Ötən ilin avqust ayında Azərbaycanda yeni bir qurumun – İnvestisiya Holdinqinin əsası qoyuldu. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamda qeyd olunduğu kimi, Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları və iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədilə yaradılan İnvestisiya Holdinqi qısa müddətə xeyli aparıcı dövlət qurumunu öz nəzarətinə götürdü.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru Vüqar Orucla Azərbaycan İnvestisiya Holdiqinin gələcək fəaliyyət perspektivləri, ölkədə həyata keçirilən instusional islahalatlar və digər mövzularla bağlı müzakirə apardıq.
– SOCAR, AZAL, Azərenerji və digər mühüm dövlət qurumları Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə verildi. Sizcə, bu hansı zərurətdən doğur?
– Dövlət şirkətlərinin vahid idarəetmə sisteminə keçidi və Azərbaycan İnvestisiya Holdinqi tərəfindən idarə olunması həmin şirkətlərin fəaliyyətində səmərəliliyin və eyni zamanda şəffaflığın artırılması baxımdan çox vacibdir. Bu şirkətlər dövlət idarəetməsində, dövlət gəlirlərinin formalaşmasında kifayət qədər mühüm rol oynayırlar. Həmin dövlət müəssisələrində idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi imkan verəcək ki, dövlət vəsaitlərinin səmərəli istifadə olunması imkanları genişlənsin. Eyni zamanda həmin müəssisələrin investisiya qoyuluşlarının qiymətləndiriməsi baxımından da bu vacib addımdır. Hesab edirəm ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması idarəetmə sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bilirsiniz ki, indiyə qədər dövlət idarəçilyinin müxəlif qollarında şəffaflıq təmin edilməsinə maneələr yaradılıb və bu da öz növbəsində korrupsiya üçün münbit şərait yaradıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə mövcud vəziyyəti gündəmə gətirirərək, məmurları neqativ hallara son qoymağa çağırıb. Məsələnin kompleks həlli baxımından Azərbaycan İnvestisiya Holdiqinin yaradılması zəruri addımdır.
– Hazırki mərhələdə əsasən böyük dövlət qurumları və müəssisələr Holdinqin tərkibinə verilib. Gələcəkdə digər dövlət müəssisələrinin də fəaliyyətinə qurum nəzarət edə bilərmi?
– Bilirsiniz ki, Azərbaycan İnvestisiya Holdinqi yeni yaranıb. Fəaliyyətə başlamasından 6 aydan bir qədər artıq zaman keçir. Təbii ki, yaxın gələcəkdə Holdinqin fəaliyyətinin genişləndirilməsi qaçılmazdır və bu baş verəcək. Yeni modelə transformasiya ölkədə həyata keçirilən instusional islahatların vacib elementidir və qarşıdakı dövrdə biz bunun daha geniş vüsət almasının şahidi olacağıq. Bir daha qeyd etmək istəyirəm ki, Holdinqin fəaliyyətə başlaması ilə şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin aradan qaldırılması, hesabatlılığın artırılması, idarəetmənin təkmilləşdirilməsi, korporativ idarəetmə modellərinin təşviqi imkanlarının araşdırılması üçün zəmin yaranıb. Qurumdan daxil olan açıqlamalara nəzər yetirsək görərik ki, hansısa müəssisələrin ya bütövlükdə, ya da onun fəaliyyətinin müəyyən bir hissəsinin təchizat zəncirinin özəlləşdirilməsi imkanlarının öyrənilməsi məqsədilə təkliflər hazırlanıb hökumətə təqdim ediləcək. Yaxın gələcəkdə heç şübhəsiz digər dövlət qurumlarının da birgə fəaliyyəti nəzərdən keçiriləcək. Burada haşiyə çıxaraq bir məqamı qeyd etmək istəyirəm ki, İnvestisiya Holdinqinin yaradılması təkcə Holdinqin tərkibinə daxil edilən qurumların yox, digər müəssisələrin da fəaliyyətində şəffaflığa səbəb olacaq. Çünki ortada mütərəqqi iradə var və əksər dövlət qurumları da oxşar fəaliyyət üslubuna transformasiya etməli olacaq. Bunu etməyənlər və ya etmək istəməyənlər isə kənarda qalacaq.
– Son illərin statistikasına nəzər salsaq görərik ki, əksər dövlət qurumları dotasiyalar hesabına fəaliyyət göstərib. Bu sahədə hansı dəyişikliklər gözlənilir?
– Təəssüf ki, faktiki olaraq vəziyyət bu yerə gəlib çatıb. Dövlət başçısının xəbərdarlıqlarına baxmayaraq, məmurların özbaşınalığının və şəxsi mənafelərini milli maraqlardan üstün tutmalarının nəticəsi olaraq, bir çox dövlət qurumlarının uzun müddət səmərəsiz şəkildə idarə olunması və korrupsiyalaşması prosesi baş verib. Onlar büdcədən dotasiyalar alıb, özləri də çox vaxt korrupsiya predmetinə çevrilib. İndiki məqamda fərqli sahələrdə fəaliyyət göstərən böyük dövlət müəssisələrinin yalnız bir “çətir” altında birləşdirilməsi prosesi mürəkkəb məsələdir və uğurlu nəticələr haqqında danışmaq hələ tezdir. Holdinqin fəaliyyəti ilə bağlı müəyyən tənqidi mülahizələrə də rast gəlirik. Bəzi ekspertlər nikbin ehtimallar irəli sürmürlər. Lakin unutmamalıyıq ki, bunun alternativi yoxdur. Əgər biz idarəetmə sistemində şəffaflığa nail olmaq istəyiriksə, bütün bu addımları atmalıyıq. Bu mənada Azərbaycan İnvestisiya Holdinqindən gözləntilər böyükdür. Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib və bildirib ki, məmurlar vəzifəyə xalqa xidmət vasitəsi kimi baxmalıdır, şəxsi maraqları həyata keçirmək vasitəsi kimi yox. Son aylarda bir çox məmurların korrupsiya ittihamı ilə həbs olunması, yüksək rütbəli məmurların vəzifələrindən azad edilməsi, o cümlədən onların fəaliyyətinə nəzarət mexanizminin təşkili bunun bariz nümunəsidir.
– Dövlət qurumları ilə özəl şirkətlərin əməkdaşlığı qənaətbəxş səviyyədə deyil. Bütün məsuliyyəti dövlət qurumlarının üzərinə qoymaq nə dərəcə doğrudur?
– XXI əsrin qızıl standartı – bütün sahələrdə olduğu kimi, idarəetmə sahəsində də Avropa standartlarıdır və biz inkişaf etməkdə olan dövlət olaraq beynəlxalq təcrübəyə istinad etməliyik. Son dövrlər atılan addımlar, həyata keçirilən islahatlar, istər instusional islahatlar olsun, istərsə də iqtisadi və kadr islahatları, birmənalı şəkildə müasir və islahatçı təfəkkürü təmsil edir. Zənnimcə, yaxın gələcəkdə kiçik və orta müəssisələrin də dövlət şirkətləri tərəfindən reallaşan layihələrə cəlb edilməsi mümkün olacaq. Bu da dövlət və özəl müəssisələrin tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək. Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin, eləcə də fəaliyyət dairəsinə daxil olan müəssisələrin siyahısının dəqiqləşdirilməsi və təsdiq olunması bu sektorda həm idarəetmədə, həm səmərəlilikdə, həm də şəffaflıqda yeni bir mərhələnin başlanmasına imkan verəcək. Nəticə etibarilə bu, Azərbaycan iqtisadiyyatında növbəti mərhələdə xüsusi lokomativlərdən biri olacaq.
– Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə verilən dövlət şirkətlərinin yenidən qiymətləndirilməsi gözlənilirmi?
– Nəzərə alanda ki, yeni modelə transformasiyanı labüd edən bir məqam müasir idarəetmə sisteminə keçidi təmin etməkdirsə, digər səbəb mövcüd idarəetməni qeyri-şəffaf və korrupsiyalaşmış idarəetmə elementlərindən təmizləməkdir. Bu mənada istər Azərbaycan İnvestisiya Holdiqinin tərkibinə verilən, istərsə də rəhbərliyin Müşahidə Şurasına həvalə edildiyi qurumların balansında əsas vəsaitlərin yenidən müstəqil qiymətləndirmə şirkətləri tərəfindən qiymətləndirilməsi zəruridir. Beynəlxalq təcrübəyə istinad etsək, bu belə olmalıdır. Yəqin ki, yaxın gələcəkdə bu baş verəcək. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bu gün Azərbaycanda Avropa protokolları ilə çalışan, müasir dəyərləri əxz edən kifayət qədər peşəkar və təcrübəli qiymətləndirmə şirkətləri var və onların da potensialından istifadə olunmalıdır.
Mənbə: Sosium.az