“Azərenerji” ASC bu gün satınalma müsabiqələrinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, ümumi məbləği 1 milyon 910 min 170 manat olan tenderləri "Novum FMCG”, "Buta SUPPLY” və "İnfinitech" MMC-lər qazanıb.
Məbləği 928349.59 olan avtomobillərin ehtiyyat hissələrinin satın alınması ilə bağlı müsabiqəsində mövcud qanunvericilik kobud şəkildə pozulub. Belə ki, 11.02.2020 tarixində yaradılan "Novum FMCG”nin nizamnamə kapitalı 20 manatdır. Hüququ ünvanı Bakı şəhəri, Səbail rayonu, Zeynalabidin Tağıyev, ev 6, m 47-dir. Qanunu təmsilçisi isə Ziya Əfəndiyev Faiq oğludur. Şirkətin daha satınalmalarda iştirak etməsi ilə bağlı hər hansı bir məlumat yoxdur.
Məbləği 235500.27 manat olan elektrik malların satın alınması müsabiqəsinin qalibi olan "Buta SUPPLY” MMC indiyədək 9 tenderin qalibi olub. 11.02.2019 tarxində yaradılan şirkət 2020-ci ilin martın 3-dən başlayaraq tenderlərdə qalib gəlməyə başlayıb. Bakı şəhəri, Xətai rayonu, Əhmədli 2-ci, ev 20 ünvanında rəsmi qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin qanuni təmsilçisi Əliyev Çingiz Akif oğludur.
Məbləği 746321.09 manat olan müxtəlif növ kompüter avadanlıqları və aksessuarların satın alınması müsabiqəsini qazanan "İnfinitech" MMC davamlı olaraq tenderlərdə qalib olur. 2002-ci ildə yaradılan şirkət indiyə qədər 25 satınalam müqaviləsi bağlayıb. Maraqlıdır ki, şirkətin qalib gəldiyi tenderlərin əksəriyyətinin məbləği yüksək olur. Sonuncu dəfə, yəni 29.01.2021 tarxində "Aztelekom” MMC bu gün istismarda olan Cisco avadanlıqları üçün zəmanət və texniki dəstək xidmətinin satınalınması ilə bağlı "İnfinitech" MMC ilə müqavilə bağlayıb.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır.