Dövlət başçısından Associated Press agentliyinin vitse-prezidentinə sərt cavab: “Siz həmişə dünyanın adından danışmağı xoşlayırsınız”
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.
“Report”un xəbərinə görə, dövlət başçısı deyib: "Dünən biz görüşmüşdük. Dünənki çıxışımda qeyd etdiyim kimi, bu qlobal tədbirə ev sahibliyi etmək böyük şərəfdir. Dünyanın bu qədər çoxlu sayda aparıcı xəbər agentliklərinin nümayəndələrinin Bakıda toplaşması çox əlamətdar haldır. Bu, ölkəmizin təqdimatı üçün yaxşı imkan yaradır. Dünən qeyd etdiyim kimi, müstəqil ölkə kimi Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, zəngin tarixə, ənənələrə, mədəniyyətə malik bir ölkədir. Ümidvaram ki, sizin gəzintilərə çıxaraq Azərbaycanın bir sıra tarixi yerlərini görmək və Azərbaycan haqqında daha çox məlumat əldə etmək imkanınız olacaq. Çünki biz hələ də özümüzü təqdim etmək üçün çox işlər görməliyik. 25 illik dövr bunun üçün kifayət deyil. Bu baxımdan biz dünya miqyasında müxtəlif tədbirlər, o cümlədən mədəniyyət sahəsi, iqtisadi potensialımızın təqdim edilməsi ilə bağlı tədbirlər keçiririk. Lakin təqdimatın ən yaxşı yolu qonaqlara burada ev sahibliyi etməkdir. Xüsusilə, o qonaqları ki onlar gündəlik işlərində beynəlxalq ictimaiyyəti dünyada gedən proseslərlə məlumatlandırırlar. Buna görə, bu baxımdan fikrimcə, Bakıda bu Konqresin keçirilməsi mühüm əhəmiyyət kəsb edir".
"Bizim bugünkü görüşümüzdə dünyanın hər yerindən xəbər agentliklərini təmsil edən insanlar toplaşıb və onların bir qismi Sizə suallar vermək istəyindədir. Mən burada bütün Konqres iştirakçıları adından danışmaq istərdim. Biz Konqresdə Sizin dünənki nitqinizin təəssüratları altındayıq və fikrimcə, hər bir iştirakçı xüsusilə Sizin ingiliscənizə valeh olub. Yəqin, buradakı həmkarlarım üçün də maraqlıdır ki, Sizin ingiliscəniz necə olur ki, bu səviyyədədir. Bu, bir möcüzədir. Buradakı iştirakçıların bir çoxu son üç ildə bir neçə dəfə ölkənizə səfər edib. Biz Bakıdakı inkişaf proseslərini görməkdən çox məmnunuq və Siz dünənki nitqinizdə bu barədə danışdınız. Bizim həmkarlarımızın bir hissəsi Azərbaycanın müxtəlif yerlərində, kiçik kəndlərdə, o cümlədən Qafqaz dağlarında yerləşən, əgər düz tələffüz edirəmsə, Xınalıq kəndində olub. Bizi orada qonaqpərvərliklə qarşıladılar, səhər yeməyi verdilər və bu, bizdə Sizin ölkənizlə bağlı dolğun təəssürat yaratdı", - deyə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal bildirib.
Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn bu mühüm tədbirin təşkilinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlıq edib: "Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər yüksək səviyyədədir. Biz dost ölkələrimiz arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirməliyik".
Görüşdə Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski bildirib: “Cənab Prezident, bildiyimizə görə, ölkənizdə bir neçə jurnalist həbsdə qalmaqdadır. Bizə Əli Həsənov bildirdi ki, onların həbsdə olmaları məhz jurnalistlik fəaliyyətləri ilə bağlı deyil. Onlar xuliqanlıq, vergi pozuntuları və digər bu cür məsələlərlə bağlı həbs olunublar.
Bildiyimizə görə, Xədicə İsmayılova həbs olunduqdan sonra “Azad Avropa” radiostansiyasının bürosunun fəaliyyətinin bərpa edilməsinə icazə verilməyib. Ölkə xaricində bəzi jurnalistlər var ki, təqiblərə məruz qaldıqlarını bildirirlər. Siz dünənki çıxışınızda aydın şəkildə qeyd etdiniz ki, Azərbaycanın dünyada dolğun şəkildə tanınmasını istəyirsiniz. Siz dünyada Azərbaycanla və mətbuat azadlığı ilə bağlı yenidən əminlik yaratmaq üçün atıla bilinəcək bəzi addımlar barədə nə deyə bilərsiniz?”
Prezident İlham Əliyev deyib: “Siz dünya deyəndə kimi nəzərdə tutursunuz? Siz həmişə dünyanın adından danışmağı xoşlayırsınız. Mən 13 illik prezidentlik fəaliyyətim dövründə bunun şahidiyəm. Dünya hər hansı bir ayrılıqda götürülmüş ölkədən böyük məfhumdur. Biz çox zaman belə bir ifadəyə rast gəlirik ki, beynəlxalq birlik hansısa bir məsələdən narahatdır. O zaman müəyyənləşdirmək lazımdır, beynəlxalq birlik dedikdə nə nəzərdə tutulmalıdır? Beynəlxalq birlik BMT-yə üzv olan 200 ölkə deməkdir. Dünən mən öz çıxışımda da qeyd etdim ki, bu ölkələrin üçdə ikisi Azərbaycanı BMT-nin Təhlükəsizlik Şurasına üzvlük məsələsində dəstəkləmişlər. Mən dünənki çıxışımda onu da qeyd etmişdim ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Bu məsələnin mahiyyətinə diqqət yetirmək kifayət edir. Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - “Feysbuk”da və “Tvitter”də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq. Bizim məqsədimiz bütün azadlıqların təmin olunduğu, müasir, inkişaf edən, demokratik cəmiyyət quruluşunu davam etdirməkdən ibarətdir. Bu, bütün digər azadlıqlara da şamil olunur. Məsələn, sərbəst toplaşma hüququ.
Bəzən Azərbaycanı tənqid edirlər ki, bizdə sərbəst toplaşma hüququ yoxdur. Bu, yanlışdır. Bunun üçün bu yay müxalifətin keçirdiyi mitinqlərə nəzər salmaq kifayətdir. Qeyd edim ki, onlar oraya çox adam yığa bilmədilər, onların sayı dünən Heydər Əliyev Mərkəzində keçirilən tədbir iştirakçılarının sayından az idi. Lakin onlar azad şəkildə toplaşmışdılar, heç bir məhdudiyyət yox idi. Bir daha qeyd edirəm ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır. Ölkələrin çoxunda jurnalistlərin cinayət törətməsi halları baş verir və onlar istintaqa cəlb olunurlar. Biz bu məsələdə obyektiv olmalıyıq, məsələlərə obyektivlik mövqeyindən yanaşmalıyıq. Mən də sizə belə bir sual vermək istərdim: Azərbaycanı qeyd etdiyim məsələlərlə bağlı tez-tez tənqid edirlər, bəs siz mənə deyə bilərsinizmi ki, nəyə görə Culian Asanj hələ də Ekvadorun Londondakı səfirliyindədir? Culian Asanj bir neçə il bundan qabaq hansısa qadınla hansısa əlaqələrə görə ekstradisiya və ölüm cəzası təhlükəsi ilə üzləşib. O, iki ildən artıqdır ki, səfirlikdədir və çölə çıxmaqdan qorxur. Bunu necə izah edə bilərsiniz? Jurnalistlə bu cür rəftar etmək demokratikdirmi? Bu rəftara nə ad vermək olar?”
Con Danişevski: “Bilirsiniz, mən bu məsələ ilə bağlı ekspert deyiləm. Mənim fikrimcə, o, İsveçə geri qayıda bilər, orada prokurorlarla təmasda ola bilər və bu məsələlərlə məşğul ola bilər”.
Prezident İlham Əliyev: “Onda o, həbs olunacaq, ekstradisiya ediləcək və yəqin ki, ömürlük həbs cəzası alacaq”.
Con Danişevski: “Mmmmm.... Mən... Mən əmin deyiləm... Bəlkə isveçli həmkarım...”
Prezident İlham Əliyev: “Mən demək istəyirəm ki, bu cür hallar baş verir və bu cür məsələlərə kontekstdə baxılmalıdır. Hansısa ayrı bir ölkə hücumlara hədəf seçilməməlidir. Heç kim mükəmməl deyil və bütün bu məsələlərə reallıq kontekstində baxılmalıdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...