Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə Vatikanda bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsinin icrasına başlanılıb.
MilliYol.Az xəbər verir ki, bununla əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyəti Vatikanda səfərdə olub.
Səfər zamanı Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sədri kardinal Canfranko Ravazi imzalanma mərasimini Vatikanla Azərbaycan arasında münasibətlərdə əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd edilib ki, Heydər Əliyev Fondu və Vatikan arasında mövcud əməkdaşlıq artıq növbəti mərhələyə qədəm qoyur. Əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə nəzər salan kardinal üç mühüm mərhələ barədə məlumat verib və diqqətə çatdırıb ki, ilk mərhələdə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası həyata keçirilib və bərpadan sonra Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ictimaiyyət üçün açılış mərasimi olub. İndi artıq ictimaiyyət möhtəşəm freskaları, restavrasiya olunmuş həmin katakombaları ziyarət edə bilir.
İkinci mərhələ Müqəddəs Sebastian Bazilikasında yaradılmış muzey olub və sarkofaqların restavrasiya edilərək qorunduğu muzeyin təşkilində Fondun prezidenti Mehriban Əliyeva yaxından dəstək göstərib. Hazırkı üçüncü mərhələdə isə məqsəd indiyədək ictimaiyyət üçün qapalı olan Komodilya katakombalarını bərpa edərək ziyarətçilərin istifadəsinə verməkdir.
Kardinal diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu və Vatikan tərəfindən əsası qoyulan bu uğurlu əməkdaşlıq mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, eyni zamanda, dinlərarası dialoqun inkişafına öz töhfəsini verir:
“Əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın xristian mədəni irsinə böyük qayğı ilə yanaşması çox diqqətəlayiq bir məqamdır”.
O, Azərbaycan nümayəndə heyətinin tərkibində ölkədəki bütün dini icmaların nümayəndələrinin də təmsil olunmasını dini müxtəlifliyə verilən yüksək qiymət kimi dəyərləndirib. Yeni əməkdaşlıq razılaşması Roma şəhərindəki katakombalardan birinin ictimaiyyət üçün açılması və bu yolla Roma şəhərinin mədəni zənginliyinə daha bir incinin əlavə olunması ilə nəticələnəcək. 2025-ci ildə Roma şəhərində Roma katolik kilsəsi üçün xüsusi əhəmiyyət daşıyan və hər 25 ildən bir qeyd edilən “Müqəddəs il” yubiley tədbirləri keçiriləcək və “əbədi şəhər”ə dünyanın hər tərəfindən turist və zəvvarlar axışacaq. Bu isə bərpadan sonra açılacaq Komodilya katakombalarına çox sayda ziyarətçinin gəlməsinə imkan verəcək:
“Ona görə də biz Heydər Əliyev Fonduna dərin təşəkkürümüzü bildiririk və onu öz mədəni icmamızın tərkibində görürük, çünki Fond da bizim kimi həm mədəni, həm də dinlərarası dialoqun inkişaf məqsədlərini diqqət mərkəzində saxlayır”.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdırıb. O, təxminən bir il bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Vatikana səfər etdiyini, burada görüşlər keçirildiyini qeyd edib. Bildirilib ki, Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tacla əməkdaşlığı sayəsində dünya mədəni irsinin qorunması üzrə layihələrin həyata keçirilməsinə nail olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu uğurlu münasibətləri daim diqqətdə saxladığı qeyd edilib. Görüş zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın məktubu kardinal C.Ravaziyə təqdim edilib.
Məktubda bildirilir ki, birgə səylərimiz Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında ikitərəfli münasibətləri daha da möhkəmləndirir. Bu səylər qlobal səviyyədə daha çox ehtiyac duyulan mədəniyyətlərarası və dinlərarası dialoqa konkret və praktik töhfəmizi əks etdirir.
Qeyd edilir ki, Azərbaycan Heydər Əliyev Fondunun fəaliyyəti ilə ötən illər ərzində mədəni irsin bütün elementlərinin bizim üçün eyni dərəcədə əziz olduğunu nümayiş etdirib. Xristian katakombaları coğrafi, mədəni və dini məhdudiyyətlərə baxmayaraq, dünya irsinin nümunələri hesab edilir və buna görə də həmin abidələr qorunmalı və təbliğ olunmalıdır. Beləliklə, Azərbaycan Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası ilə səmərəli əməkdaşlığını davam etdirməyə hazırdır.
Məktubda bildirilir ki, Komodilla katakombalarının bərpası və mühafizəsi üzrə layihədə iştirak etməyimizə şərait yaradacaq digər bir müqavilənin imzalanması dünya mədəni irsinin qorunmasına möhkəm sadiqliyimizi bir daha təsdiqləyir. İki il ərzində həyata keçiriləcək layihənin tamamlanması bu əhəmiyyətli katakombaların ziyarətçilər üçün açılmasına şərait yaradacaq.
Daha sonra qeyd edilir ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və ətraf yeddi rayonuna otuz ilə yaxın davam edən hərbi təcavüzü və işğalı nəticəsində Azərbaycanın həmin ərazilərdəki misilsiz mədəni irsinə çox böyük ziyan dəyib. Ötən il Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları, nəhayət, işğaldan azad edildikdə həmin ərazilərdəki dəhşətli dağıntıların miqyasını görmək son dərəcə ağrılı idi. Yüzlərlə tarixi abidənin - muzeylərin, incəsənət qalereyalarının, məscidlərin, qəbiristanlıqların yerlə yeksan və talan edilməsi, təhqir olunması ilə bağlı gördüyümüz reallıq gözlədiyimizdən daha pis oldu.
“İndi bizim qarşımızda azad edilmiş bu torpaqların bərpa edilməsi kimi böyük bir vəzifə durur. Əminəm ki, bunun öhdəsindən uğurla gələcəyik. Dağıdılmış şəhər və kəndləri bərpa edəcəyik. Mənşəyindən asılı olmayaraq məhv edilmiş mədəni irsin hamısını bərpa etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çünki bu irs ölkəmizin qürur duyduğumuz mədəni müxtəlifliyini təcəssüm etdirir”, - deyə məktubda bildirilir.
Görüş zamanı Azərbaycan nümayəndə heyəti Vatikanda icra olunan layihələr zamanı beynəlxalq ekspertlərin cəlb olunduğunu qeyd edərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki tarixi-mədəni irsin bərpasında Vatikan mütəxəssislərini yaxından iştiraka, öz fikir və tövsiyələri ilə bu prosesə töhfə verməyə çağırıb.
Müqəddəs Arxeologiya Komissiyasının inspektoru, professor Fabrizio Biskonti Heydər Əliyev Fondu və Vatikan arasında əməkdaşlıq çərçivəsində görülmüş işlərin qısa məcmusu haqqında danışıb və üçüncü mərhələdə görüləcək bərpa işlərinə dair təqdimatla çıxış edib. F.Biskonti qeyd edib ki, ümumi uzunluğu yeddi kilometrə çatan Komodilla katakombalarının tarixi eramızın 4-cü əsrinə gedib çatsa da, onlar 15-ci əsrdə yenidən aşkarlanıb və qazıntı işləri 20-ci əsrdə aparıldı. Qəzalı vəziyyətdə olan katakombaların tavan hissəsinin konservasiyası işlərində Heydər Əliyev Fondunun dəstəyi ilə müasir texnologiyalardan istifadə edilir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli və Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycandakı dini tolerantlıq, multikultural mühit, eləcə də dini icmalar üçün yaradılmış şəraitdən danışıblar.
Nümayəndə heyəti daha sonra Roma şəhərinin səkkizinci rayonu ərazisində yerləşən Komodilla katakombaları ilə tanış olub. Roma şəhərinin səkkizinci rayonunun bələdiyyə sədri Amadeo Çiakkeri bu rayonun ərazisində yerləşən katakombanın tarixi əhəmiyyətini qeyd edib və bildirib ki, insanların sıx hərəkət etdiyi ərazidə yerləşən katakombanın Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası layihəsi sakinlərin sevincinə səbəb olub. Qeyd olunub ki, bərpa işləri bu tarixi abidəyə ictimaiyyət və turistlərin marağını artıracaq, eləcə də bu abidənin gələcək nəsillər üçün qorunub saxlanmasını təmin edəcək.
Müqəddəs arxeologiyası üzrə Pontifik Komissiyasının arxeoloqu Barbara Matsei Komodilla katakombasının olduqca həssas bir hissəsində indiyədək restavrasiya işlərinin aparılmadığını diqqətə çatdıraraq qeyd edib ki, bərpa işləri, eyni zamanda, təsvirlərin yaxından tədqiqi və analizi üçün unikal fürsət yaradacaq. Abidələrin strukturu zərif olduğuna görə bu işlərdə müasir texniki avadanlıq və metodlardan istifadə ediləcək, həmçinin rəsmlərin çəkilmə texnikası, istifadə edilən boya və digər materiallar da diqqət mərkəzində olacaq.
Müqəddəs Arxeologiya Komissiyasının inspektoru, professor Fabrizio Biskonti ekskursiya zamanı Komodilla katakombasının tarixi barədə məlumat verib. Qeyd edilib ki, erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahına çevrilmişdi. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pietroya Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar dini və tarixi əhəmiyyət daşıyır. Eyni zamanda, qeyd edilib ki, ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib və Heydər Əliyev Fondunun göstərdiyi dəstək olmasaydı, katakombanın böyük arxeoloji dəyərə malik bu hissəsi uça bilərdi.
Nümayəndə heyəti, həmçinin Müqəddəs Sebastian katakombasının Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış yeni muzey və restavrasiya edilmiş sarkofaqlarla da tanış olub. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian katakombalarının bərpası işlərinə 2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katakombaların açılışı mərasimində iştirak edib. Hazırda muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə restavrasiya olunmuş 150 sarkofaq və ya onların fraqmentlərindən ibarət eksponatlar nümayiş olunur. Yer altında dörd mərtəbədən ibarət katakombada isə Fondun dəstəyi ilə restavrasiya olunmuş, eramızın 4-cü əsrinə aid sarkofaq və barelyeflər yerləşir. İncildən səhnələrin yer aldığı barelyef erkən xristianlıq dövrü üçün mühüm abidələrdən sayılır.
Eyni zamanda, qeyd edilib ki, Roma şəhərində 60-dan çox katakomba mövcud olmasına baxmayaraq, onlardan cəmi bir neçəsi ictimaiyyət üçün açıqdır. Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan işlər dini və mədəni irsin qorunub saxlanmasında mühüm əhəmiyyət daşıyır.
Sonra nümayəndə heyəti 4-cü əsrdə katakombanın üzərində inşa edilmiş Müqəddəs Sebastian Bazilikası ilə də tanış olub.
Həmçinin restavrasiya işləri 2020-ci ildə başa çatan Müqəddəs Pyotr kilsəsinin bazilikasındakı “Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü” barelyefinə baxış olub.
Beləliklə, Heydər Əliyev Fondu dünya mədəni, tarixi və dini irsinin qorunması, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edən növbəti layihəsinə imza atdı.