Vəzifə səlahiyyətindən, tutduğu postdan dövlət malını talamaq, mənimsəmək üçün istifadə edən məmurların cəzalandırılması prosesi davam edir. Təqdirəlayiq haldır ki, bu proses yalnız vəzifədə olan deyil, sabiq məmurları da əhatə etməyə başlayıb.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan sonra daha hansı məmurların həbs olunacağı hazırda cəmiyyəti düşündürən əsas məsələlərdən birinə çevrilib. Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, bir müddət əvvəl daha bir sabiq məmurla bağlı istintaq başladılıb. Söhbət Qaçqınların və Məcburi Köçkünləri işləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, Baş nazirin sabiq müavini Əli Həsənovdan gedir. Onun bir müddət öncə dövlətin müvafiq orqanlarına çağırılaraq saatlarla dindirildiyi bildirilir.
Musavat.com-a xəbər verən mənbə bildirib ki, qaçqın və məcburi köçkünlərin mənzillə təminatı, kommunal xidmətlərə görə ödənişləri və sair istiqamətlərdə yol verilən korrupsiya hallarının araşdırılması üçün aylar öncə təhqiqat başlanıb. Təhqiqat və araşdırmalar nəticəsində 2 milyard manata yaxın dövlət vəsaiti və xarici yardımların mənimsənilməsinə dair dəlillər aşkarlanıb. Mənbə bildirir ki, Ə.Həsənov bu dəlillərlə bağlı dindirilməyə cəlb olunub. Onun qısa müddətdə 15 milyon manata yaxın vəsaiti geri qaytardığı, lakin istintaqın dayandırılmadığı qeyd olunur.
Qeyd edək ki, qaçqın və məcburi köçkünlərə ev paylanması, onların kommunal xərclərinin qarşılanması sahəsində ciddi problemlərin olduğuna dair ölkə mətbuatı uzun illər dayanmadan faktlar və materiallar dərc edib. Bu məsələ hətta ölkə Prezidenti səviyyəsində qaldırılıb. Belə ki, ötən ilin mayında Kəlbəcər rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsinə yeni təyin olunmuş Azər Qocayevi qəbul edərkən Prezident İlham Əliyev məcburi köçkünlərin təminatları ilə bağlı ciddi problemlərin aşkarlandığını deyib:
"Əlbəttə ki, sosial ədalət prinsipləri üstünlük təşkil etməlidir. Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya, aparıcı tezis olmalıdır. Çünki ədalətsizlik insanları incidir, ədalətsizlik insanlarda inamı qırır. Ədalətsizlik nəticə etibarilə böyük problemlərə gətirib çıxarır. Ona görə hər bir sahədə ədalət prinsipi bərqərar olmalıdır. Məsələn, bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək. Bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır. Həm Dövlətqaçqınkom və eyni zamanda, yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, – məsələn, bu yaxınlarda mənə məlumat verildi, – bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir”, – dövlət başçısı vurğulayıb.
Göründüyü kimi, mənbəmizin haqqında bəs etdiyi araşdırmanın aparılmasını Prezident ötən ilin mayında anons etmişdi. Maraqlıdır ki, məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahəsinə daxil olan məsələlərlə bağlı araşdırmaların aparıldığını da cəmiyyətə ilk olaraq Prezident açıqlamışdı. O, 2020-ci ildə əlilliyin və pensiyaların təyinatı, sosial dəstəyin göstərilməsi sahəsində ciddi problemlərin, qanunsuzluqların aşkarlandığını, bu istiqamətdə araşdırmaların aparıldığını bir neçə dəfə bəyan etmişdi. Bunun ardınca isə S.Müslümov həbs olundu. Görünür, ötən ilin mayında məcburi köçkünlərin uçotu, mənzil təminatı ilə bağlı açıq korrupsiya hallarının olduğun deyərək, araşdırmalar aparıldığını qeyd edən Prezident konkret fəaliyyətlərə əsaslanırmış.
Ə.Həsənovun hansı həcmdə vəsaitin mənimsənilməsində ittiham edilməsinin mümkünlüyü məsələsinə gəlincə, burada söhbət çox böyük həcmdə vəsaitlərdən gedə bilər. Belə ki, Ə.Həsənovun "Qaçqınkom”a rəhbərlik etdiyi dövrdə köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Daha dəqiqini desək, 1993-2018-ci illər ərzində ümumilikdə 7,1 milyard manat vəsait sərf edilib. Bunun 3,4 milyard manatı dövlət büdcəsinin, 2,3 milyard manat Dövlət Neft Fondunun, 1,4 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaiti olub.
Bu illər ərzində qaçqınlara verilən yardımların, kommunal xidmətlərə görə güzəştlərin çatdırılmasında, yaxud hesablanmasında böyük problemlərin olduğu dəfələrlə qeyd edilib. Bu və digər problemlər Hesablama Palatasının apardığı araşdırma zamanı da üzə çıxmışdı. Araşdırmanın nəticələri 2019-cu ilin yanvarında açıqlanıb.
Palatanın 01.04.2016-01.04.2018-ci il dövründə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair apardığı audit nəticəsində normativ hüquqi aktların, eləcə də normativ-metodiki sənədlərin tələblərinə əməl edilməsi ilə yanaşı bəzi nöqsanlara yol verildiyi, Komitə tərəfindən əvvəlki auditin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin tam görülmədiyi, bəzi nöqsanların və artıqödəmələrin təkrarlandığı müəyyən edilib.
Audit 2016-2017-ci illər və 2018-ci ilin birinci rübü üzrə ümumilikdə 515 030,8 min manat vəsaiti əhatə edib.
Komitə və onun tabeliyində olan qurumların bəzi əməkdaşlarının dövlət qulluğuna qəbul və onlara ödənilən əmək haqqı xərcləri qanunvericiliyin tələbləri nəzərə alınmadan həyata keçirilib, aparat işçilərinin ezamiyyə və nəqliyyat vasitələrinin yanacaq xərclərində artıq ödənişlərə yol verilib.
Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən 01.01.2017-ci il tarixdən məcburi köçkünlərin yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə ödənişlər əvəzinə vahid aylıq müavinət müəyyən edilməsi təsbit edilsə də, müavinət almaq hüququ olmayan şəxslər üzrə də kommunal xidmət haqları ödənilib.
Yemək xərci üçün müavinət alan məcburi köçkünlərin adlı siyahıları ilə əraziləri işğal olunan rayonlar üzrə vəfat etmiş şəxslərin adlı siyahılarının üzləşdirilməsi zamanı müəyyən edilmişdir ki, bir sıra hallarda məcburi köçkünün vəfat etdiyi tarixdən sonra müavinət ödənişləri davam etdirilmiş, nəticədə dövlət büdcəsindən artıq müavinət ödənişinə yol veriib. Həmin vəsait müvafiq qaydada Komitə tərəfindən dövlət büdcəsinə bərpa edilib.
Hesablama Palatası tərəfindən Dövlət Komitəsində həyata keçirilmiş əvvəlki, eləcə də hazırkı nəzarət tədbirləri zamanı müəyyən edilmişdir ki, kommunal xidmətlər üzrə adlı siyahılarda məcburi köçkünlərin ad, soyad və ata adları düzgün göstərilməmiş, eyni şəxslərin adları dəfələrlə təkrarlanıb, vəfat etmiş, hərbi xidmətə çağırılmış, uzun müddət ərzində xarici ölkələrə getmiş və güzəştli kommunal xidmət hüququnu itirmiş məcburi köçkünlərin adları siyahılardan tam çıxarılmayıb. Qanunvericilikdə tələb olunmasına baxmayaraq adlı siyahıların dəqiqləşdirilməsi müntəzəm olaraq həyata keçirilməyib.
Seçmə qaydada 7 ali təhsil müəssisəsi üzrə təhsil haqqından azad olmaq üçün təqdim edilmiş məcburi köçkün vəsiqələri barədə məlumatlar Komitənin müvafiq elektron məlumat bazası ilə üzləşdirilərkən 15 tələbənin ad, soyad və ata adları bazada aşkar edilməmiş, Komitə tərəfindən təsdiq edilmiş müvafiq protokollarda isə həmin tələbələrə verilmiş məcburi köçkünlüyü müəyyən edən vəsiqənin daha əvvəl başqa şəxslərə verildiyi öz əksini tapıb.
Hesablama Palatasının Kollegiyası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və tabeliyində olan qurumlar tərəfindən artıqödəmələrin audit dövründə bərpasının nəzərə alınması və yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması, o cümlədən dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinata uyğun xərclənməsinə və kommunal xidmət haqlarının yalnız qanunvericiliklə şamil edilən kontingent üzrə müvafiq normalar həddində ödənilməsinə ciddi nəzarətin təmin edilməsi, məcburi köçkünlərin adlı siyahılarının dəqiqləşdirilməsi, təkrarlanmaların qarşısının alınması, eləcə də dövlət vəsaiti hesabına kommunal xidmət göstərilən kontingentin dəqiq uçotunun aparılması məqsədi ilə vahid informasiya şəbəkəsinin yaradılması, Komitənin strukturuna daxil olan qurumların işçi və texniki ehtiyatları mövcud olduğu halda fiziki və hüquqi şəxslərlə müqavilələr bağlanılması hallarının aradan qaldırılması və lüzumsuz xərclərə yol verilməsinin qarşısının alınması, dövlət büdcəsindən ayrılan vəsaitlərin məqsədyönlü və qənaətli istifadə edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi, verilmiş məcburi köçkün vəsiqələri barədə faktlar üzrə müəyyən edilmiş hüquq pozuntularının ciddiliyini nəzərə alaraq müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.
Göründüyü kimi, Ə.Həsənovun istintaqa cəlb olunması, hətta həbs edilməsi üçün kifayət qədər hüquqi əsaslar var…
Mənbə: Musavat.com