arasında ciddi toqquşmanın şahidi olur. Öz ampluasında olan Erdoğan onları hökuməti devirməyə çalışan «dövlət içində dövlət»in bir hissəsi olmaqda ittiham edir.
Bir ilin içində onlarla prokuror və polis zabiti bu işin təhqiqindən uzaqlaşdırıldı, istintaq dayandırıldı, Erdoğan isə əvvəlkindən qat-qat daha avtoritar liderə çevrildi.
Bu işdə şübhəli bilinən əsas şəxsin Nyu-Yorkda həbsi üç il əvvəlki korrupsiya qalmaqalını yenidən gündəmə gətirib.
Keçən ay Mayamidə həbs edilmiş məşhur işadamı və qızıl taciri Reza Zarrab-ın Türkiyə ilə İran arasında vasitəçi olduğu bildirilir. Zarrab-ın iki başqa iranlı ilə birlikdə Tehranın qızıl və valyuta əldə etməsinə yardım üçün İrana yüz milyonlarla dollar maliyyə vəsaiti ötürdüyü iddia olunur. Bu, İranın dünya maliyyə sistemlərindən təcrid edilməsi məqsədilə tətbiq edilmiş ABŞ sanksiyalarına duruş gətirməsi üçün edilib. Aprelin 28-də Zarrab günahsız olduğunu iddia edib.
2013-cü ildə türk müstəntiqlər həm Türkiyə, həm də İran vətəndaşı olan Zarrab-ın genişmiqyaslı korrupsiya sxeminin mərkəzində durduğunu və Türkiyə rəsmilərinə də ödəmələr etdiyini bildirmişdilər. Sözügedən sxemə görə, Türkiyə İran neftini və qazını qanuni şəkildə lirə müqabilində satın alırdı. Ancaq lirə sonradan Dubayda gizli şəkildə qadağan edilmiş külçələrə, avro və ABŞ dollarına çevrilərək çamadanlarda kuryerlər vasitəsilə Tehrana daşınıb.
İndi söhbət ondan gedir ki, Zarrab-ın həbsi ABŞ hüdudlarından kənara çıxaraq Türkiyədəki araşdırmanı yenidən işə sala və beləliklə Erdoğan üçün ciddi siyasi böhran yarada bilərmi? Biz bunu yalnız üzümüzə gələn həftələrdə biləcəyik. Bu zaman biz həm də indi artıq prezident olan Erdoğan-ın Türkiyənin ədliyyə sistemi və siyasi müxalifətinin roluna necə baxdığını görə biləcəyik.
Bir çox siyasi təhlilçilər düşünürlər ki, Erdoğan-ın müxalifətə get-gedə daha dözümsüz yanaşan və hökumətin qanadlarından onu əzmək üçün istifadə edən liderə çevrilməsi məhz sözügedən qızıl qalmaqalından sonra başlayıb.
«Hurriyet Daily News»un siyasi müxbiri Barçın Yinanç deyir: «O, ədliyyə sistemində və polisdə böyük dəyişikliklər etməklə ona nail oldu ki, istintaqın bütün dosyeləri bağlandı. Elə o vaxtdan da o, «onu devirmək istəyən qüvvələr»lə mübarizəyə başladı».
Xanım Yinanç-ın sözlərinə görə, Erdoğan Türkiyənin ədliyyə və polis sisteminin düşmən şəbəkəsi ilə dolu olduğuna inanır və düşünür ki, bu şəbəkə güc yolu ilə dağıdılmalıdır.
Bu şəbəkəni kimlərin yaratdığı heç vaxt aydın deyilmir, ancaq Erdoğan elə ifadələr seçir ki, türk dinləyicisi onun keçmiş müttəfiqi Fetullah Gülen-in tərəfdarlarını ittiham etdiyini çox yaxşı anlayır.
Gülen-in bəzi təlimləri Erdoğan-ın baxışlarına ziddir. Bunlardan biri Gülen-in yəhudilər və xristianlarla dinlərarası dialoqa dəvət etməsidir. «Onun fərqli düşüncəyə dözümsüzlüyü Gülen hərəkatı təəssübkeşləri ilə məhdudlaşmır. O, hər hansı bir fərqli fikri qəbul etmir. Elə təkcə prezidenti təhqir ittihamı ilə 2000 məhkəmə işinin mövcud olması onu göstərir ki, o, ən kiçik tənqidə belə dözümsüzdür», - deyə Yinanç vurğulayır.
Türkiyənin əsas müxalifət partiyası olan CHP-nin lideri Kemal Kılıçdaroğlu Zarrab həbs olunan zaman istintaqın bu mürəkkəb məsələyə aydınlıq gətirəcəyinə ümid ifadə etmişdi.
«Mən əminəm ki, bu gecə yatağında rahat yata bilməyənlər olacaq. Bütün çirkli camaşırlar asılacaq və biz də bütün həqiqəti öyrənmiş olacağıq», - Kılıçdaroğlu martın 22-də keçirilmiş partiya iclasında demişdi. (azadliq.org)
Digər xəbərlər
loading...