Xəqani Cəfərli
İnqilab canlı proses olduğu üçün bütün elementlərə malik olur. Böyük Fransa İnqilabını Marselyezasız (La Marseillaise) təsəvvür etmək mümkün deyil. Böyük Fransa İnqilabını canlı prosesə çevirən Marselyeza olmuşdur.
Rusiyada başlanmış etiraz hərəkatının inqilabi prosesə çevrilmək üzrə olduğunu göstərən məqamlardan biri də özünün marşını yazmaq üzrə olmasıdır. Əlbətdə inqilabın başqa elementləri də olmalıdır. Məsələn, inqilab simvolunun şəkili əks olunmuş köynəklərin populyarlaşması prosesin daha sürətlə böyüməsinə, daha canlı olmasına yardım edə bilər. Ancaq ən önəmli element inqilabın marşıdır.
Bütün Rusiya boyunca 23 və 31 yanvarda keçirilən etiraz aksiyalarında diqqət çəkən ən önəmli məqam insanların həbslərə, polis zorakılığına baxmayaraq "Putinin sarayı. Ən böyük rüşvətin tarixi” filmində repçi TMNV-nin (Roman Tumanov) səsləndirdiyi "Akvadiskoteka” klipinin musiqisi, IC3PEAK və Morqenşternin rep musiqilərinin sədaları altında rəqs edirdilər. Etiraz aksiyalarına fasilə verilsə də, musiqinin yayılması, həbs təhlükəsinə baxmayarq meydanlarda bu musiqinin sədaları altında rəqslərin davam etməsi məhz "Akvadiskoteka”nın Rusiya inqilabının marşı ola biləcəyi qənaətini yaradır.
"Akvadiskoteka” musiqisinin isə demək olar ki, hər gün ən yeni variantları, yeni ifaları meydana çıxır. İstisna deyil ki, hərəkatın gedişində yeni bir mahnı meydana çıxa və inqilabın marşına çevrilə bilər. Ancaq bir məsələ həqiqətdir ki, Rusiyadakı etiraz pop musuqisinin mövzusuna, həm də aparıcı mövzusuna çevrilməkdədir. Repçi Morqenşternin "Mən Navalnın repçisiyəm” klipinin youtebe-da 4 milyondan çox izlənmə sayı da Rusiyada avtoritar rejimə qarşı etirazın pop musuqisinin aparıcı mövzusuna çevrildiyini göstərir.
Hakimiyyətin mövqeyindən çıxış edən repçilərin klipləri isə ciddi baykota məruz qalır. Putinin repçisi kimi tanınan Timatinin (Timur Yunusov) hakimiyyət mənsubları ilə bağlı klipləri bir qayda olaraq youtebe-da izləyicilər tərəfindən 2-3 dəfə artıq dizlayk edilir. Bu məqam da Rusiyada avtoritar rejimə qarşı musiqi qiyamının başladığını təsdiq edir.