Dövlət satınalmalarında olan problemlərlərdən biri barədə CETA Translations tərcümə mərkəzinin rəhbəri İsmayıl Cəbrayılov məlumat verib.
İsmayıl Cəbrayılov dövlət orqanlarının keçirdiyi satınalmalarda arzuolunmayan şirkətlərin iştirakını əngəlləmək üçün müxtəlif üsullardan istifadə edildiyini bildirib:
"Dövlət orqanının təşkil etdiyi kotirovka sorğusunda iştirakınızın "arzu olunmadığını" hardan bilə-bilərsiniz:
1) Tələb olunan sənədlərin həddən artıq çox olması
2) Tələb olunan sənədlər üçün verilən vaxtın çox məhdud olması
3) Şərtlər toplusunu əldə etmək üçün göndərdiyiniz müraciətə cavabın gecikməsi və nəticədə sənədləri toplamaq üçün vaxtın qalmaması.
4) Təcrübə ilə bağlı çox ciddi tələblər (bu, sizi aldatmasın, məsələn, tərcümə xidmətilə bağlı sorğunun qalibi informatika müəllimi və ya aqrar şirkət ola bilər)”.
Mərkəz direktoru cəmi 40-50 min manatlıq xidmət üçün tələb olunan sənədlərin siyahısını paylaşaraq qeyd edib ki, real tərcümə şirkəti axtaranlar qeydiyyat sənədləri, vergidən arayış kimi vacib sənədlərlə kifayətlənirlər:
"Bizim təcübədə cəmi 5 gün vaxt verilmişdi - lakin COVİD-19 ilə əlaqədar bir çox sənədi əldə etmək mümkün deyildi.
- Kotirovka sorğusunda iştirak etmək üçün müraciət;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- Maliyyə imkanlarının, habelə ödəmə qabiliyyətinin olması barədə məlumat (Balans, gəlir və xərclər haqqında hesabat və s. (izahlı qeydlər əlavə olunmaqla);
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İşçi heyəti haqqında, o cümlədən, müvafiq sahədə peşəkarlığı olan işçi heyəti barədə məlumat və onların peşəkarlığını təsdiq edən sertifikat, diplom və digər təsdiqedici sənədlərin surəti;
- Yazılı tərcümə edildikdən sonra mətnin redaksiyası və yoxlanılması işlərini həyata keçirən redaktorlar barədə məlumat və onların peşəkarlığını təsdiq edən sertifikat, diplom və digər təsdiqedici sənədlərin surəti;
- Satınalma predmeti üzrə təcrübəsi barədə təsdiq edilmiş məlumat;
- Texniki imkanlar barədə məlumat;
- Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması barədə məlumat;
- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;
- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış”.//qaynarinfo.az