Azərbaycanda bu qədər dələduz həbs edildiyi halda, bu “peşə” niyə çiçəklənir?..
Son zamanlar Azərbaycanda böyük dələduzluq hadisələri ilə bağlı məhkəmə reportajları mətbuatın gündəmindən düşmür. Amma buna baxmayaraq Azərbaycanda iri miqyaslı dələduzluq halları da çiçəklənməkdədir və bu dələduzluqları həyata keçirənlər də heç də sıradan insanlar deyil, arxalı məmurlar, ya da onların övladlarıdır…
Bəs bu qədər dələduz həbs edildiyi halda bu “peşə” niyə çiçəklənir? Səbəbi çoc sadədir. İnsanların etimadından sui-istifadə edərək yüz minləri, milyonları faktiki olaraq oğurlayan dələduzlar sonradan həbs olunsalar da, oğurladıqları pulları geri qaytarmırlar. Əvvala məhkəmə bu dələduzların əmlakına həbs qoymur və qoyanda isə məhkəmə icra orqanları hansısa səbəbdən qərarı icra etmirlər. Çoxu zaman isə dələduzlar “sonlarını bilən qəhrəmanlar” olduqları üçün adlarında əmlak belə saxlamırlar. Nəticədə isə dələduzlar nağd olaraq əldə etdikləri pulların cüzi hissəsi ilə həbsxanada “yağ-bal” içində yaşayırlar. Bir iki ildən sonra isə yenə dələduzluqla əldə etdikləri pulların bir hissəsi ilə azadlıqlarına qovuşurlar və sonda o pullarla özlərinə rahat və kef-damaqlı həyat qururlar.
Bu üzdən də Azərbaycanda dələduzluğun inkişafı təbii prosesdir və bu prosesin sonucunda insanlar milyonlar əldə edirlər.
Bir də işin içində bir iki il həbsxana həyatı yaşayıb işin içindən çıxan dələduzların qurbanları var. Onların ağrı və acıları, saflıqlarına görə səfalət içində yaşadıqları halda onların pulları ilə bir cinayətkarın cah-cəlal içində yaşamasını seyr etmək də var.
Yuxarıda söylədiklərimiz bütün dələduzların qurbanlarının yaşadıqları ağrılı və acılı prosesdir. Onlardan biri isə bizim bu günkü qəhrəmanımızdır.
Namiq Mikayıl oğlu Hüseynov. O, I Qarabağ müharibəsi veteranıdır. Alın təri və min cür əziyyətlə ərsəyə yetirdiyi biznesi, evi-eşiyi öz yaxın dostunun, qohumu və kirvəsinin güdazına gedib.
Yəqin ki, diqqətli oxucularımız Dövlət Sərhəd Xidmətinin zabiti, 2016-cı və 2018-ci illərdə Yalama və Biləsuvarda DSX-nin buraxılış məntəqələrinin rəisi vəzifələrində işləmiş kapitan Tural Abdullayevin dələduzluğa görə həbsini xatırlayırlar. Normalda kapitan olmasına baxmayaraq, Tural Abdullayev çox mühüm və əhəmiyyətli postlarda vəzifə alıb və karyera yüksəlişinə görə DSX-nın o zamankı komandan müavini olan atası Sücəddin Abdullayevə borclu olub. Amma gənc yaşlarında yüksək vəzifələr tutan Tural Abdullayev karyerasını davam etdirmək yolunu deyil, dələduzluq yolunu seçib. Bəlkə də bu seçimində yanılmayıb da… Çünki aşağısı-yuxarısı bir neçə il həbsxana həyatı yaşayacaq və sonra bütün ömrünü dələduzluqla əldə etdiyi pulları xərcləyəcək. Bəlkə də sabah-birigün hörmətli biznesmənə çevriləcək.
Namiq Abdullayev isə onun yeganə qurbanı deyil. Daha 8 nəfər Tural Abdullayevin dələduzluğunun qurbanı olduğuna görə məhkəməyə müraciət edib.
Bütün dələduzların etdiyi kimi, Tural Abdullayev ilk olaraq ətrafındakı insanların inam və etimadını qazanıb. O, atasının DSX-nın keçmiş komandan müavini olması, özünün tutduğu vəzifələrdən istifadə edərək ətrafında olan adamlarda özünə qarşı yüksək müsbət obraz formalaşdıra bilib. Belə gözəl fürsətdən yararlanan Tural Abdullayev yaxın ətrafına inandıra bilib ki, kim onunla biznes əlaqələri qursa, az zaman ərzində “biznesə qoyduqları” pulların bir neçə qatını əldə edəcəklər.
Çox təəccüblü və maraqlısı da budur ki, o öz tələsinə ilk olaraq saldığı insanlardan biri də Qarabağ müharibəsi veteranı, dostu, öz kirvəsi Namiq Mikayıl oğlu Hüseynov olub. Böyük pulları ələ keçirməzdən öncə kapitan Abdullayev kirvəsindən müxtəlif vaxtlarda 3 min, 5 min, 10min manatadək pul alıb və qaytarıb. Bu hadisə bir neçə dəfə təkrarlanıb və kirvəsinin tam etibarını qazanıb. Namiq Hüseynov isə, ailə üzvü hesab etdiyi kirvəsindən bu zaman ərzində heç şübhələnməyib. İncə məqamlardan istifadə edən T.Abdullayev kirvəsinə məxsus kafesini 300 min manta satdığını eşidib. Bundan sonra isə “möhtəşəm” planını işə salıb.
O, Namiq Hüseynova zəng edərək tənbeh edib və deyib ki, əgər kafeni ehtiyaca görə satıbsa, çox nahaq iş görüb. Ona pul lazım idisə, gərək kirvəsinə deyərmiş. Elə bundan sonra qurulmuş planını həyata keçirməyə başlayıb. Hava limanında bilet satışı ilə məşğul olmaq üçün şirkətə şərik olmağı kirvəsinə təklif edib və planı baş tutub.
Namiq Hüseynovdan bu məqsədlə 160.000 ABŞ dolları və 43.000 manat pul alıb. Üstündən bir müddət keçdikdən sonra Namiq Hüseynov təbii olaraq kapitandan işin gedişində hansısa irəliləyiş və şəriklik sənədinin olmamasını deyib. Tural Abdullayev isə sənədlərin yaxın vaxtlarda hazır olacağını bildirərək vaxtı uzadıb. Daha sonra isə o, ümumiyyətlə Namiq Hüseynovla görüşdən imtina edib.
Həmin vaxtlarda tam aldanıldığını başa düşən Namiq Hüseynov dəfələrlə onun rəisi olduğu buraxılış məntəqələrinə gedib, lakin kapitan müxtəlif bəhanələrlə görüşdən yayınıb. Görüşəndə isə, pulları “Dəmir Bank”a qoyduğunu, həmin bankın isə, bağlandığını bildirib.
Məsələnin tam fırıldaq olduğunu bilən Namiq Hüseynovun pulun qaytarılması ilə bağlı kapiatana olan müraciətləri heç bir nəticə verməyib. Məcbur qalıb məsələni Tural Abdullayevin atası, DSX komandanı Elçin Quliyevin sabiq müavini Sücəddin Abdullayevə deyib. Ata oğlunun qətiyyən belə işlərlə məşğul olmadığını deyib və üstəlik kirvə olduqlarını, hətta, oğluna şər atdıqlarını bildirib. Əli hər yerdən üzülən Namiq Hüseynov lazımı instansiyalara müraciət edib. Bundan sonra Bakı hərbi Məhkəməsində kapitan Tural Sücəddin oğlu Abdullayev təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə həbs edilib.
İstintaqın gedişi zaman daha maraqlı faktlar ortaya çıxıb. Belə ki, məlum olub ki, Namiq Hüseynov kapitanın nə birinci, nə sonuncu toruna saldığı şəxsdir. Onun əlavə olaraq biznes şəbəkəsi qurmaq adı ilə 8 nəfərdən müxtəlif zamanlarda bir milyon iki yüz manat pulu dələduzluqla ələ keçirdiyi məlum olub. Zərəçəkən şəxslərin isə hamısı Tural Abdullayevin tanıdığı adamlar olub.
Çox qəribədir ki, pulun qaytarılması ilə bağlı zərərçəkənlərə onun atası və özü müxtəlif dövlət qurumlarında çalışan qohumlarının adı ilə təzyiq etməyə çalışırlar. Namiq Hüseynov bildirir ki, hətta bu tipli təzyiqlər hərbi prokuror Xanlar Vəliyev səviyyəsinə qədər gedib çatıb.
Tural Abdullayev isə dələduzluqla ələ keçirdiyi pullarla xeyli sayda daşınmaz əmlak alıb və sözsüz ki, yaxın qohumlarının adına keçirib. Öz adına heç bir əmlak saxlamayıb.
Komandan müavini olmuş ata oğulunun dələduzluğundan zərərçəkənlərə çox maraqlı cavab verib: “Kimə istəyirsiz müraciət edin. Ən uzağı 150-200 min verib onu azad etdirəcəyik və ya 2-3 il həbsdən sonra onu azad etdirəcəyik”. Maraqlıdır deyilmi?
Məcbur qalan Qarabağ qazisi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən məsələnin obyektiv nəticələnməsi üçün kömək istəyir.
Qeyd edək ki, hazırda Namiq Hüseynov və digər 8 nəfər zərərçəkmiş Tural Abdullayevin həbsini deyil, onlardan aldığı pulları geri qaytarmağı tələb edirlər. Namiq Hüseynov hazırda evsiz qaldığını, kirayədə yaşadığını və pensiya ilə dolandığını deyir. O, ölkə prezidentinə də məhz buna görə müraciət edir və “Tural Abdullayevin həbs olunması mənə lazım deyil, pullarımın geri verilməsini məhkəmə təmin etsin”, deyir.
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsində yaxın günlərdə Namiq Hüseynov və digər 8 nəfər zərərçəkmişin bununla bağlı iddiasına baxılacaq. Amma məhkəmə Tural Abdullayevdən mənimsədiyi pulları alıb sahiblərinə qaytara biləcəkmi?
Bu sualın özü böyük sual altındadır…
Mənbə: PİA.Az