Noyabrın 15-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Qafqaz Təbiəti Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatının Moskva şəhərində yerləşən baş qərargahında təşkilatın baş direktoru Renata Şyuşayte ilə görüşüb.
IDEA-dan APA-ya verilən məlumata görə, R. Şyuşayte bildirib ki, “Qafqaz Təbiəti Mərkəzi” MQKT-nin məqsədi Şimali Qafqaz təbiətinin resurslarının qorunmasına, artırılmasına və mühafizəsinə, Şimali Qafqaz Federal Dairəsində ekoloji təşəbbüslərin dəstəklənməsi, Şimali Qafqazın flora və faunasının nadir və yox olma təhlükəsi ilə üzləşən növlərinin qorunması üzrə təbiətin mühafizəsi layihələrinin reallaşdırılmasına yönələn layihələri sistemli olaraq həyata keçirməkdir. Mərkəzin başlıca layihələrindən biri – “Qafqazda Ön Asiya bəbirinin bərpası (reintroduksiya) üzrə proqram” Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2007-ci ildən reallaşdırılır. Proqramın inkişafı məqsədilə Soçi Milli Parkında Qafqazda Bəbirlərin Bərpası Mərkəzi inşa olunub.
Leyla Əliyeva öz növbəsində IDEA-nın Qafqazın nadir heyvan növlərinin mühafizəsi layihələrindən, o cümlədən “Qafqazın Böyük Beşliyi” proqramı barədə danışıb. O, 2016-cı ilin iyun ayında Soçi Milli Parkına səfərini xatırladaraq burada yaradılmış Qafqazda Bəbirlərin Bərpası Mərkəzinin fəaliyyətini müsbət qiymətləndirib. Qeyd olunan mərkəz Qafqazın nadir heyvan növü olan bəbirlərin populyasiyası üzrə bir təsisatdır. Leyla Əliyeva Qafqaz faunasının mühafizəsinin səmərəliliyinin artırılması baxımından IDEA və “Qafqaz Təbiəti Mərkəzi”nin səylərinin birləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə IDEA İctimai Birliyi və “Qafqaz Təbiəti Mərkəzi” MQKT arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən tərəflər arasında Qafqaz bəbirinin mühafizəsi və sayının artırılması sahəsində birgə fəaliyyət istiqamətləri müəyyən olunub. Tərəflər aktual regional ekoloji məsələləri, o cümlədən sərhədyanı ərazilərdə təbiətin qorunması və ictimaiyyətin maarifləndirilməsini, zubrların Qafqaza reintroduksiyası və onların sayının artırılması, Xəzər suitisinin mühafizəsi və Qafqazda eko-turizmin təşviqi sahələrində əməkdaşlıq perspektivlərini, həmçinin Rusiyada yaşayan azərbaycanlı gənclərin “2017 - Ekologiya ili” çərçivəsində həyata keçiriləcək ekoloji layihələrdə iştirakını müzakirə ediblər.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...